(nağıl)
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Yeruşalaim (Qüds)adlı bir məmləkət, həmin məmləkətin Hirod adlı bir padşahı var idi. Hirod padşah çox rəhmsiz, qəddar və zülmkar idi. Özünü, taxtını o qədər çox sevərdi ki, bir gün taxtdan düşəcəyini və günlərin bir günü öləcəyini təsəvvür edəndə az qalardı havalansın.
Hirod padşah vaxtının çoxunu münəccimlərlə, falabaxanlarla keçirər, onu nələr gözlədiyini qabaqcadan öyrənmək istərdi. Bircə bu məqsədə var-dövlətini əsirgəməz, bir xoş xəbər eşidən kimi xəzinənin ağzını açar, həmin xəbəri deyən münəccimə kefi istəyən qədər qızıl-gümüş paylayardı.
Günlərin bir günü Hirod şah çox dəhşətli bir xəbər eşitdi. Xəbəri gündoğan səmtdən gələn bir dəstə münəccim gətirmişdi. Şah eşitdiyi xəbərin düzgünlüyünə əmin olmaq üçün münəccimləri hüzuruna çağırıb onlardan soruşdu:
- Dünyanı gəzən ağıllı münəccimlər! Məmləkəttimizə gəlişiniz nəylə bağlıdır? Hansı xəbər yolunuzu bizim diyardan salıb?
Münəccimlərin ən qocamanı dilləndi:
- Ya hökmdar! Hərəmiz bir diyardan gəlsək də məqsədimiz eyni, istəyimiz eynidir. Eyni yuxu görüb, eyni yola düzəlmişik. Yuxuda yəhudilərin gələcək padşahının doğulduğunu və həmin başçının camaata nur, işıq bəxş etdiyini görmüşük. Biz hətta göydə həmin doğulan körpənin ulduzunun ən parlaq olduğunu da görmüşük. Gəlişimizdə məqsəd həmin körpəyə yaxından baxmaq, ona səcdə qılmaqdır.
Hirod şah gələcəkdə onun yerini tutacaq hansısa bir körpənin anadan olduğunu eşidəndə təşvişə düşdü. Zalım şah ürəyində qərar verdi ki, nə yolla olur-olsun onu tapıb öldürtməlidir.
Şah kinini büruzə vermədən münəccimləri çox böyük ədəb-ərkanla yola salanda onlardan bir xahiş elədi:
-Əziz qonaqlarım! Qüsd məmləkətinin gələcək başçısına mən də səcdə etməyə hazıram, necə ki, o sizin yuxunuza müqəddəs bir varlıq kimi girib. Onu soraqlayıb tapsanız mütləq mənə də bir xəbər göndərin!
Münəccimlər bir ağızdan «baş üstə», deyib, yola düzəldilər.
Qərib münəccimləri yola salan kimi şah öz münəccimlərini və qanunşünaslarını yanına çağırıb onlardan körpəni məhv etmək üçün yol göstərmələrini istədi. Amma kimsə bir tədbir görə bilmədi. Çünki körpənin harda olduğundan xəbərsiz idilər. Onda Hirod padşah münəccimlərə əmr verdi:
- Tez-tələsik elə günü bu gün yola çıxıb körpənin harda olduğundan mənə xəbər gətirin!
Münəccimlər yol getməkdə olsun, sizə kimdən danışım, kimdən deyim, Yəhudeya Beytlehemin məmləkətində yaşayan Yusif adlı bir oğlandan. Yusif çox boy-buxunlu, yaraşıqlı, ağıllı və saleh bir oğlan idi. O məmləkətinin ən namuslu, ən ismətli bir qızı olan Məryəm adlı gözəl bir qızı sevirdi. Məryəm də Yusifi sevirdi. İki sevən cavan əhd-peyman eləyəndən, bir-birlərinə sadiq olacaqlarına söz verəndən sonra oğlan qıza elçi göndərdi və onlar nişanlandılar.
Aradan çox az bir müddət keçmişdi ki, Yusif fikir verib gördü ki, nişanlısı günü-gündən saralır. Tez-tez ürəyi bulanır, başı gicəllənir. Məryəmə həkim çağırdılar. Hər yandan təbiblər çağırılsa da onun dərdini bilən olmadı. Qızın günü-gündən qarnı böyüyürdü. Bir gün Məryəm hiss elədi ki, onun qarnında canlı bir şey tərpənir. Qorxdu. Dərdini birinci özünə ən doğma bildiyi nişanlısına açdı. Yusif bundan bir şey anlamasa da bir müddətdən sonra hamı başa düşdü ki, Məryəm hamilədir. Xəbəri eşidən Yusifin halı çox pis oldu. O nişanlısını ən namuslu bir qız kimi tanısa da onun hamilə olması ona çox dəhşətli göründü. Ancaq Məryəmin ona xəyanət etməyinə inanmaq istəmirdi. Yusif Məryəmi o qədər çox sevirdi ki, ona acı söz demək, ürəyinə toxunmaq onun üçün çox çətindi. Buna görə də qəm çəkən oğlan sevgili nişanlısının bu vəziyyətinə dözə bilməyib dağlara çəkildi və gizli bir mağarada yaşamağa başladı.
Məryəm öz günahsızlığını bilsə də, özü də bu işə mat qalmışdı. O utandığından heç kəsin üzünə baxa bilmir, adam içinə çıxmırdı. Nişanlısının da birdən yoxa çıxmağı qıza çox pis təsir eləmişdi.
Mağarada Yusif çox pis günlər keçirirdi. Ac qalmaqdan arıqlamış, üz-gözünü tük basmışdı. Bir gün Yusif halsızlıqdan yarıhuşsuz uzandığı yerdə birdən gözlərinə ağ saçlı, ağ saqqallı, ağ əbalı nurani bir qoca göründü. Qoca ona camda su uzadıb dedi:
- İç bu suyu dirilik suyudur. Qayıt evinə və nişanlına sahib ol. Məryəmi özünə arvad etməkdən qorxma! Ondan doğulan Müqəddəs ruhdandır. Həmin uşaq doğulacaq ki, xalqını günahlardan azad eləsin. Uşağın adını İsa qoyarsan!
Yusif əvvəl elə bildi gördüyü yuxudur, amma ayılıb qarşısında su dolu cam görəndə gözünə görünən ruhun müqəddəsliyinə inandı. Camdakı suyu başına çəkib evlərinə qayıtdı. Məryəmə inanmadığına görə özünü günahkar saydı. Yuxusunu ona da danışdı. Məryəm sevindi, çünki eyni nurani qoca onun da yuxusuna girmiş, ona da eyni sözləri demişdi.
Düz doqquz ay, doqquz gün, doqquz gecənin tamamında bir oğlan uşağı doğuldu. Körpə elə bil nur saçırdı. Yusif körpəni görən kimi ona atalıq hissi gəldi. Onun alnından öpüb İsa adını qoydu. Uşaq təzəcə anadan olmuşdu ki, münəccimlər ona pənah gətirdilər. Körpə olan evə girib ona səcdə etdilər. Bu həmin o münəccimlər idi ki, yuxuda bu müqəddəs körpəni görüb, səcdə etmək üçün onu axtarıb tapmışdılar.
Uşaqla görüşəndən sonra münəccimlər qərara gəldilər ki, xəbər yollayıb uşağın yerini Hirod şaha da bildirsinlər. Məktub yazıb hazırladılar. Yatdılar ki, səhərisi məktubu şaha göndərsinlər. Yenə də bütün münəccimlər eyni yuxunu gördülər. Onlar yuxuda gördülər ki, ağ qanadlı bir mələk onlara deyir: «Məktubu yandırın! Hirod şah müqəddəs körpəni axtarır onu öldürtsün ki uşaq böyüyüb onun taxtı-tacına sahib olmasın!».
Münəccimlər oyananda yuxularını bir-birlərinə danışdılar və məktubu Hirod şaha göndərməyib, yandırdılar.
Münəccimləri yola salandan bir neçə gün sonra Yusif körpəni Məryəmin qucağından götürdü və qucağındaca yuxuya getdi. Elə təzəcə yuxuya getmişdi ki, onu bir mələk yuxudan ayıltmağa çalışdı: «Dur Yusif, müqəddəs körpəni pis nəfslərdən qorumaq sənin öhdənə buraxılır. Körpəni onu öldürməyə gələnlərdən qorumaq üçün onu Misirə apar!». Yusif bunu eşidən kimi durub yola hazırlaşdı. Yuxuda gördükləri ilə arvadı Məryəmi də hali elədi. Onlar Misirə yola düşdülər.
Onlar Misir yolunda yol getsinlər, Sizə qayıdım kimdən, kimdən, Hirod padşahdan söz açım.
Hirod padşah qərib münəccimləri yola salandan sonra öz münəccimlərini bir yerə yığdı. Əmr verdi ki, körpənin harda oğlduğunu düzgün tapa bilməyən münəccim edam olunacaq. Münəccimlər gecə-gündüz ulduzlara baxıb fal açmağa başladılar. Körpənin yerini düzgün tapa bilməyən münəccimlər edam olundu. Nəhayət ki, bir münəccimin ulduz falı düz çıxdı. Çapar xəbər gətirdi ki, münəccim düz deyib, təzə anadan olan körpə Yəhudeya Beytlehem məmləkətindədir.
Xəbərdən Hirod şah çox sevindi. Münəccimə çoxlu bəxşiş verib, körpəni öldürtmək üçün öz dəstəsini Yəhudeya Beytlehemə göndərdi.
Hirod şahın bədxah dəstəsi həmin məmləkətə çatanda xəbər tutdular ki, artıq bir neçə gündür ki, Yusif öz ailəsi ilə birlikdə məmləkəti tərk eləyib. Dəstə peşiman-peşiman geri qayıtdı.
Xəbərə inanmayan və qəzəblənən Hirod şah onda əmr etdi ki, təzə anadan olmuş bütün oğlan uşaqlarını öldürsünlər.
Bir müddət belə hökmdarlıq edən Hirod şahın bir gün paxıllığından, hikkəsindən bağrı çatlayıb öldü.
Müqəddəs balaca körpə – İsa isə bütün bunlardan xəbərsiz böyüyürdü. Bir gün o ayaq açdı. Yaşıl otların üstü ilə yanlarını basa-basa yeriyəndə göy aralandı, ağ buluda oxşayan bir ruh göyərçin kimi uçub uşağın bədəninə girdi və göydən səs gəldi: «Bu Mənim sevimli oğlumdur!».
İsanın müqəddəsliyinə şübhə edənlər bunu eşidəndən sonra Ona səcdə etməyə başladılar.
İsa böyüyür, böyüdükcə də kamilləşir, çöhrəsindəki nur artırdı. Hətta yeniyetmə yaşlarında o elə danışırdı ki, elə bil adam yeniyetmə ilə yox, dünya görmüş nurani bir qoca ilə danışırdı. O, insanları mərhəmətli olmağa, mehribançılığa çağırırdı. İsanın müdrikliyindən başqa şəfalı, şəfqətli əli də vardı. O, əlindəki şəfqətlə xəstələri sağaldır, onlara şəfa verirdi. Ona ziyarətə gələnlərin sayı günü-gündən çoxalırdı.
Günü-gündən insanlar əmin olurdular ki, İsa doğrudan da Tanrının müqəddəs övladıdır. Ona baş əyənlərin, itaət edənlərin sayı artdı.
Bu iblisin xoşuna gəlmədi. Bir gün iblis İsanın doğrudan da Tanrı oğlu olub-olmamasını sübut etməkdən ötəri onu oğurladı. Apararaq ucsuz-bucaqsız bir səhraya qoyub qırx gün – qırx gecə ac saxladı. Qırx gündən sonra isə yanına gəlib əlindəki daşları qarşısına atıb dedi:
- İsa! Əgər sən doğrudan da Allahın oğlusansa, onda bu daşları çörəyə döndər və ye!
Aclıq İsanı əymədi, Allahından döndərə bilmədi. O, İblisin qarşısında əyilməyib dedi:
- İnsan yalnız çörəklə yaşamaz, fəqət Allahın ağzından çıxan hər bir sözlə yaşayar!
İblis İsanın bu qədər möhkəm olduğuna məəttəl qaldı və ikinci dəfə onu yoxlamaq istədi. Bunun üçün o İsanı bir şəhərə gətirdi və onu ən hündür bir qüllənin başına qoyub dedi:
- Allahın oğlu olduğunu sübut etməkdən ötəri özünü bu qüllədən at! Əgər doğrudan da Allahın oğlusansa, onda mələklər səni qanadının üstünə alacaq və sağ qalacaqsan.
İsa İblisin bu sınağına da ləyaqətlə cavab verib dedi:
- Yalnız Tanrı öz övladlarını sınağa çəkə bilər. İblis yox!
Bu cavab da İblisi təəccübləndirdi. O, üçüncü dəfə İsanın Allaha olan inamını yoxlamaq üçün onu hündür bir dağın başına gətirdi. Ona çoxlu tac və padşahlıqlar göstərib dedi:
- Əgər yıxılıb mənə səcdə qılsan, gördüyün bütün bünları sənə verərəm!
İsa daha buna dözmədi və dedi:
- Rədd ol, Şeytan! Mən yalnız Allaha səcdə edəcəyəm və Ona qulluq edəcəyəm! Hər bir Tanrı övladı belə etməlidir!
Bunu eşidən İblis İsanı tərk elədi. Onun dönməzliyinə və müqəddəsliyinə inandı.
Nağılçı: Gülzar İbrahimova