Sehrli oğlan

 (nağıl)

     Biri vardı, biri yoxdu, Babil şəhərində Nəmrud adlı zalım bir padşah var idi. Nəmrud şah zalımlığıyla xalqa qan uddururdu. Babil camaatı çox pis yaşayır, kasıblıqdan əziyyət çəkirdilər. 
     Amma bir dəstə adamlar var idi ki, onlar çox firavan dolanırdılar. Bu da şahın yaxınları, onun tərəfdarları idi.      
     Məmləkətdə heç kəsin cürəti çatmazdı ki, şahdan ya gileylənəydi, ya onun əmrlərinə qarşı çıxaydı. Elə həmn saat həmin adam cəzasına çatdırılmalıydı. Ya tonqalda yandırılmalı, ya da dar ağacından asılmalıydı. 
      O dövrdə Babil camaatı bütpərəst idilər. Onlar müxtəlif bütlərə sitayiş edirdilər. Nəmrud xalqın avamlığından istifadə edir, özünü «Allah» adlandıraraq, camaatdan tələb edirdi ki, ona sitayiş etsinlər, səcdə qılsınlar.
     Nəmrudun zalımlıq şöhrəti bütün dünyaya yayılmışdı. Şahın pis və yaramaz əməllərinin sorağı hər yandan gəlirdi. 
    Qəddarlığına və qüdrətinə baxmayaraq şah həmişə qorxu içərisində yaşayır, bir güen taxtı-tacı həmişəlik itirəcəyindbən, başqa birisinin onun isiti, yumşaq, məxmər yerində oturacağı fikrindən xoflanır, qorurdu. Ona görə də Nəmrud şah həmişə münəccimləri başına yığır, onlarla məsləhətləşir, nə deyirlərsə, qabaqcadan nə xəbər verirlərsə, onun beyninə batırdı. 
       Nəmrud şahın əlliyə qədər münəccimi, falabaxanı və rəml atanı var idi. Şah daima münəccimlərinin biliklərini, dediklərini yoxlayar, düz çıxan xəbərə görə onları mükafatlandırar, səhv çıxan xəbərə görə isə onları cəzalandırardı. Ona görə də münəccimlər, falabaxanlar, rəmlatanlar fal açanda çox diqqətli olmağa çalışırdılar. 
    Münəccimlərə, falabaxanlara, rəml atanlara bir münəccim başçılıq edirdi ki, o da baş münəccim. 
    Günlərin bir günü şah baş münəccim ilə birlikdə oturmuşdu. Bu vaxt Günəş batırdı. Şah Günəşin batmasına tamaşa eləyə-eləyə soruşdu: 
    - Ey bilikli münəccim! Münəccimlər münəccimi! Hər şey sənə agahdır. Bu vaxta qədər hələ elə bir falın olmayıb ki, yalan çıxa! Diqqətldə məni eşit gör nə istəyirəm! 
      Münəccim şaha baş əyib dedi: 
   - Ey qüdrətli şah! Bütün biliklərim sənin yolunda qurbandır. Sən bizim Allahımızsan, mən kiçik bir rəiyyətəm, səni dinləmək, dediklərinə əməl etmək mənim üçün şərəfdir. Eşidirəm şahım de istəyini!
      Şah sözünə davam elədi: 
 -   Deyirsən hər şey daima təzələnir, insanlar da, heyvanlar da, ağaclar da... Bax görürsən Günəş də batdı, az sonra Ay çıxacaq, daha sonra Ay da batacaq, sonra hər şey təkrarlanacaq. Bəs mənim necə axırım-axirətim necə olacaq? Bu taxt-tac, nazı nemət nə vaxta qədər mənimlə olacaq? Mən bir qüdrətli Allahamsa, niyə gücüm çatmasın ki, daima şah qalım, ölməz olum? 
    Baş münəccim xeyli fikirləşəndən sonra dedi:
  - Dediklərində həqiqət var şahım, sənin kimi qüdrətli bir şahın ömrü rəiyyət ömrü qədər qısa olmamalıdır. Belə olarsa ədalətsizlik olar. Bu saat rəml ataram, bilmək istədiyinə cavab taparam. 
     Şah baş münəccimi hədələdi: 
    - Bax ha, dediklərində yanılmayasan!
    - Baş üstə şahım!, - deyib baş münəccim işə başladı. O əvvəlcə qarışıq bir dua oxudu. Həmin duanı oxuyub təzəcə çıxmağa hazırlaşan Aya üfürdü. Sonra isə Sehri-münəccim kitabına xeyli baxdı. O vaxta qədər ki, qaranlıq düşdü, ulduzlar göydə göründü. Ondan sonra gözlərini ulduzlu göydən ayırmadan parpar alışıb yanan yeddi sehr ulduzunun yeddisinin hərəsinə ayrı-ayrılıqda bir dua oxuyub üfürdü. 
    Birdən baş münəccimin qaşları çatıldı. Üzü çox qorxulu və vahiməli bir görkəm aldı. Gözləri yaşla doldu. 
      Şah bu yerdə dözə bilməyib soruşdu:
    - Nigaran qaldım, sənin bu dəfəki ulduzlarla söhbətin nə çox çəkdi? Danış, əmr edirəm, danış! 
      Daşdan səs çıxdı, münəccimdən yox. Az bir vaxtdan sonra münəccim şaha işarə elədi ki, danışmasın. 
      Cecə yarıya qədər çəkən ulduz falı tamam olmağa lap az qalmış qəflətən göyün üzü elə tutuldu ki, nə Ay, nə ulduzlar göründü. Bircə balaca, parıltısı çox az görünən bir ulduzdan savay. Həmin ulduz yavaş-yavaş göydən yerə düşməyə başladı. O yerə düşdükcə onun parıltısı artırdı. Münəccim onu tez şaha göstərib dedi: 
   - Bax odur, odur sənin düşmənin. 
   - Kimdir, kimdir mənim düşmənim? Elə gecənin bu qaranlığında mən onu məhv eləməyə hazıram. Bircə sən diqqətlə bax, yerini öyrən! 
   - Qaranlıqjdır, yeri görünmür, şahım! 
   -  Necə yerini görə bilmirsən, məni yaxşı tanıyırsan, onda sənin özünü edam eləyərəm! Bədənin başına ağırlıq gətirmirsə, canından bezar deyilsənsə, düşmənimin kim olduğunu, harda olduğunu de!
   - Şah sağ olsun, əlbət ki yerini bilsəm deyərəm! Rəml qaranlıq göstərir, hər tərəf qaranlığa qərq olunub. Aha... deyəsən nə isə görünür!
    - Nə görünür? Yaxşı bax! 
    - Görünür ki, həmin o parıldayan ulduz yerə düşdü. O körpə bir oğlan uşağıdır. Elə həmin uşaq da sənə düşmən kəsiləcək.  
    - Sən lap hətərən-pətərən danışdın! Yeni doğulan körpə necə mənə düşmən kəsilə bilər? Bilirsən ki, mən nəinki onu, hətta onun nəslini belə yer üzündən kəsə bilərəm. 
    - Şahım, rəml elə beləcə də göstərir. Məhz təzə doğulacaq oğlan uşağı sənə, sənin taxt-tacına düşmən olacaq. Başqa heç kəsin, heç bir qüvvənin sənə gücü çatmayacaq! 
     - Qəzəbləndirmə məni, münəccim, düzünü de! Dediklərin düzdür, yoxsa yalan?
    - Şahım, bu vaxta qədər dediklərim yalan çıxıbsa, onda boynumu vurdur. 
    -  Düz deyirsən, dediklərin həmişə düz çıxıb!
    Şah fikrə getdi. Elə fikrə gedə-gedə oturduğu yerdə onu yuxu tutdu. Münəccim də çox yorulmuşdu deyə, onu da oturduğu yerdə yuxu tutud. Və bir vaxt şahın səsinə yuxudan oyandı. Şah bir az yatandan sonra dəhşətli yuxu görmüş və yuxudan ayılıb qışqırmışdı. Baş münəccim yerindən sıçrayıb şahın lap yaxınlığına gəlib ona baş əyib soruşdu:
    - Var olasan şahım, deyəsən dediklərim yuxuda da sənə ayan olub! 
      Bu vaxt səsə gözətçilər, saray əyanları da gəldilər. 
      Rəngi qorxudan sapsarı olmuş şah səsi titrəyə-titrəyə dedi:
    - Düz deyirsən, dəhşətli bir yuxu görmüşəm! Tez bütün münəccimlər ətrafıma toplansın! Həmin yuxunu ozmaq lazımdır!
      Elə ki, bütün münəccimlər, rəml ataqnlar, fala baxanlar yığıldılar, şah yuxusunu danışmağa başladı:
     - Təzəcə yuxuya getmişdim ki, Aylı bir gecə gördüm. Balaca bir ulduz doğdu və həmin ulduz elə parladı ki, işığı Ayın işığından da güclü oldu. Sonra parlaq, odlu bir günəş doğdu, həmin ulduz göydə Günəşə yaxınlaşdıqca Günəşin işığı ulduzun işığı yanında zəiflədi. Sonra ulduz səmtini elə dəyişdi ki, mənim taxt-tacıma kölgə düşdü. İndi tez bir vaxtda yozun görüm, gördüyüm yuxu nə yuxudur!
     Baş münəccim şaha baş əyib danışmağa başladı:
   - Şah sağ olsun, dediklərim yuxuda sənə də əyan olub. Mənə İnamın azdırsa, qoy ən bilikli münəccimlər bu haqda öz fikirlərini desinlər. 
      Şah bir-bir hamını danışdırdı. Amma münəccimlərin dediyini müqayisə etmək üçün onlara yuxunun yozumunu qulağına danışmağı əmr etdi. Miünəccimlər elə də etdilər. Hər kəs öz yozmasını şahın qulağına danışdı. Ən əvvəl şah ən bilikli münəccimləri danışdırdı. Elə ki onların altısı da eyni fikir söylədilər, şah daha münəccimlərə qulaq asmayıb öz fərmanını verdi. 
     Münəccimlər yuxunu belə yozdular: « Tezliklə bir oğlan uşağı dünyaya gələcək və həmin uşaq da Nəmrud şahın səltənət və hakimiyyətinə son qoyacaq!». 
        Səhər açılmamış şah münəccimlərlə və müşavirlərlə məsləhətləşəndən sonra faciəli bir fərman verdi: «Bu gündən etibarən Babil məmələkətində oğlan uşağı doğulmayacaq əv doğulan da «Nəmrud Allah»a qurban veriləcək!  
     Doğulan oğlan uşaqları dərhal edam edilməlidir. Hamilə qadınlar saray mamaçaları tərəfindən ciddi qeydiyyatda olmalıdırlar. Doğmağa hazırlaşan bütün hamilə qadınlar yalnız saray mamaçalarının iştirakı olmadan azad olarlarsa, cazalandırılacaqlar. Nəzarətdən gizlin oğlan uşağı doğmuş və onu gizləmiş qadınların uşağı hamının gözü qarşısında diri-diri yandırılmalı, onun nəsli kəsilməlidir. Fərmanın icrasına səhlənkar yanaşanların gözləri oyulmalı və şəhər meydanından asılmalıdır». 
     Fərman əhali arasında yayılanda el-oba yasa batdı. Amma heç kəs qorxusundan fərmanın dəhşətli olduğunu dilinə də gətirmədi. 
     O gündən Babil şəhərində qan su yerinə axmağa başladı. Körpə oğlan uşaqlarının edamına başlandı. Anaların ah-naləsi, ataların vay səsi göyləri bürüdü. Səsi çıxanın dili kəsildi, gözü dolanın gözü oyuldu. Həmişə oğlu olmağına sevinən qadınlar indi Allaha yalvardılar ki, oğulları olmasın. Oğlan doğanın körpəsi gözünün qarşısında boğuldu. Analar qorxudan gizli ağladılar. Analar qorxudan gizli yandılar. Açıqda isə dedilər: 
   - Oğlumu Nəmrud Allaha qurban verirəm! 
   «Nəmrud Allah»ın qurbanları get-gedə artırdı. Nəmrud şahın əmri ilə artıq yüz minə qədər körpə oğlan uşağı məhv edilmişdi.  
    Uşaqlar məhv edildikcə Nəmrud şah özündə bir yüngüllük hiss eləsə də tam rahatlaşa bilmir, bir neçə gündən sonra yenə də ürəyi narahatlıqdan, nigarançılıqdan çırpınır, şübhələr içərisində qovrulurdu. Ona elə gəlirdi ki, elə bu an, gizlicə bir körpə doğulur və bu körpənin həyata gəlişindən heç bir məmurun xəbəri yoxdur. Və həmin uşaq böyüyəcək, şahın yerində, məxmər taxtda oturacaq. Belə-belə fikirlər şaha rahatlıq vermirdi. Bir neçə gün cəllad körpə oğlan öldürmürdüsə, onun özü cəzalandırılırdı. 
     Nəmrud şah qana susadığı bir zamanda, qan su yerinə axdığı bir dövranda, cəlladlar təzə qurbanlar axtardığı bir anda, sizə kimdən söhbət açım, kimdən danışım, bir-birini sevən iki cavandan. Onlar təzəcə evlənmişdilər. Oğlanın adı Taruh, qızın adı isə Nuna idi. Çoxdan bəri bir-birlərini sevən iki cavan axır ki, bir yerdə, bir ailədəydi. Can deyib can eşidirdilər bu cavanlar. Bir-birlərinə qovuşduqlarına görə çox şad idilər. Günlərin bir günü Tarux eşitdi ki, arvadı hamilədir. O qədər sevindi, o qədər sevindi ki...      
      Amma sevgili ər-arvadın sevinclərinin ömrü uzun olmadı. Nəmrud şahın təzə doğulan oğlan uşaqlarını öldürməsi xəbəri onları sarsıtdı. Dövrünün, məmləkətinin, şahın dəhşətli qərarlarına dözə bilməyən Tarux ağır, sağalmaz dərdə düçar oldu. Uzun müddət yataqda yatsa da dərdinə çarətapılmadı. Sevimli ərinin qayğısını nə qədər çəksə də Nuna onu sağalda bilmədi. Tarux təzə doğulacaq körpəsinin anadan olmasını gözləyə bilməyib dünyasını dəyişdi. Hamilə Nuna ürəyinin parasını kəsib torpağa tapşırdı. Bu dərd bir yana qalsın, Gəlin bilmirdi ki, günü-gündən böyüyən qarnını necə və harada gizləsin ki, hamilə olduğunu kimsə bilməsin. Düşünürdü: «Ya qismət, nə bilmək olar, bəlkə elə Taruxun yadigarı oğlan olacaq? Niyə cəllad şahın məmurları mənim hamilə olduğumu blməlidirlər?! Mən mütləq balamı cəlladlardan qorumalıyam». 
     Belə düşüncələrlə gəlin azuqəsini də götürüb gecə ikən yola düzəldi. Az getdi, çox getdi, dərə-təpə düz getdi, səhərə qədər yol getdi, axır ki, gəlib dir mağaraya yetişdi. Elə mağarada da yaşamağa başladı. Ta o vaxta qədər ki, doqquz ayı tamam oldu, doqquz günü başa çatdı, doqquz saatı gəlib yetişdi. 
    Düz vədə tamamında müqəddəsliyi Tanrıdan, gözəlliyi Nuhdan, üzü nurdan bir oğlan uşağı dünyaya gəldi ki, sanki körpənin nurundan mağaraya işıq yayıldı. Uşaq anadan olan kimi ağlamaq əvəzinə anasının üzünə elə gülümsədi ki, ananın bütün ağrıları kəsdi. Tez bir daş kəsiyi götürüb onunla balasının göbəyini kəsdi, körpəni bələdi, əmizdirib rahatladı. Sonra isə heç kəs şübhələnməsin deyə, körpəni mağarada qoydu, mağaranın isə ağzını palçıq və daşla elə hördü ki, kimsə balasına yaxın düşə bilməsin. Özü isə evlərinə yollandı. 
    Belə-belə Nuna hər gün gizlicə mağaraya gedir, balasını əmizdirib, rahatlayıb evinə qayıdırdı. 
    Bu minvalla on üç il keçdi. Bir gün yenə də ana mağaraya gəldi. İbrahimə gətirdiyi yeməkləri qoyub getmək istəyəndə oğlu dedi:
     - Ana, nə vaxta qədər mən tək-tənha mağarada yaşamalıyam? Axı mən də insanam, insanlar üçün darıxıram! 
      - Oğlum, nə qədər ki, qaniçən Nəmrud şah bizim şahımızdır, nə qədər ki, onun qılıncı körpələri qanına qəltan edir, bizim gizlənməkdən başqa çarəmiz yoxdur. Yaşamaq istəyirsənsə, gizlənməlisən. 
       - Nəmrud şahın qılıncı ilə özünü məhv etmək lazımdır ki, camaatın canı ondan qurtarsın. 
       - Elə danışma, Nəmrud şahdan nə qədər uzaq gəzsən, başın salamat olar.  
       - Hər kəs öz başını Nəmrud şahdan qorusa, bəs başıbəlalı Babil məmləkətinin başını kim Nəmrud şahdan qoruyacaq. 
        Hər dəfə Nuna oğlundan belə sözlər eşidəndə məəttəl qalırdı. Qaranlıq bir mağarada böyüyən oğlan uşağı hardan öyrənirdi bütün bunları? Kim idi onun müəllimi, kim idi onun dərs verəni? El-obasını qorumağı, onu zalım şahdan xilas eləməyi kim tövsiyə eləmişdi? Axı yazıq Nuna hər dəfə oğluna yemək gətirəndə qorxusundan tez-tələsik qayıdırdı ki, birdən məmurlar onun izinə düşərlər, oğlunu tapıb öldürərlər. Bu qədər bilik, bu qədər savad onun oğluna hardan gəlmişdi? 
     Nuna oğlunu belə üsyankar görəndə daha da qorxurdu. Amma ana qorxsa da artıq oğlunu mağarada gizləyə bilmirdi. İbrahim mağarada qalmağa etiraz edir, şəhərə çıxır meydana – camaat yığışan yerə gedirdi. İşi belə görən naəlac ana oğluna öyüd-nəsihət elədi: 
    - Heç olmasa barı yaşını soruşana  yanlış de yaşını, de ki on üç yox, iyirmi yaşın var. Onda şahın adamları sənə toxunmazlar. Şahın fərmanı iyirmi yaşı olanlara şamil edilmir. 
      - Yaxşı ana, sən ki, istəyirsən sağ qalmağım üçün yaşımı gizlədim, sənin xətrin üçün yaşımı danaram.  
        Beləliklə İbrahim şəhərə çıxdı. Yaşını düz demədiyindən başı salamat qaldı. Yavaş-yavaş, gizlicə şaha qarşı çıxdı. Hamıdan fərqləndi, şahın pis əməllərini pislədi, xalqı ürəkləndirdi, camaata düz yol göstərməyə başladı. Daşlara, heykəllərə, Nəmrud şaha Allah deyənlərə düzgün yol göstərdi ki, o bir olan Allah təkdir, yeganədir, həm Yaradan, həm yaşadandır. Kimsə özünü Allah elan eləyə bilməz!  

 

    Nağılçı: Gülzar İbrahimova