(nağıl)
Dursun iş tapmır, ağlına belə bir ideya gəlir. İcarəyə vertolyot tutur və paraşütdən atlanma işinə başlayır.
Əvvəlcə gedir bir xeyli paraşüt alır. Alanda satıcıdan soruşur:
- Ola bilər ki, hansısa paraşüt açılmasın?
- Heç vaxt ola bilməz! Bu vaxta qədər heç kəs şikayətə gəlməyib! Ele bir şey olsa, gətir, paraşütü qaytar!
- Bəlkə ölüblər, şikayətə gələ bilməyiblər?
- Nə danışırsız? Paraşüt açılmasa bizə xəbər edin, həmin an yardımçı olarıq!
- Yaxşı! Deyib Dursun paraşütləri alır.
O könüllüləri mindirir vertoyota, qalxır havaya. Bütün paraşütçülər qaydasında tullanır. Axırıncı tullanır, paraşütçü nə qədər əlləşir, paraşüt açılmır.
Dursun tez dükançıya zəng edir:
- Dediz paraşüt açılacaq, hamısı açıldı, amma biri açılmır! Neyləyək?
- Paraşütdən tullananın telefonu var?
- Var!
- Onu bizə verərsiz?
- Gözləyin, baxım deyim!
Dükançı paraşütçüyə zəng edir:
- Keçmiş olsun! İnşallah salamat qalarsız!
- İnşallah!
- Sizin həyat sığortanız var?
- Xeyr! – Deyə paraşütçü cavab verir.
- Onda əvvəl sizi sığorta eləyək!
- Bu saat düşüb öləcəyəm, siz sığorta soruşursuz!
- Narahat olmayın, o biri əməkdaşımız bu işi həll edir. Gedib sizə kömək axtarsın!
Doğurdan da dükanın müdiri həyəcanla, işgüzarcasına, məsuliyyətlə bu işlə məşğul idi. O, əvvəlcə yumşaq hava döşəyi almaq üçün özünü ticarət mərkəzinə getdi. Tərslikdən yolda maşının benzini qurtardı. O, qışqıraraq camaatı başa salmağa çalışdı:
- Bir insan həyatı təhlükədədir! Vaxt çox azdır. Hər an paraşütçü yerə düşüb ölə bilər. Çox xahiş edirəm, maşını yaxındakı benzindoldurma məntəqəsinə qədər itələyin! Bədbəxt hadisənin qarşısını ala bilim!
- Bu saat! – Deyib camaat az bir vaxtda maşını itləyə-itələyə benzindoldurma məntəqəsinə sürüyüb gətirdilər, benzin doldurdular.
Sonra müdir maşını çox sürətlə sürüb ticarət mərkəzinə girdi. Polis onu saxladı:
- Yoldaş, dükanlara maşınla girmək qadağandır!
- Yolumu kəsməyin! İnsan həyatı təhlükədədir! Göydən paraşütlə düşən birisinin paraşütü açılmır, ona təcili olaraq böyük hava rezin döşəyi alıb aparmalıyam ki, paraşütü açılmayan paraşütçü rezin döşəyə düşsün.
- Keç, keç, icazə verirəm, vaxt itirmə!
Dükan müdiri maşını düz rezin döşək satılan dükana sürdü. Seçib ən böyük döşəyi aldı. Nasosla onu şişirtdilər. Döşək elə böyük oldu, onu beş kişi güclə qaldırıb apardı. Amma nə qədər elədilər, hava döşəyi böyük olduğundan onu ticarət mərkəzinin qapısından bayıra çıxara bilmədilər. Əlacları kəsildi, yalnız havasını boşaldandan sonra qapıdan bayıra çıxara bildilər. Dükan müdiri bir nasos da aldı ki, rezin döşəyi orda doldursun.
Tez maşını sürüb düz təyyarə meydançasına yollandı. Təzəcə çatmışdı, göydən sürətlə enən paraşütçünü gördü. Özünü itirmədi. Tez nasosu çıxartdı, o biri paraşütçülər də ona kömək elədi, hava döşəyini doldurdular. Təzəcə doldurub qurtarmışdılar, heç ağzını bağlamağa imkan tapmadılar, Axırıncı paraşütçü kəlləmayallaq düşdü onun üstünə. Hamı birağızdan qışqırdı:
- Uraaaaa!!!
Dursun yuxarıdan qışqırdı:
- Qaytar o paraşütü, bizə xarab paraşüt gərək deyil!
Nağılçı: Gülzar İbrahimova