Sirus və Virusun macəraları

(nağıl - roman)

- Alo, alo, Cavid əmi, nə olar, tez bizə gəl!
- Nə olub ki?
- Kompyuter yenə açılmır! Köhnə kompyuter kimi olub.
- Yəqin, ona da virus düşüb.
- Bilmirəm!
- Gəlib o virusu elə məhv edərəm, bir də sənin kompyuterinə yaxın düşməz.
- Uraaaa! Cavid əmim gəlib virusu məhv edəcək! 
Sirus sevinclə dəstəyi yerinə qoyanda lap yaxından səs eşitdi. Təəccüblə ətrafına boylandı. Otaqda heç kəs yox idi. Ana və ata isə yan otaqda televizora baxırdı. 

- Səs hardan gələ bilər? – Sirus ətrafa göz gəzdirib səssizcə soruşdu: 
- Burdan gəlir, kompyuterdən, mənəm!
- Kimsən? 
- Virusam! Bəxtsiz Virus, yazıq Virus!
Virus adını eşidən kimi Sirus kompyuterinə baxdı. Bayaqdan açılmayan kompyuter işıqlandı, açıldı. Sirus baxdı ki, kompyuterin aşağısında − sağ tərəfdə bir oğlan dayanıb yazıq-yazıq Sirusa baxıb danışır. 
Onun başı robota, bədəni isə insan bədəninə 
oxşayırdı. Ağlamsına-ağlamsına, yazıq-yazıq, 
elə hey danışırdı. 
Sirus qorxaq deyildi. Amma gördükləri onu dəhşətə gətirdi. O, ömründə nə belə şey görmüş, 
nə də eşitmişdi. Səsi titrəyə-titrəyə soruşdu:
- Sən canlısan? İnsan kimi dil bilirsən? 
-  Nə olsun ki canlıyam, indicə məni öldürəcəklər! 
-  Nə olub, niyə səni öldürürlər? 
- Olan olub mənə. Səninlə bir yaşdayam, amma hamı səni sevir, əzizləyir, başını tumarlayıb “ağıllı oğlum”, deyir. Məni isə görəndə “Virusu tez məhv edin!” – deyirlər. Hara gedirəmsə, məni qovurlar. Heç yerdə mənə yer yoxdur. İndi de görüm, mənim yerimə olsan, sızıldamazsan?
Virusun dediklərində həqiqət var idi. Virusları məhv eləmək üçün müxtəlif üsullar axtarıb tapır, hətta bunun üçün tanınmış mütəxəssislər güclü "Antivirus" proqramları, yəni virus əleyhinə proqramlar yazırdılar. 
Sirusun Virusa yazığı gəldi. Söz axtardı ki, ona təsəlli versin: 
- Mən səni yaxşı başa düşürəm. Ancaq yəqin, özün də yaxşı bilirsən ki, sən ziyan vurursan. Adamlar kompyuterdə işləyəndə onlara mane olursan. Bax, mən kompyuterdə dostuma məktub yazdığım yerdə, kompyuteri söndürürsən.
- Səninlə bir az oynamaq istəyirdim! Sən isə o saat Cavid əminə xəbər verdin. İndi o gəlib məni öldürəcək! Məni öldürməyin, nə olar, mən yaşamaq istəyirəm! 
 Sirus onu sakitləşdirməyə çalışsa da, bacarmadı. 
Bu vaxt qapı açıldı, Cavid əmi içəri girdi. Onun otağa girməyi ilə Virusun kompyuterin ekranından yoxa çıxması bir oldu.
Sirus tez ayağa qalxıb kompyuterin qarşısını kəsdi:
- Cavid əmi, kompyuter düzəldi.
- Baxım görüm nə olmuşdu, açılmırdı.
Sirus ilk dəfə idi ki, yalan danışırdı:
- Xahiş edirəm, sonra baxarsan, indi kompyuterdə bir nəfərlə 
şahmat oynayıram!
- Nə oldu sənə, Sirus? Özün zəng vurub xahiş edirsən ki, gəl kom-pyuterimi düzəlt, işimi-gücümü atıb gəlirəm, indi deyirsən ki, düzəldi!
- Yalan demirəm, düzəldi, əziyyət çəkmə!
- Yaxşı, kompyuterinə dəymərəm, amma problem olarsa, xəbər elə, çempion!
- Yaxşı, mütləq xəbər edərəm! 
Cavid əmi gedən kimi kompyuter işıqlandı, Virus yenə göründü. 
Bu dəfə onun üzü gülürdü:
- Çox sağ ol! Sən məni ölümdən xilas elədin! Buna görə həyatım boyu sənə 
borcluyam!
- Düzü, heç bilmirdim ki, viruslar da adam kimi danışa bilirlər. Bütün viruslar danışır?
- Yox! 
- Bəs sən necə danışırsan? 
- Mən "Zimuse" virusuyam!
- Nə deməkdir "Zimuse" virusu? 
- Bunu başa salmaq mənim üçün bir az çətindir, 
İnternetdə axtarış versən, tapıb o haqda məlumat oxuya bilərsən. 
Sirus "Zimuse" haqda internetə sorğu verən kimi belə bir məlumat açıldı: 
"Şərqi Avropada hazırlanmış "Zimuse" kompyuter virusu, əsasən zəka testi (IQ) formasında saytlarda gizlənir. Hər hansı informasiyanı yaddaşa verərkən fəallaşır, informasiyanı silir yaxud həmin saytı “HACK” edə, - yəni dağıda bilir. 
İstənilən sayta zərər vermək və ya məhv etmək məqsədi ilə proqramlaşdırılıb.
"Win32 / Zimuse A" adı ilə işləyən bu soxulcan, saytların yaddaş disklərinə öz məlumatını yazır və saytın açılmasına maneə törədir. Kompyuterə yoluxduqdan 7-10 gün sonra aktivləşən soxulcan, zəka testi görünüşündə, ya da USB yaddaş yolu ilə yayılır. Soxulcana oxşamasına baxmayaraq, ona insan şüurunun molekul formaları yükləndiyindən istədiyi vaxt insan formasına düşür, insan kimi danışa bilir.  
Virus-soxulcan, hədəfini ona tapşırılan vaxtdan da tez məhv edə bilir. Dağıdıcı işləri ilə dünyanın aparıcı proqramçılarını vahiməyə salır. 
Məlumata görə, Zimuse soxulcanı, Şərqi Avropadakı kompyuterlərin 
90%-inə virus salıb. Sonra dayanmadan Amerika Birləşmiş Ştatlarına keçib. Daha sonra Slovakiyaya, Taylanda, İspaniyaya, İtaliyaya, Çexiyaya və digər Avropa ölkələrinə qədər gedib çıxıb.
Nəhayət, dünya proqramçıları yığışıb "Zimuse" virusunu məhv etmək üçün güclü antivirus hazırladılar. Bu bir neçə il çəksə də, çox güclü bir proqram idi.  
Antivirus proqramı internetə buraxılan kimi "Zimuse" virusu yoxa çıxdı. Hal-hazırda axtarışdadır".
Sirus məlumatı oxuyub dedi:
- Maraqlıdır, mənim bunlardan xəbərim yox idi, bircə onu bilirdim ki, viruslar ziyankar olur.
- Boynuma alıram! Amma onu da bil ki, sənə ziyanım dəyməz, məni ölümdən qurtarmısan!
- İnanım sənə?
- İnan, Sirus! Mənim səndən bir xahişim var!
- Nədir o elə?
- Səninlə dost olmaq istəyirəm.
Sirus təəccübləndi:
- Mən adam, sən virus, bizim dostluğumuz necə olar?
- De ki, dost olmaq istəmirsən!
- Yaxşı, dost olaram, amma bir şərtlə!
- Hansı şərtlə?
- Söz ver ki, heç vaxt ziyanlı, pis işlər görməyəcəksən!
Virus:
- Yaxşı, dostluğumuzun xətrinə söz verirəm! Dost olaq!  
- Yaxşı, dost olduq!
Beləliklə, 4-cü sinifdə oxuyan, şahmat üzrə dünya çempionu Sirus Məmmədli 
Virusla dost oldu. Amma bundan sonra onu hansı macəralar gözləyir, hələlik 
Sirusun bütün bunlardan xəbəri yox idi.
Sirusla Virus əməlli-başlı dost olmuşdu-
lar. Hətta Sirus yeməyini artıq mətbəxdə yox, kompyuteri olan otağında yeyirdi. 
Hər dəfə yemək yeyəndə Virusu 
çağırır, onlar yeməklərini bir yerdə yeyir, sonra isə kompyuterdə oyun oynayırdılar. 
Bəzən oyun oynayanda davaları düşür, sonra barışırdılar. Virus kompyuterbaş idi. Amma özünü elə formaya sala bilirdi ki, istədiyi vaxt başı adi oğlan başına oxşayırdı. Ona görə heç kəs ondan şübhələnmirdi.
Virus hardansa elə maraqlı kompyuter oyunları tapıb gətirirdi ki, Sirus onları nəinki görmüş, hətta barələrində heç eşitməmişdi də... 
Sirus saatlarla kompyuter oyunu oynayır, dərsini əvvəlki kimi yaxşı oxumurdu. 
Müəllimləri isə Sirusu həmişə nümunəvi şagird 
kimi tanıdıqlarından, onun xətrinə dəymir, valideyn-lərinə də bu barədə bir söz demirdilər. Onlar belə düşünürdülər ki, yəqin, Sirusu yarışlar yorur. 
Beləliklə, Virusla dost olandan sonra Sirus yavaş-yavaş “dəyişməyə” başladı.
Virus çox istəyirdi ki, Sirusla birgə Kompyuter Dünyasına səyahətə çıxsın. 
Özü tək gedəndə ona çox saytlara girməyə icazə vermirdilər. Səbəbi isə bu idi ki, o, virus idi. Sirus dərsdə olanda Virus darıxır, saatı, dəqiqələri sayırdı ki, Sirus tez qayıtsın.
Bir gün Sirus dərsdən təzə gəlmişdi ki, Virus dedi:  
- İstəyirsən, səni bizim dünyaya səyahətə aparım?
- Sizin dünya haradır?
- Kompyuter Dünyası!
- Orda nə var ki?
- Necə yəni nə var? Orda hər şey var. Sən sual ver ki, orda nə yoxdur?!
- Başqa vaxt gedərik, dərsim çoxdur.
- Sənin ya dərsin çox olur, ya da şahmat məşğələn. Bir gözünü açıb dünyaya baxsan, görərsən ki, dünya necə maraqlı və sehrlidir. İncimə, sən çox darıxdırıcısan!
- Mən darıxdırıcıyam?
- Çox!
 Virus belə deyib üzünü yana çevirdi. Sirus
başa düşdü ki, dostu ondan inciyib. Onun xətrinə dəyməmək üçün soruşdu:
- Dediyin “Kompyuter Dünyası” mağazadır?
Virus sevincək:
- Yox, böyük bir dünya kiçik mağazaya necə yerləşə bilər?
- Bəs həmin dünyaya necə gedirlər?
- Razısansa, gözünü yum, əlini mənə ver!
- Nə deyirəm, sən deyən olsun, amma tez qayıdarıq, dərsim çoxdur.
- Danışdıq!
Sirus sağ əlini Virusa uzatdı, gözlərini isə möhkəm yumdu. Virus onun əlindən tutub bərkdən kompyuterə tərəf dartdı. Sirusa bir an elə gəldi ki, onlar karuselə miniblər. Sonra isə harasa uzaq bir yerə uçduqlarını hiss elədi. Əvvəl fikirləşdi ki, bəlkə Virusun virusluğu tutub, ona pislik eləmək istəyir. İstədi gözlərini açıb qışqırsın: “Kömək eləyin!”, sonra fikrini dəyişdi. Axı Virus nə qədər pis olsa da, Sirus onu ölümdən qurtarmışdı.
- Aç gözünü!
Sirus gözünü açanda özünü doğrudan da başqa bir dünyada – ona tamamilə tanış olmayan bir aləmdə gördü. Bura elə möhtəşəm idi ki, nəyin harda başlandığı, harda qurtardığı məlum deyildi. O qədər yol göstəricisi var idi ki, adam baxanda başı gicəllənirdi. Göyün üzündə bulud əvəzinə yazılar, musiqi notları, rəqəmlər, adamcıqlar (smayliklər), nələr, nələr, var idi, hamısı da uçurdu. Sirusun təəccübdən ağzı açıla qalmışdı. Bilmirdi yuxudadır, yoxsa həyatda...
Virus dostunu bu vəziyyətdə görəndə onu gülmək tutdu. Elə ürəkdən güldü ki...
Bu vaxt bir cavan oğlan əsəbi-əsəbi onlara yanaşdı:
- Sən yenə mənim saytımdasan?
- Mən Virusam, harda istəsəm, orda da yaşayıram!
- Mənim saytımda virusa yer yoxdur. Ziyankar! Rədd ol burdan!
- Mədəni ol, görürsən qonağım var! - Virus belə deyib Sirusu göstərdi. 
Sirusu görəndə cavanın üzünə sevinc gəldi: 
- Bu ki uşaqlar arasında dünya çempionu Sirus Məmmədlidir. Elə isə bizim sayta xoş gəlmisiniz! Sən də, virus olsan da, çempionun xətrinə qala bilərsən. Necəsən, çempion? Mənim adım Domendir! 
- Nə qəribə addır? Sizin çox maraqlı saytınız var!
- Mən bu saat sizə bütün bölmələrə girməyə icazə yazaram!
- Təşəkkür edirəm!
Beləliklə, Kompyuter Dünyasında Sirusun adını eşidən hər kəs sevinirdi ki, onun saytına belə bir hörmətli qonaq gəlib. Virus da daha saytlara oğrun-oğrun girmir, Sirusun hesabına istədiyi saytın qapısını təpiklə vurub açırdı. 
Bir neçə sayta girəndən sonra Virus dedi:
- Bəsdir adi saytları gəzdik, darıxdım!
- Neyləyək, hara gedək?
- Gedək sehrli saytlara!
- Gedək!
Oğlanlar piyada bir xeyli yol gedəndən sonra, üç yol ayrıcına çatdılar. Yol ayrıcında üç göstərici var idi: Ağıllılar Ölkəsi, Səfehlər ölkəsi, Azad Uşaqlar Şəhərciyi.
Sirus dedi:
- Gedək Ağıllılar Ölkəsinə!
- Nə danışırsan, maraqlı nə ola bilər Ağıllılar Ölkəsində? Orda bizi bütün günü danlayacaqlar. Mənə deyəcəklər: “Belə durma, belə otur, iş gör”; sənə deyəcəklər: “Bütün günü oxu, bizim kimi ağıllı və çalış-qan ol, ”. Belə nəsihətləri, danışıqları heç xoşlamıram; yaxşı olar ki, Səfehlər Ölkəsinə gedək. Səfehlər Ölkəsi maraqlıdır. Mən bir neçə dəfə orda olmuşam.
- Mənə Səfehlər Ölkəsi maraqlı deyil.
- Getsən, maraqlı olacaq. Özün görəcəksən! Heç bilir-sən, orda necə yaşayırlar?
- Necə?
- Səfehlər Ölkəsində kim istəyir oxuyur, kim istəyir oxumur. Hər kəsin keyfi nə istəyir, onu da eləyir. 
- Onda ora maraqsız olar! 
- Mənim üçün maraqlıdır!
Çox müzakirədən sonra qərara gəldilər yollansınlar Azad Uşaqlar
Şəhərciyinə. Yola düşdülər. Bir xeyli yol gedəndən sonra, çatdılar rəngarəng, gözəl bir şəhərə. Şəhərin girəcəyində rəngli işıqlarla yazılmışdı: "Azad Uşaqlar Şəhərciyi".
Sirus təəccübləndi:
- Virus, görəsən, bura nəyə görə “şəhərcik” deyirlər? Bura ki böyük şəhərdir. 
- Burda hər şey uşaqlar üçündür, ona görə.
- Necə də maraqlıdır...
Sehrli şəhər çox qəribə idi. Əvvə-la, hər tərəf rəngbərəng idi. Evlərin rəngi elə gözəl idi ki, adamın gözü qamaşırdı. Ən qəribəsi isə bu idi ki, onların rəngi hər 5 dəqiqədən bir dəyişirdi. Hər evin qarşısından dondurma çayı axırdı, özü də cürbəcür rəngdə. Nə qədər istəyirsən ye! Dostlar tez özlərini Dondurma çayına verdilər. Çayın kənarına rəngli boşqablar, rəngli qaşıqlar düzülmüşdü. Doyunca dondurma yeyəndən sonra, Sirus yenə də heyran-heyran sehrli şəhərə baxmağa başladı... 
Burda ağaclar çox qəribə idi. 
Meyvə ağaclarından bircə mandarin ağacı var idi. Üstündə isə o qədər meyvə var idi ki, hətta onun yarpaqları belə görünmürdü. 
Başqa ağaclardan meyvə əvəzinə konfetlər asılmışdı, özü də cürbəcür. Sirus əl atıb bir konfet dərib yedi: “Necə dadlı konfetdir?!” − öz-özünə fikirləşdi.
Elə bunu demişdi ki, həmin konfetin yerinə başqası çıxdı. Məəttəl qaldı. Sirus şokoladdan doyunca yedi. Evdə onu çox şokolad yeməyə qoymurdular. Çünki çox yeyən kimi səpirdi. Şokoladdan doyandan sonra, dostlar yenə gəzməyə başladılar. 
Şəhərin kənarında Sirusun hələ heç yerdə görmədiyi möhtəşəm park var idi. Burda nələr yox idi?! Hündür, lap hündür karusellər, fırlanan yelləncəklər, sürətlə gedən alabəzək maşınlar, nələr, nələr… Hamısı da pulsuz. Sirusla Virus bütün karusellərə minmək istəyirdilər. Amma bir günə yox, heç üç günə də bu, mümkün deyildi. 
Onlar o qədər fırlandılar ki, başları gicəlləndi, yerə yıxıldılar. Çünki karuselləri uşaqlar özləri idarə edirdilər.
«Dayan!», əmri verəndə karusellər dayanır, «Fırlan!», deyəndə fırlanırdılar. 
Uşaqlar sevindiklərindən qəhqəhə çəkib gülür, qaçır, oynayır, özlərini bəxtəvər hiss edirdilər. Virus dostuna dedi:
- Bura mənim xoşuma gəlir. Gəl, həmişəlik burda qalaq!
- Nə danışırsan, bəs atam-anam, məktəb, şahmat?
- Sən hər şeyə görə narahat olursan! Gör, burda həyat necə maraqlıdır?!
Virusun yenə ziyankar damarı tutmuşdu. Əvvəl Sirus bunu başa düşmədi:
- Qayıdaq, anam nigaran qalar.
- Hələ tezdir, bir az da şənlənsək yaxşı olar!
- Saat neçədir ki?
- Saat beşdir. Qaranlığın düş-məsinə hələ iki saat var. 
Sirus razılaşdı:
- Yaxşı. 
Amma o, Virusun pis əməlindən xəbərsiz idi. Bilmirdi ki, Virus saatı düz, 2 saat geri çəkib. Sirusun başı elə qarışmışdı ki, saatdan xəbəri yox idi. Sehrli şəhərcikdə hava qaralmırdı. Sirus geri boylananda kompyuterin ekranından otağını, otağın da pəncərəsindən bayırın necə qaranlıq olduğunu görəndə başa düşdü ki, Virus növbəti pisliyə əl atıb. Dedi:
- Pislik elədiyini başa düşürsən?
- Neylədim ki?
Sirus acıqla dedi:
- Vaxtı mənə niyə səhv deyirsən? Qayıdıram! 
- Qayıdaq, amma bir az da gəzsəydik, daha yaxşı olardı.
- Yox, sənin saatın xarabdır, hava qaralıb. Mən də sənə inandım, indi yəqin ki, evdəkilər məni axtarır.
- Nə deyirəm, gözlərini yum!
Onlar evə qayıtdılar.
Sirus "Azad Uşaqlar Şəhərciyi"ndən qayıdan kimi, dərs masasının arxasına keçdi ki, dərs oxusun, yorğunluqdan onu necə yuxu tutdusa, bir də qapının zənginə ayıldı. 
Gələn atası ilə anası idi. Onlar şam eləyəndən sonra, ata Sirusu şahmat oynamağa çağırdı. Sirus həqiqəti deyə bilmədi. Kompyuter Dünyasına səyahətə çıxdığından, dərslərinə hazırlaşmadığını desəydi belə, kim idi ona inanan?!
Şahmat oyunu həmişəkindən fərqli olaraq, atanın qələbəsi ilə bitdi. Ata fikirləşdi ki, yəqin, Sirus yorulub:
- O qədər məşğul olursan ki, yorulursan. Get yat!
- Bir az dərsim qalıb, qurtarım.
Ana da ata deyəni təsdiqlədi:
- Yox, oğlum, çox məşğul olursan, dincəlməlisən! Dur yat, xəstəlik taparsan!
Sirus əlacsız yatmağa getdi.
Həqiqəti gizlətməyi ona çox baha başa gəldi. Səhərisi ilk dəfə Sirus dərsindən pis qiymət aldı. Hətta şahmat məşqçisi də onun oyununa baxıb başını buladı:
- Nə olub sənə? Bəlkə nəsə baş verib?
- Yox, heç nə olmayıb!
- Elə isə məşğələlərə ciddi yanaş!
Sirus üçün çox ağır bir gün keçdi. Evə bikef gəldi. Kompyuteri açdı ki, dərdini Virusa danışsın.
Virus monitorda görünən kimi səsi aləmi götürdü:
- Tez dur, gedək!
- Hara?
- Dur gedək, görəcəksən!
- Gedə bilmərəm, dərslərim çoxdu, özün get!
- Guya bilmirsən, Virus olduğuma görə məni heç yerə buraxmırlar?! Nə vaxt sənə maraqlı təklif edirəm, deyirsən, dərsim çoxdur.
- Doğrudan da belədir!
-  Amma bu günü əldən çıxarmaq olmaz!
- Nə var ki, bu gün?
- Bu gün Ağıllılar Ölkəsində uşaqlar özləri düzəltdikləri hava skeytlərini sürəcəklər. Təsəvvür edirsən? 
- O necə olur ki?
Sirusun maraqlandığını görən Virus sevindi:
- Vaxt itirmə, gedək, özün görərsən!
Sirus könülsüz-könülsüz soruşdu:
- Tez qayıdacağıq?
- Əlbəttə, nə vaxt desən, o vaxt da qayıdarıq!  
- Gedək!
Virus Sirusun əlindən tutan kimi, onlar Kompyuter Dünyasına çatıb, yenə üç yol ayrıcına gəldilər. Ordan da birbaşa Ağıllılar Ölkəsinə yollandılar. Təzəcə karuselə minmişdilər, həyəcan siqnalı gəldi. Bir anda qonaqları karuseldən düşürdüb sorğu-suala başladılar. 
Ağıllılar Ölkəsinin uşaqları əvvəl istədilər, qonaqları geri qaytarsınlar: 
- Ağıllılar Ölkəsinə niyə gəlmisiniz?
- Hava skeyti sürməyə! 
- Geri qayıdın, aranızda virus var. Sizi saytımıza buraxa bilmərik!
Virus pərt olsa da, özünü itirmədi:
- Heç bilirsiniz, mən sizə kimi qonaq gətirmişəm?
- Kimi?
- Şahmat üzrə dünya çempionu, Sirus Məmmədlini! 
Uşaqlar Sirusu tanıyan kimi ondan üzr istədilər. Onu hörmətlə qarşıladılar:
- Biz çox şadıq ki, Sirus Məmmədli Ağıllılar Ölkəsinə qonaq gəlib!
Sonra uşaqlar Sirusla Virusu 
böyük bir meydançaya apardılar. Meydançada o qədər uşaq var idi ki… Çoxu da havada skeyt sürürdü. Onlar əməlli-başlı uçurdular. Sirusun ağzı lap açıla qalmışdı:
- Onlar necə uçur? - Soruşdu. 
Bir oğlan qaydaları öyrənmək üçün ona bir kitabça verib dedi:
- Bax, burda qaydası yazılıb.
- Nə yazılıb? − Sirus kitabı alıb təəccüblə soruşdu.
- Hava skeytini sürmək qaydası! Oxu, asandır, tez öyrənəcəksən!
Sirus bir neçə səhifə oxuyan kimi, hər şey ona aydın oldu. Sevincək Virusa dedi:
- Virus, gəl, biz də hava skeyti sürək! Qaydasını oxudum, mənə asan gəldi. Gəl, səni də başa salım!
- Qorxmursan?
- Yox, qorxulu bir şey yoxdur. Sadəcə, hava axını istiqamətini daim nəzarətdə saxlamalısan! Yelkənli qayıqlarda olduğu kimi!
- Mənə də öyrət. Mən də hava skeyti sürmək istəyirəm, − deyə Virus həvəsləndi.
Bir azdan Sirusla Virus o biri uşaqlar kimi hava skeyti sürməyə başladılar. Bu, uşaqların çox xoşuna gəldi. Sirus havada dövrə vurub Virusu keçir, sonra Virus onu keçməyə çalışırdı. Bu, bir oyun, əyləncə olsa da, Sirusun heç ağlına belə gəlmirdi ki, dost bildiyi Virus belə vaxtda necə paxıllanır, nə yolla olur-olsun, Sirusu keçməyə çalışırdı.
Elə bu paxıllılığından da Virus hava skeytini idarə edəndə bir anlığa guya səhv elədi. O, hava axınının əks istiqamətinə dönüb Sirusun qarşısına çıxdı. Sirus skeytini döndərməliydi, yoxsa Virusla toqquşa bilərdi. O, qəfildən skeytini döndərmək istədi, amma buna nail ola bilmədi. Skeytləri uşaqlara verəndə onlara möhkəm tapşırmışdılar ki, skeytin istiqamətini birdən dəyişmək mümkün deyil, o, aşa bilər. Belə də oldu. Sirus müvazinətini necə itirdisə, skeyt Sirusun ayağının altından qaçdı və o, sürətlə yerə düşməyə başladı. Virus virusluğunu elədi. 
Çox pis hadisə baş verdi. Hava skeytini yaxşı sürən Sirus alqışlananda, Virus paxıllığından ona mane olur, nəticədə qəza baş verir. Yadplanetlilər olmasaydı, kim bilir, Sirusun başına nə gələcəkdi?!
Ağıllılar Ölkəsinin uşaqlarına hava skeyti sürməyi yadplanetlilər öyrətmişdilər. Bədbəxt hadisə olmasın deyə, özləri də uçuşa nəzarət edirdilər. 
Sirusla Virus ilk dəfə hava skeytində uçarkən yadplanetlilər hər şeyi görürdü. Elə həmin anda Sirusun köməyinə çatıb, onu xilas eləyə bildilər. Üstəlik, internet vasitəsilə Ağıllılar Ölkəsinin merinə mesaj göndərdilər:
- Hörmətli, cənab mer! Bədbəxt hadisənin qarşısı alındı. Amma təqsirkarı cəzalandırmaq vacibdir.
Onlar həm də mesajla birgə, hadisənin kosmosdan çəkilmiş görüntüsünü də merə göndərdilər. Mer materiallarla tanış olub əmr etdi:
- Dərhal istintaq qrupu axtarışa başlasın. Təqsirkar yaxalanmalıdır!
Aradan on dəqiqə keçməmiş istintaq qrupundan məlumat daxil oldu: “Bu, adam formasına girmiş "Zimuse" internet virusudur. Bir qrup cinayətkar haker tərəfindən internet vasitəsilə oğurluq, qarət məqsədilə yaradılıb. 2010-cu ildə aşkar olunmuş bu virus ən böyük saytı bir anda dağıtmaq gücündədir. Yaydığı virus adi antivirusla məhv olmur. Yüksək peşəkarlıqla yaradılıb. Təhlükə hiss edən kimi aradan çıxır. Hakerlər tərəfindən indiyədək axtarışdadır”.
Mer qərar verdi:
- O, başqa ölkələrdə yoxa çıxa bilər. Ağıllılar ölkəsində bu mümkün deyil! Tez fəza təfəkkürlü istintaq qrupunu yanıma göndərin!
Bir azdan 13-14 yaşlarında üç uşaq şəhər  merinin qəbuluna gəldi. 
Yaşlarının az olmasına baxmayaraq, onlar az bir vaxtda ən ağır cinayətin üstünü aça bilirdilər. Mer hadisəni qısa danışsa da, balaca hüquqşünaslar hər şeyi başa düşüb dərhal əməliyyata başladılar. Heç on dəqiqə keçmə-miş cinayətkarın, yəni Virusun 165/100 fəza dairəsində olduğu məlum oldu. Mer əmr etdi:
1. Güclü antivirus proqramı işə salınsın, 165/100 fəza dairəsində Virus məhv edilsin!
2. Virus məhv edilən kimi kompyuterin “Zibil qutusu”na atılsın!
3. Virus tapılan kompyuter məhv edilsin!
Merin qərarı internetə yerləşdirildi. Virusun şəkli “Cinayətkar” kimi saytlara vuruldu.
Virus Sirusun sağ qalması xəbərini internetdən oxuyanda sevindi. Öz səhvi Virusun özünə də pis təsir eləmişdi. Virus paxıllığından  göydə uçduğu yerdə Sirusun skeytinə toxunmuş, nəticədə qəza baş vermişdi. 
Virus baxmayaraq ki, virus idi, düzünə qalsa, Sirusa pislik eləmək istəmirdi. Özündən asılı olmayaraq  pislik eləyəndə paxıllıq hissi güclənir, daxilindəki mikroblar böyüyür, viruslar artır, onun pislik eləmək arzusu çoxalırdı. Belə vaxtda o yalnız pisliyə can atırdı. Sakitləşəndən sonra yadına salanda ki, Sirus onu ölümdən qurtarıb, elədiyi pisliyə görə gec də olsa çox peşman oldu.

Bu dəfə də Virus səhvini yenə gec başa düşmüşdü. Onun heç ağlına da gəlməzdi ki, azca skeytə toxunmaqla Sirusu faciə ilə üz-üzə qoyar. Digər xəbəri oxuyanda isə dəhşətə gəldi. O, cinayətkar kimi axtarışdaydı. Virus bunu da yaxşı bilirdi ki, Ağıllılar Ölkəsində gizlənmək asan deyil. Onu tapıb məhv edəcəkdilər.
Virus vaxt itirmədən yaxınlıqdakı “sehrlidünya.com” saytında gizlənib, ordan Sirusa mesaj göndərdi: “Dostum Sirus! Məni bağışla! Sən məni ölümdən qurtardın, mən isə sənə pislik elədim. Amma inan, bunu dərk etmədən törətmişəm. Məni pis adamlar pislik üçün yaradıb. İnsanlara xeyir verən saytları məhv eləmək, virus yaymaq üçün. Sən isə öz yaxşılığınla mənə yaxşılıq, xeyirxahlıq öyrətmisən. Buna görə sənə minnətdaram. Özün düşün! Məni ölümdən qurtarmış birinə necə pislik eləmək istəyərəm?! Amma mən bunu eləmişəm! Sirus, dostum, qardaşım! Bilirəm, məni məhv edəcəklər. Səndən son xahişim var. Mənim yeganə dostum sən olmusan. Hər kəs məni öldürməyə, məhv etməyə çalışıb. Bircə səndən başqa! Buna görə sənə təşəkkür edirəm və xahiş edirəm məni bağışla!”.
Virus məktubu yazıb qurtaran kimi onu Sirusa göndərdi. Sonra isə bir küncə qısılıb məhv olacağı anı gözləməyə başladı. Çox gözləməli olmadı. Şəhər merinin əmri yerinə yetirildi. Virusun gözlədiyi dəhşətli an gəldi. Yarım saat çəkmədi ki, güclü antivirus proqramı bütün saytlara yükləndi. Virus məhv edildi. Hətta Virusun məhv olduğu kompyuteri də sıradan çıxmış kompyuterlərin zibilxanasına atdılar. Burdakı kompyuterləri ya yandırıb əridir, ya da söküb ayrı-ayrı hissələrindən istifadə edirdilər.
Bu haqda internet vasitəsilə yadplanetlilərə məlumat verildi.
Sirus isə Virusdan xəbərsiz təzə planetdə heyranlıqla ətrafa baxır, yadplanetlilərlə söhbət edirdi:
- Necə bildiniz ki, mən təhlükədəyəm, xilas etdiniz? 
- Hava skeyti sürmək, əslində, çox asandır. Amma Ağıllılar Ölkəsinin uşaqları hava skeytini yaxşı sürə bilmədiyinə görə biz həmişə onlara nəzarət edirik ki, bədbəxt hadisə baş verməsin. Bu dəfə də dalğa vasitəsilə uçuşlara nəzarət edəndə səni təhlükə gözlədiyini bilən kimi köməyinə çatdıq.
Sirus təşəkkürünü bildirdi:
- Minnətdaram! Düzü, səriştəsizlik elədim, ona görə belə hadisə baş verdi.
Yadplanetlilərdən bir başqası bu barədə fikrini bildirdi:
- Əslində, sən qaydasında sürürdün, yanındakı mane oldu.
- O mənim dostumdur, yəqin, bilə-bilə eləməyib, – Sirus dedi.
- Virus, necə sənin dostun ola bilər? O Virusdur, insan cildində olan Virus. Onu hamı kompyuter virusu kimi tanıyır. Məqsədi pislik, gözəlliyi məhv eləməkdir. Yəqin, bunu da yaxşılıqdan eləməyib.
-  Yox, siz onu yaxşı tanımırsınız, o, bilərəkdən mənə pislik eləməz!
- Sən niyə elə pislə dostluq edirsən?
Sirus bilmədi nə cavab versin:
- Virus olanda nə olar? O da istəyir ki, dostu olsun. Onunla heç kəs dostluq eləmək istəmir. Ona yazığım gəldi, tək qoymaq istəmədim.
Yadplanetlilər susdular, çünki Virusun məhv olunduğunu bilirdilər.
Sirus onlara çoxlu sual verirdi. Cavablarından Yer haqqında çox şey bildikləri hiss olunurdu.
- Mən artıq evə getməliyəm! − Sirusun gözü qol saatına sataşanda peşmançılıqla dilləndi.
- İstərdik, bir müddət bizimlə qalasan!
- Düzü, mən də qalmaq istərdim. Amma qala bilmərəm! Atam, anam nigaran qalar! Dərslərim, şahmat yarışım var.
Yadplanetlilər Sirusun getməsini istəmirdilər. Onlar öz aralarında nəsə danışandan sonra Sirusa dedilər:
- Təkrarını çıxararıq. Eynən sənə oxşar ikinci Sirusu çıxararıq, səni əvəz edər.
- Bunu necə eləmək olar?
- Bunun üçün xüsusi aparatımız var. “Təkrarat” aparatı ilə kimin istəsən təkrarını çıxarmaq mümkündür. Eynən səndən birini, hətta istəsən bir neçəsini çıxarır. Əlbəttə, əvvəlcədən onu proqramlaşdırırsan.
Sirusun təəccübdən gözləri böyümüşdü:
- Maraqlıdır! Kağızın surətini çıxarmağı eşitmişdim, insanın surətini isə yox.
- Sən qərar ver! Qalırsansa, surətini çıxaraq!
 Sirus əgər getsəydi, bütün bu qəribəlikləri görə bilməyəcəkdi, qalsaydı da ata-anası nigaran düşəcəkdi, yarışda iştirak edə bilməyəcəkdi. Fikirləşib qalmağa qərar verdi:
- Lap yaxşı, − deyə yadplanet-lilərdən biri idarəetmə pultunun düyməsini basdı. Bu vaxt hardansa kombayna oxşar maşın peyda olub Sirusun qarşısında dayandı. Yuxarıdan Sirusun üstünə böyük şüa saldı. Əvvəl fotoaparat kimi onun şəklini çəkdi. Sonra isə kabinənin qapısı yuxarı qalxdı, içərisindən isə eyni geyimdə, eyni boy-buxunda Sirus 
çıxdı. Onlar sanki eyni adam idilər. Hətta hərəkətləri də eyni idi. Sirus oxşarına baxanda onu gülmək tutdu, oxşarı da güldü. Hamı gülüşdü. 
Sonra isə gülüş səsləri kəsildi və Siruslar bir-birindən ayrılmalı oldular… Onlardan biri – əsl Sirus Kosmosda qaldı, o biri – Kosmik Sirus isə Yer planetinə uçdu.
Kosmik Sirus elə proqramlaşdırılmışdı ki, əsl Sirusdan fərqlənmirdi. Üz cizgiləri, danışığı, gülüşü, mədəni davranışı eyni idi. Heç bir əlaməti onu əslindən ayırmırdı. Elə buna görə də heç kəs ondan şübhələnmədi, əsl Sirus olmadığını başa düşmədilər. Bircə anadan başqa…
Sirusun anası Sürəyya xala balasının əlindən tutanda sanki diksindi. Elə bil, hansısa yad bir qüvvə ananı baladan ayırdı. Ana diqqətlə balasının üzünə baxdı. Sanki ürəyinin dərinliyində kimsə ona deyirdi: “Sirus dəyişib!”. Cansız Sirus o saat bunu başa düşdü. Bütün proqramını işə salıb şübhəni aradan götürdü:
- Sənin üçün darıxmışam, ana, − deyib, ananın boynuna sarıldı. 
Ana da onu qucaqladı:
- Mən də. Son vaxtlar, nədənsə, evdə çox az olursan.
- Şahmat məşğələləri, yarışlar, dərslər vaxtımı alır.
- İstirahət də lazımdır.
- Düzdür, ana!
- Gəl, yemək yeyək, yəqin, acsan!
- Acından ölürəm!
Kosmik Sirus anası bişirən plovdan ləzzətlə yedi. Çayı içəndə isə bir az anlaşılmazlıq yaratdı. Onu proqramlaşdırarkən çay içmək proqramı unudulmuşdu. Kosmik Sirus bilmədi çayı necə içsin. O, çayı içəndə ana ona qənd verdi. Sirus bilmədi qəndi neyləsin? Qəndi ağzında o tərəf-bu tərəfə fırladaraq oynatmağa başladı. Qənd ağzında müxtəlif səslər çıxartdı. 
Ana təəccübləndi:
- Sirus, bu necə çay içməkdir? Başqa yerdə də belə çay içərsən sənə gülərlər. Heç sənə yaraşmır.
- Ana, bəs necə içim?
Ana elə bildi oğlu zarafat edir:
- Qoy bir az soyusun, sonra qəndi qoy ağzına, qurtum-qurtum çaydan iç!
- Qoy yazım, − Sirus qələmini götürdü.
Ananın ona şübhə ilə baxdığını görüb tez vəziyyətdən çıxdı. Bərkdən güldü. Ana da elə başa düşdü ki, Sirus zarafat eləyir. O, mətbəxə gedən kimi Sirus çay içmək qaydasını qolundakı cihazla tez yaddaşa yazdı.
Kosmik Sirus elə proqlamlaşdırılmışdı ki, o, istədiyi qədər yeyə bilir, sonra isə yemək dolan mədə qabını çıxarıb boşaldır, yuyub təzədən yerinə taxırdı. O, bunu elə edirdi ki, kimsə xəbər tutmasın. Bunu eləyəndə qolundakı idarəetmə pultunda “0” düyməsini basaraq gözəgörünməz olurdu. Sonra isə radio dalğası kimi uçub istədiyi yerə gedə bilirdi. Həyətdə xəlvət bir yer qazıb yemək qabını ora boşaldır, sonra isə üstünü torpaqla basdırırdı ki, görməsinlər. Bu, Sirusun ən xoşlamadığı bir iş olsa da, yerinə yetirməliydi. Onun öz “yeməyi” isə balaca bir həb idi. Bu həbin içərisində kosmik adamın “yaşaması” üçün əsas bir şey var idi, robot adam onsuz bir gün də yaşaya bilməzdi. Bu, robota hərəkət verən enerji idi. 
Adı da “enerj” idi. “Enerj”siz Kosmik adam məhv olmazdı, sadəcə, hərəkətsiz qalardı. 
Kosmik Sirus həbi hər gün eyni vaxtda, gecə saat 1-də qəbul edirdi. Gördüyü işlər barədə informasiya hər beş dəqiqədən bir 
kosmosa – məlumat bazasına gedirdi. Əsl Sirus bu barədə tez-tez məlumat alır, lazımi tapşırıqlarını da verirdi.
Kopya Sirus məktəbə gedir, şahmat yarışlarında iştirak edir, gündəlik həyatını yaşayırdı. Əslində həqiqi Sirus olmasa da, rolunun öhdəsindən bacarıqla gəlirdi. Hərdən xırda səhvlərə yol versə də, zarafata salıb, tez səhvini düzəldirdi.
Həqiqi Sirus isə macəra axtarırdı. Ata-anası, sinif yoldaşları üçün darıxsa da, gəzmək, dünyanın görünməyən tərəflərini görmək, sirlərini öyrənmək üçün səyahət eləməyi vacib saydı.
Sirus elə sevinirdi ki, Kosmosda gəzəcək, təsəvvürünə belə gətirə bilmədiklərini gözləri ilə görəcəkdi. O, kopyasını Yerə yola salandan sonra vaxt itirmədən gəzintiyə hazırlaşdı. Ətrafındakı yadplanetlilər də Sirusa maraqla baxır, ona diqqətlə qulaq asırdılar. Sirus birdən diksindi. Yadplanetlilər qeyri-adi gülümsədilər. Sirus təəccüblə soruşdu:
- Bu nədir ki?
Yadplanetlilərdən biri dilləndi:
- Qoluna taxılan cihaz səsləndi. Kopyan sənə mesaj göndərir.
Sirus qol cihazına baxdı. Doğrudan da saata oxşar cihaz dayanmadan səssiz titrəyirdi. Təzəcə yerə yollanmış Kosmik Kopya mesaj göndərmişdi. Mesaj aydın oxunurdu: “Sənə internetlə 102 mesaj göndərilib!”.
Sirus ətrafına toplaşmış yadplanetlilərdən soruşdu:
- Mesajlarımı necə oxuya bilərəm?
- Cavab yaz ki, kopyalayıb sənə göndərsin, monitorda oxuyarsan!
Bir azdan Sirus rahatlıqla ona göndərilən mesajları oxuyurdu. 
Onların çoxu xaricdə yaşayan dostlarından, tanışlarından, hətta tanımadıqları uşaqlardan idi. Biri Sirusun daha çox diqqətini cəlb elədi. Çünki özünə yaxın dost bildiyi Virusdan idi.
Hava skeytini sürərkən Sirus havada neçə dəfə Virusa irad tutsa da, Virus skeyti öz bildiyi kimi sürmüş, nəticədə qəza olmuşdu. Buna görə də dostuna o qədər acıqlıydı ki, hətta onunla dostluğuna son vermək qərarına gəlmişdi. Atalar doğrudan da gözəl deyib: “Dost gərək dostuna oxşasın ki, onların dostluğu tutsun!”. “İndi mən də ürəyimdən keçənləri yazıb göndərərəm, dostluğumuz qurtarar!”. Belə bir qəti qərarla Sirus cavab yazmaq istəyəndə məktubu diqqətlə oxumağı qərara aldı. Aman, oxuyan kimi dəhşətə gəldi. Virus yazırdı, onu məhv etmək üçün axtarırlar.
Bir anda Sirusun Virusa qarşı bütün hirsi soyudu. Bayaqdan bəri ürəyində onu ayrılmaqla hədələyən Sirus bircə dəqiqənin içərisində dəyişdi. İndi o daha ayrılmaq yox, dostuna kömək eləmək barədə düşünürdü. O, Virusun tamam məhv edildiyindən, hətta onun tapıldığı kompyuterin  “kompyuter ölüxanası”na, yəni zibilxanaya atılmasından belə, xəbərsiz idi. Bir az bundan əvvəl “Kosmosu gəzəcəyəm!” –  deyə sevinən Sirusun səsi birdən kəsildi. Sanki o, həyatında ilk bədbəxt hadisə ilə üzləşmişdi. Ətrafındakılar o saat başa düşdülər ki, Sirus mesajdan pis bir xəbər eşitdi.
Soruşdular:
- Nə oldu sənə, Sirus?  
- Dostum dara düşüb!
- Ona bir şey olub?
- Bilmirəm, mən təcili Ağıllılar Ölkəsinə gedib, 
dostumu dardan qurtarmalıyam!
- Darıxma, biz səni tez bir zamanda ora çatdırarıq. 
Bəs Kosmosu gəzmək istəyirdin?
- Başqa vaxt gəzərəm.
Az bir vaxtda Sirus artıq Ağıllılar Ölkəsində – şəhər merinin yanındaydı. Mer Sirusun Virusu xilas eləmək xəbərini eşidəndə məəttəl qaldı:
- Sənin kimi ağıllı bir oğlanın Virusla dostluq eləməsi məni çox təəccübləndirdi.
- O mənim dostumdur. Deyirlər, eyibsiz dost axtaran dostsuz qalar! Təcili dostumu tapmalıyam!
Əslində, mer belə sual-cavaba tutmaqla Sirusla danışmaq, yaxşı ilə pisin dostluğunun mümkün olmadığını oğlana başa salmaq istəyirdi. Amma buna nail ola bilmədi. Əlacsız qalan mer Virus məhv edilən kompyuterin hansı zibilliyə atıldığını Sirusa xəbər verdi. Sirus çox asanlıqla həmin yeri tapsa da, Virusu yenidən bərpa eləmək elə də asan olmadı. Onun üçün şəhər meri təzədən istintaq qrupuna tapşırıq verməli oldu. Bir neçə proqramçı bu işlə məşğul olandan sonra, nəhayət ki, Virusun gözlərində işıq yandı.
Elə ki Sirus Virusu ölümdən xilas elədi, dostlar sevincdən yerə-göyə sığmırdılar. Onlar dovşan kimi atılıb-düşür, köhnə kompyuterlərin üstündən tullana-tullana qaçırdılar.
Virus inana bilmirdi ki, dostu onu bağışlayıb. O, mikroblardan yaransa da, Virusun ona elədiyi yaxşılıqlar qarşısında anbaan dəyişilirdi. Sirus fikirləşirdi: “Mikroblardan, pislik üçün yaranmış Virusu dəyişdirmək mümkün oldusa, deməli, yaxşılıqla bütün pisləri dəyişdirmək mümkündür. Bircə bu addımı atmaq, risk eləmək və səbirli olmaq lazımdır!”.
Sirusu bu fikirlərdən dostunun səsi ayırdı:
- Sirus, dostum! Bizi daha heç nə ayıra bilməz! Heç vaxt bir-birimizdən incimərik! Bircə sən mənim hərəkətlərimə özün nəzarət elə. Bəzən mən paxıl oluram. Sən bilirsən ki, mən Virusam, pisliyi sənə istəmədən edirəm. Axı mən ən peşəkar, yüksək dərəcəli, oxumuş Virusam, mikroblardan yaranmışam, pisliklərdən düzəldilmişəm. Özüm də bilmədən pislik eləyirəm. Yaxşı ki, sən məni 
bağışlamağı bacarırsan.
Birdən Sirus ürəkdən gülməyə başladı:
- Hər şeyi başa düşdüm, amma “oxumuş virus” sözünü başa düşmədim. O, necə olur ki?
- Çox sadə. Əvvəl bağçada, sonra məktəbdə oxuyursan. Əsas təhsilini isə Yalançılar Ölkəsində alırsan.
- Elə bir ölkə yoxdur, yalan demə!
- Var, inan mənə! Həmin ölkədə hər şey yalandır.
Virus Yalançılar Ölkəsindən xeyli danışdı. Sirusun ona inanmadığını görüb dedi:
- İnanmırsan? Gedək Yalançılar Ölkəsinə, hər şeyi gözünlə gör!
- Gedək, maraqlıdır! Amma bax, sənə deyirəm, bir də mənə pislik eləsən, incimə, bağışlayan deyiləm! Böyüklər düz deyir: “Hər kəs gərək öz tayı ilə dostluq eləsin!”.
- Əlbəttə, söz verirəm!
- Söz?
- Söz! Getdik Yalançılar Ölkəsinə!
Onlar səyahətə çıxdılar. Həmişəki kimi Sirus gözlərini yumdu, açanda isə özünü Yalançılar Ölkəsində gördü. Yalançılar Ölkəsi çox gözəl idi. Sirusun ağzı lap açıla qalmışdı. Uşaq parkı, ordakı füsunkar, möhtəşəm karusellər Sirusun lap ağlını başından çıxarmışdı. Karuselin üstündə yazılmışdı: “Sənin canın üçün karusel elə sürətlə uçur ki, düz 10 dəqiqəyə Marsa çatır və qayıdır”.
Sirus maraqla dedi:
- Gəl bu karuselə minək. Üstündə and yazılıb, "Sənin canın üçün". Yəqin düz olar, minək, məndə pul var!
- Onların andına inanma, burda and içməyi hamı xoşlayır. Onlara fikir vermə, amma istəyirsən minək, maraqlıdır! Məndə çoxlu pul var!
Sirus təəccüblə Virusa baxdı ki, soruşsun, "Hardandı səndə çoxlu pul?", bu vaxt Virus cəld kassirə yaxınlaşdı. Boş əlini kassada oturan qadına uzadıb dedi:
- Bizə 2 bilet verin!
Kassir də Virusun əlindən pulu guya götürüb pul qutusuna qoydu. Sonra isə əlinin hərəkəti ilə guya bilet kəsib ona verdi. Əslində isə heç nə vermədi. Bu dəfə də onun əli boş idi.
Virus guya bileti alan kimi hərəkət edib Sirusa dedi:
- Getdik karuselə!
Sirus “getdik karuselə” sözünü eşidən kimi, sevincək “ura” qışqırıb karuselə mindi. Onlar rəngarəng kabinədə oturan kimi işıq söndü, kabinə fırlandı. Pəncərədən Mars planetinə oxşar görüntülər göründü. Beş dəqiqəyə karusel guya Marsdan qayıtdı. 
Karuselin qapısı açılanda uşaqlar gördülər qapının ağzında iki mars konfeti var. Sirus kassirə dedi:
- Bu, ağ yalandır! Bizim karusel heç yerindən tərpənmədi. Axı 
burda yazıda and içilib ki, karusel doğrudan Marsa gedir?
- Elə bil, uşaq aldadırlar! – Virus da əlavə elədi.
Kassir uşaqların sözünə ürəkdən güldü:
- Marsa gəlib də, görmürsünüz, qarşınızdakı Marsdır...
Uşaqlar ikisi də qarşılarında stolun üstündə qabda qoyulmuş "Mars" konfetini görəndə küt-küt bir-birlərinə baxdılar. 
Kassir isə hələ də gülürdü. O qədər gülmüşdü ki, gözlərindən su axırdı:
- Götürün, götürün, sizinkidir. Biz karuselə minən uşaqlara "marsı" sürpriz edirik! Əvvəlcə uşaqlar "marsı" götürmək istəmədilər. Amma kassirin təkidindən sonra götürüb tez ordan uzaqlaşdılar. Konfeti açdılar. Bu dəfə lap hirsləndilər. Konfetin içərisində konfet yox, qəhvəyi rəngli taxta parçası var idi. Sirus "konfetləri" hirslə zibil qutusuna atıb dedi: 
- Ona bax, yekə arvaddır, bizi aldadıb deyə, səhərdən boş-boş gülür. 
- Burda hər şey yalandır, mən səni xəbərdar eləmişdim.
- Doğrudan ha, elə əsl Yalançılar Ölkəsidir.
- Bilirsən, eşitdiyimə görə, buranın bütün məktəblərində uşaqlara yalan öyrədirlər. 
Sənə maraqlıdırsa, gedək mən oxuduğum məktəbə. 
- Sən də burda oxumusan ki?
- Oxumaq istəyən Viruslar yalnız bu məktəbdə oxuyur. 
- Maraqlıdır, gedək!
Sirusla Virus məktəbə gəldilər. Bir sinfə girdilər. Heç kəs onlardan niyə gəldiklərini, hardan gəldiklərini soruşmadı. Heç kəs düzgün danışmırdı deyə, cavab da kimsəyə maraqlı deyildi. 
Bir azdan zəng vuruldu. Balaca boylu, eynəkli bir kişi, yanında da qaşqabaqlı bir müəllimə sinifə daxil oldu. Virus dedi:
- Bu, məktəbin direktorudur!
Direktor:
- Tanış olun, təzə müəllimənizin adı Yaman müəllimədir! Sizə “Hopgopologiya” fənnindən dərs deyəcək. Yalançı qızıl medal mükafatçısıdır. Yaman müəllimə sizə az bir vaxtda utanıb-qızarmadan inandırıcı yalanlar danışmağı öyrədəcək. Sizə uğurlar!
Direktor getdi, Yaman müəllimə dərsə başladı. Düz, iki saat dayanmadan, nəfəsini dərmədən, zəng çalınana qədər yalan danışdı, sonra isə dedi:
- Növbəti dərsdə siz danışacaqsınız, mən sizi eşidəcəyəm!
Zəng içəri vuruldu. Yaman müəllimə sinfə girən kimi çantasını açdı, ordan uzun bir çubuq çıxarıb bərkdən stola vurub dedi:
- Hopgopologiya fənninin ikinci dərsinə başlayırıq! Bugünkü dərsimizin adı “İnandırıcı yalanlar”dır. 
Bu dərsdə hər kəs özündən fantaziya qurmalı, inandırıcı 
yalan uydurmalıdır. Kim mənim dərsimdə düz söz danışsa, 
mənə cavab verməli olacaq! İndi kim bir inandırıcı yalan deyər?
Hamı əlini qaldırdı. Bir şagird dedi:
- Dünən eyvandan baxırdım, bir maşın çox sürətlə gəlirdi, yəqin ki, sürəti saatda 200 km olardı!
- Ola bilər!  Bəlkə çox tələsirmiş. “2” alırsan!  
Yaman müəllimə həmin şagirdə “2” yazdı.
Başqa birisi dedi:
- Axşam anam saçlarımı hördü, saydım, düz, yüz hörük oldu.
- Ola bilər, lap 200 də ola bilər! “2” alırsan!
Digəri:
- Bağımızda balqabaq yetişib, 50 kq olar. 
- “2” alırsan! Braziliyada bir balqabaq yetişib, çəkisi 100 kq-dır. 
Dərsdən hamı “2” alandan sonra, Murad yaxşı qiymət aldı. 
Bu, belə oldu. 
Növbəti dərsə gecikən Murad axsaya-axsaya sinfə daxil oldu. 
Yaman müəllimə bir çubuq götürüb hirslə stola çırpdı və qışqırdı:
- Cavab ver! Niyə dərsə gecikirsən?
Murad başına gələnləri danışdı:
- Tənəffüsdə avtobusla evə getdim. Dəftərimi götürüb qayıtmaq istəyəndə 
avtobus olmadı. Ağlıma bir fikir gəldi. Dəftərimdən bir kağız cırıb qayıq düzəltdim, qələm yonanı da mühərrik əvəzi qayığa bərkitdim. Qəzet köşkündən batareya alıb mühərrikə qoşdum. 
Çantamdan su butulkasını çıxarıb yerə tökdüm. Qayığı suya qoyub, mühərriki işə saldım. Qayıq yerindən elə götürüldü ki, özümü güclə içinə atdım. Elə təzəcə yerimi rahatlayırdım ki, qayıq ildırım sürəti ilə məktəbi ötüb keçdi. Qışqırdım: "Aman, dərsə gecikəcəyəm!". Mühərriki dayandırana qədər, qayıq açıq dənizə çıxdı, çimərlikdə dayandı. Çantamdan qələm qutusunu çıxardım. Kağıza mobil telefon şəkli çəkib yapışdırdım qutunun üstünə. Mühərrikdən batareya çıxarıb qutuya qoydum. 10 qələmin hərəsinin üzərinə bir rəqəm yazdım. Sonra onunla nömrə yığıb dostuma zəng elədim: “Dərsə gecikirəm, müəlliməyə de hirslənməsin, gəlirəm!”.
Dostum dedi: “Mən Hindistanın paytaxtı Pakistandayam, axırıncı dərsə ancaq çataram”. Elə bu vaxt yadıma düşdü ki, dostum yarışdadır. Başqa çıxış yolu tapdım. Yaxınlaşdım çimərlikdə təyyarəsini yuyan birisinə dedim:
- Dərsə gecikirəm, məni tulla məktəbə!
- Təyyarəm yaşdır, dedi, qoy sıxım, qurusun, gedək! 
O, bir dəfəyə o boyda təyyarəni elə sıxdı ki, təyyarə düyünə düşdü. Eləcə də məni mindirib, pilot papağını başına qoyub əmr elədi:
- Sərnişinlər! Yerinizi tutun, kəmərlərinizi bağlayın!
Pilot təyyarəni elə sürətlə sürdü ki, düz beş dəqiqəyə məktəbə çatdıq. Məktəbin yanında təyyarənin qapısını açdı. Təyyarəni yana elə çevirdi ki, guruppultu ilə düşdüm məktəbin həyətinə. Üst-başımı təmizlədim. Dedim:
- Ey, neyləyirsən, belə də təyyarə sürərlər?  
- Neyləyim, özün dedin, məni məktəbə tulla, mən də tulladım, “sağ ol”undur?
- Yaxşı, sağ ol! 
Axsaya-axsaya özümü birtəhər sinfə saldım. Yaman müəllimə, ona görə də bağışlayın, dərsə gecikmişəm!
- Otur, çox ciddi səbəbdən dərsə geciksən də, dərsi gözəl danışdın. Sənə “əla” qiymət verirəm!
Virus sakitcə oturmuşdu. Sirus isə təəccübdən yalan danışanlara heyranlıqla qulaq asırdı. O gah həyəcanlanır, gah da onu gülmək tuturdu… 
Kompyuter Dünyasında Yalançılar Ölkəsi Sirusun ona görə çox xoşuna gəldi ki, burda Sirusla Virus hər addımbaşı gülməkdən uğunub gedirdilər.
Sirus və Virus Kompyuter Dünyası ilə yorulmadan səyahət edirdilər. Ağıllılar Ölkəsindən vurur, Azad Uşaqlar Şəhərciyindən çıxırdılar. Dondurma Şəhərciyindən girib, Səfehlər, Yalançılar Ölkəsindən çıxırdılar... Dostların kefi çox kök idi. Onlar deyib-gülür, şənlənirdilər. Sirus iki dəfə Virusu ölümdən qurtarmışdı. Virus and içmişdi ki, daha dostuna heç vaxt paxıllıq, pislik eləməyəcək!
- Tək mənə yox, ‒ Sirus dedi, - heç kəsə pislik eləməmə-lisən! Pisliyi atmalısan! 
- Oldu, xilaskarım, daha heç kəsə pislik eləmərəm! 
Dostum belə məsləhət görürsə, belə də olmalıdır!
- Bir dəfə də pisliyini görsəm, mütləq ayrılacağıq!
Virus dəfələrlə Sirusa söz versə də, sözündə dayana bilmir, pisliyindən qalmırdı. 
Ona görə də bir gün dostlar arasına yenə inciklik düşdü. Bu hadisə belə olmuşdu:
Bir gün Virusun qol kompyuterinə mesaj gəldi: “Təcili Mikroblar Ölkəsinə gəl!”. Bu amiranə mesajı oxuyan kimi Virusun rəngi ağappaq oldu. O, qolunu gizlətməyə çalışsa da, mesaj Sirusun gözündən yayınmadı. Təəccüblə dostuna baxıb soruşdu:
- Belə bir ölkə tanıyırsan?
- Əlbəttə tanıyıram, Mikroblar Ölkəsi mənim vətənimdir!
- Həmin ölkə haqqında mənə heç nə danışmamısan! Orda hər şey mikrobludur?
- Nə danışım?! Ölkənin adından hər şey məlumdur. Təkcə mikroblu olsaydı, nə vardı?!
Virus susdu, bu barədə danışmaq istəmədi.
- Danış, niyə bikef oldun? − Sirus təkid elədi.
- Mikroblar Ölkəsində mikroblar, viruslar yaşayır, bakteriyalar cücərdilir, pislər yaradılır.
- Bəs mesajı sənə ordan kim göndərib?
- Bir tanış, − deyə Virus həqiqəti dostundan gizlətmək istəsə də, artıq gec idi. 
Sirus şübhə içərisində fikirləşdi: “Tanış üçün bir az şübhəli mesajdır: Təcili Mikroblar Ölkəsinə gəl!”. Niyə hansısa tanış Virusa əmr etsin axı?”.
Sirus qərara gəldi ki, Virusu tək buraxmasın:
- Mən də səninlə gedirəm! Əgər hər yerə bir gediriksə, niyə Mikroblar Ölkəsinə birlikdə getməyək?
- Sirus, əziz dostum! Gəl bu fikrindən dön! Nə işin var sənin mikroblu ölkədə, virus tutasan, mikrob 
udasan? Mən mikrobdan yaranmışam, mənə heç 
nə olmaz. Sən məhv olarsan! Tərsliyindən əl çək!
- Bir gedəcəyik, mənə maraqlıdır Mikroblar Ölkəsi!
- Əl çəkmirsənsə, gedək! Bir şey olsa mənlik deyil!
- Getdik!
Dostlar hər ölkəyə sevinclə getsələr də, nə Sirus, 
 nə Virus Mikroblar Ölkəsinə sevinclə yollanmadılar.
Onları Mikroblar Ölkəsinin eybəcər sakinləri qarşıladı. Həm geyimləri, həm də qəribə üz ifadələri Sirusu lap çaşdırmışdı. Yarıinsan, yarıheyvana bənzəyirdilər. 
Bəzilərinin səsləri qulaqbatırıcı nazik, bəzilərininki isə çox kobud idi. Heç kəs yavaş danışmır, hamı qışqırırdı. Elə bil hamısı kar idi. Addımbaşı isə dava düşürdü:
- Sən məni itələdin!
- Yaxşı elədim!
- Mən sənə yaxşını-pisi başa salaram!
Əlbəyaxa dava gedirdi. Başqa biriləri deyirdilər:
- Tumu çırtlayıb üstümə atma!
- Çəkil, üstünə düşməsin!
- Olmaz ki, sən o tərəfə atasan?
- Olmaz! Hara istəyirəm, ora da atıram! Özüm bilərəm!
- Mikrobsan, mikrobluğunu göstərirsən!
- Özünsən mikrob! İndi payını alarsan!
Yenə dava başladı.
Beləliklə, Sirus yolboyu belə davaların çox şahidi oldu. Bir də Virusun başı mesaj yazmağa qarışdığından, az qalmışdı, çox pis bir hadisə baş versin. Sirus belə bir hadisənin şahidi oldu. Bir az aralıda satıcı balaca qıza dondurma verəndə dondurma onun öz əlindən yerə düşdü. O, dondurmanı yerdən götürüb qıza verəndə qız onu almayıb başqasını istədi. Satıcı elə qışqırdı ki, 
qız diksindi:
- Nə istəyirsən? Elə bil, Mikroblar şəhərində yaşamırsan? Nə olub, azca torpağa dəymişdi, torpaqlı yerini təmizlədim. Al ye, başqasını vermirəm. Yesən də budur, yeməsən də...
Sirus hirsləndi. Dondurmasatana etirazını 
bildirib uşağı müdafiə elədi:
- Düz eləmirsiniz, dondurma sizin əlinizdən yerə düşüb, onun yerinə təzəsini verməlisiniz!
- Sən kimsən?
- Sirusam. Kim olduğumun məsələyə dəxli yoxdur. Uşağa təzə dondurma verin. Pulunu ödəyərəm!
Dondurmasatan hikkəsindən dondurma arabasını açarlayıb qışqıra-qışqıra danışmağa başladı. Ətrafdakılar dondurmasatanın başına yığışdılar. Dondurmasatan həyəcanla olanları danışdı. Sirus elə bilirdi ki, indi hamı onun dediyini təsdiq edib, dondurmasatanı tənqid edəcək, amma əksinə oldu. 
Sirus yaman qorxdu. Eybəcər məxluqlar Sirusu “tərbiyə etmək”, yəni dərsini vermək üçün, daha doğrusu, əzişdirmək məqsədilə onun üstünə gəlməyə başladılar. Yolda o qədər səs-küy var idi ki, Virus yanındaca baş verənlərdən xəbərsiz idi. Bir də başını qaldırdı ki, mikroblar gözlərini bərəldib, yumruqlarını düyünləyib, çirkli dırnaqlarını uzadıb düz Sirusun üstünə gəlirlər. Nə yaxşı ki, Virus köməyə çatdı. Yoxsa bədheybət varlıqlar Sirusu öldürəcəkdilər. 
Sirus Mikroblar Ölkəsində gördüklərindən dəhşətə gəlmişdi. Hara baxırsan, natəmizlik, kimi dindirirsən hirsli. Şəhər sakinlərinin hamısı bir-birinə bənzəyirdi. Özləri çirkli, üst-başları cındır günündə, ayaqqabıları palçıqlı… Danışanda isə sanki söhbət eləmir, dalaşırdılar. Demək olar ki, hər cümlədən sonra and içirdilər. Axırda da dava düşürdü:
- İnanmırsan, cəhənnəmə inan!
- Özün cəhənnəm ol!
- Mənə deyirsən?
- Sənə deyirəm!
Belə dialoqlar Sirusu elə bezdirmişdi ki, o, ilk dəfəydi ki, başqa ölkədə olanda, tez qayıtmaq istədi:
- Qayıdaq, bura çox pisdir, hamı dalaşır, söyüş söyür.
- Tək qayıda bilməzsən, qoy, “MMM”ə baş çəkim, sonra bir gedək!
- “MMM” nədir ki?
- Mikrobları Müdafiə Mərkəzi!
- Nə var “MMM”də?
- Çağırıblar, lazımam!
Sirus əlini-əlinə vurub ürəkdən güldü:
- İlk dəfədir səni belə ciddi görürəm! Axı nəyə lazımsan? Sən ziyankarlıqdan başqa nəyə lazım ola bilərsən ki?!
Virus dinmədi. Sirus səhvini başa düşdü. O, kobudluq eləmişdi. Virus ziyankar olsa da, Sirus onunla dostluğa söz vermişdi. İndi isə onu lağa qoyurdu. O, dostunun 
könlünü almağa çalışdı:
- Elə demək istəmədim. Sən virus da olsan, get-gedə dəyişirsən, biz dostuq. Barışdıq?
“Barışdıq” sözünü eşidən kimi Virusun rəngi dəyişdi. Üzü güldü:
- Barışdıq! Amma yadda saxla ki, bura Kompyuter Dünyasında ən dəhşətli yerdir. Bir də xətrimə dəysən, səni elə burdaca qoyub gedərəm!
- Bircə bunu eləmə! Harda qalsam da, bircə Mikroblar Ölkəsində qalmayım! Düzdür, cəhənnəmi görməmişəm, amma deyəsən, elə cəhənnəm buradır!
- Bax, yenə xətrimə dəyirsən! Yadda saxla ki, bura mənim doğma vətənimdir!
- Ümidvaram, bir gün elə bir güclü antivirus proqramı kəşf olunacaq ki, sənin cəhənnəmə oxşar vətənin yerlə-yeksan olacaq!
Bir anda Virus yox oldu. Sirus qorxuya düşdü:
- Yenə küsdün, dəymədüşər mikrob? Zarafat elədim, hardasansa tez elə, işini qurtar, çıxıb burdan birdəfəlik yox olaq!
- Sirus, səndən çox xahiş edirəm ki, bir də mənim vətənimi lağa qoymayasan.Vətənin pisi-yaxşısı olmaz!
- Oldu. Baş üstə!
Virus göründü. Onlar tələsik “MMM”ə yola düşdülər.
Hər yan tör-töküntü olsa da, “MMM” çox səliqəli, müasir bir ofis binası idi. İçəridə xüsusi geyimdə olan işçilər işləsə də, sir-sifətlərindən pislik yağırdı. Bir az da qorxulu idilər. Qorxulu mikrob əmilər onları qəribə bir otağa dəvət elədilər. İçməyə şirə gətirdilər. Şirənin içərisində milçəyə oxşar, canlı həşəratlar var idi. Onu görən kimi Sirusun ürəyi bulandı. Virus isə ləzzətlə içərək dostuna dedi:
- Bu mənim üçün ən dadlı şirədir. İç, xoşuna gələcək!
Sirusun rəngini, halını görüb onun da payını içdi. Mikrob əmilər Virusla anlaşılmaz bir dildə danışırdılar. Virus hərdən əsəbləşir, hərdən isə sakit danışırdı. Sonra bir çamadan gətirib Virusa verdilər. Virus hirslə çamadanı götürüb “MMM”dən çıxdı. Sirus da arxasınca.
- Bunlar nədir? − Sirus soruşdu.
- Mikrob!
- Hara aparırsan onları?
- Kompyuterlərə, internetə!
- Niyə ki?
- Necə yəni “niyə?” Hərənin öz işi var, bu da mənim 
işimdir. Aparıram virus yaymağa!
- Sən bunu eləməməlisən!
- Onda mənim özümü məhv edərlər!
- Bu mikrobları aparsan, səninlə dostluğum qurtaracaq!
- Aparmasam da qurtaracaq, çünki məni məhv edəcəklər!
- Bəs nə edək?
- Çıxış yolumuz yoxdur, aparmalıyam!
- Yaxşı, aparaq! – Sirus çarəsiz razılaşdı. Birdən nəsə fikirləşib Virusa qışqırdı:
- Qəribə adamsan, ciyərim susuzdan yanır, bayaq mənim şirəmi niyə içdin?
- İçmirdin axı?
- Kim sənə dedi ki, mənim də payımı içəsən?
- Qışqırma! Onu da burdakılardan öyrəndin?
- Neyləyim, susamışam, tez elə, həmin içkidən tap, gətir!
- Gəl, yoldan alarıq! 
Sirus razılaşmadı:
- Yox, get mənə “MMM”dən həmin şirədən gətir. İçində də həmin cücülərdən olsun!
- Aman, deyəsən, səndə də mikroblaşma gedir, gözlə, gedim gətirim. Çamadanı gözlə, oğurlayarlar.
Virus təzəcə aralanmışdı ki, Sirus çamadanı açdı. Açan kimi bayaq stəkanda gördüyü həşəratlardan bəlkə də milyonu ətrafa səpələndi. Sirus qorxub qışqırdı. Həşəratlar onun üz-gözünə, paltarına yapışdılar. Sirus özünün başına-gözünə çırparaq güclə onlardan canını qurtardı. Onları qovub çamadanı bağladı. Yaxşı ki, mikroblar tez yox oldu, yoxsa Virus hər şeyi başa düşəcəkdi. Virus gəlib çıxdı. Əlində də şirə:
- Al iç, indicə düzəltdilər, içindəki mikroblar da təzədir.
Sirus içkiyə baxanda yenə ürəyi bulandı. Amma özünü o yerə qoymadı:
- Yox, həmin şirədən deyil!
- Həminkindəndir. Mikrob şirəsidir!
- Bəs niyə içərisində tərpənən cücülər yoxdur?
- Çünki təzədir. Bir azdan canlanacaqlar.
- Onda əlimdə saxlayaram, canlananda içərəm!
Onlar internet-kluba yollandılar ki, ordan Kompyuter Dünyasına girsinlər. Sirus hər dəfə dostu görməyəndə stəkandakı şirəni yola tökür, guya içirdi. Beləliklə, şirə qurtardı:
- Stəkanı hara atım?
- Yerə!
- Necə? Mən yerə zibil ata bilmərəm!
- Burda zibilqabı olmur.
Sirus əlindəki stəkanı divarın dibinə qoydu. Baxdı ki, divarda yazılıb: “Bura zibil atana təşəkkür edirik!”. 
“Əcaib ölkədir!” – deyə fikirləşdi. Virus Sirusun əlindən tutdu. Bu, o demək idi ki, “Hazır ol, Kompyuter Dünyasına yollanırıq!”.
Sirus gözlərini yumdu. Gözünü açanda özünü böyük zavod kimi bir yerdə gördü. Bura elə bir yer idi ki, sanki saat mexanizminin içərisi idi. Sirus dedi:
- Buranı tanıyıram, Kompyuter Dünyasıdır.
- Düz tapmısan!
- Biz həmişə burdan keçib hansısa bir ölkəyə gedirdik!
- O da düzdür.
- Bəs indi niyə dayandıq? Niyə evə qayıtmırıq?
- “MMM”in tapşırığını yerinə yetirim, gedək!
Sirus hirsləndi:
- Ziyankar bir işlə məşğul olursan? Çamadanı açıb onunla haranısa mikroblayacaqsansa, onda mən adda dostun yoxdur. Mikroblar Ölkəsində sənə başa sala bilmədim. Həm də qorxdum səni məhv edərlər. Yadına sal ki, söz vermisən, heç kəsə pislik eləməyəcəksən.
- Bəs onda necə eləyim?
- At çamadanı getsin!
- Olmaz, mənə verilən tapşırığa əsasən, gərək çamadanı açam, viruslar kompyuterə, internetə yayılsın. Yoxsa məni yox edərlər.
- Birdəfəlik de ki, qorxursan, qorxaqsan!
Virus az qala pıçıltı ilə dedi:
- “MMM”i yaxşı tanısan, sən də qorxarsan!
- Eləmək istəmədiyim bir işi eləməyi mənə heç kəs məcburi elətdirə bilməz!
- Elə bilirsən mən bu işi eləmək istəyirəm? “MMM” bir tərəfdən məni sıxır, sən də bir tərəfdən… Başa düş, bu, elə-belə viruslar, mikroblar deyil. Qorxulu viruslardır. Ona görə ciddi nəzarətdədirlər. Mən mütləq çamadanı açıb virusları internetə  buraxmalıyam. 
Viruslar da kompyuter vasitəsilə ən çox kompyuterin qarşısında olan uşaqlara keçməlidir. 
Virus daha danışa bilmədi. Səsi titrədi. Sirus dostunun kövrəldiyini hiss elədi. Məəttəl qaldı. Virusun gözləri dolmuşdu. Onun kiməsə rəhmi gəlirdi. Sirus öz qələbəsinə sevindi. Mikroblardan yaranmış birisinin dəyişə bildiyinə sevindi:
- Əla! Sən dəyişmisən, Virus! Əvvəllər kiminsə ziyan çəkəcəyi səni narahat eləməzdi. Hətta sevindirərdi. İndi sən uşaqlara mikrob keçəcəyinə görə narahatsan! Hətta gözlərin yaşarır. Səni təbrik edirəm!
- Nə danışırsan? İndi kompyuterlə uşaqlara virus göndərəcəyəm, sən isə məni təbrik elə!
- Buna görə ürəyini sıxma! Səndən qabaq çamadanı açıb mikrobları “MMM”-də boşaltmışam!
Virusun iri gözləri elə bərəldi ki, az qala hədəqəsindən çıxacaqdı.
- İnanmaram! Bunu nə vaxt elədin?
Sirus özünü gülməkdən güclə saxladı. Düzünə qalsa, qorxdu gülməyə. O bilmirdi ki, Virus onun hərəkətindən hirslənəcək, yaxud razı qalacaq. Qorxa-qorxa dedi:
- Sən mənə şirə gətirməyə gedəndə!
- Ay səni… Sonra deyirsən yalan bilmirsən!
- Bilirsən, dostum, − deyə Sirus əlini Virusun çiyninə qoydu. Sən demə, bəzən yalan da lazımdır. Mikroblar Ölkəsində yalansız keçinmək olmaz.
Virus həyəcanlanmışdı. Bilmirdi neyləsin. Birdən dostunu bərk-bərk qucaqlayıb 
danışmağa başladı:
- Sən mənim canımı böyük bir dəhşətdən qurtardın. Çox sağ ol!
- Hansı dəhşətdən?
- Düz on gündür ki, mənə bu barədə xüsusi tapşırıq vermişdilər. Bilmirdim neylə-yim. Tapşırığı yerinə yetirməliydim, yoxsa məhv olardım. Amma istəmirdim. Çünki belə mikroblar sənin kimi yaxşı uşaqlara da keçə bilərdi. Qalmışdım necə eləyim…
- Sirrin olanda mənə de, deyirsən dostuq, problemin olanda mənə demirsən.
- Oldu, əziz dostum, bundan sonra belə olacaq! Söz! İndi isə açıq çamadanla şəkil çəkdirib “MMM”ə göndərməliyəm!
Uşaqlar çamadanı açdılar. Onun içərisinə girib şəkil çəkdirdilər. Ordan internetlə “MMM”ə göndərdilər. Azad ölkə sakini Sirusu mikrob çamadanında görən “MMM”çilər onu “MMM"in fəxri qonağı seçdilər. Onların hərəsinə mükafat olaraq bir yeşik bakteriyalı şirə göndərdilər. Sirus öz payını da dostuna verdi. Dostlar sevinə-sevinə evlərinə yola düşdülər. Az vaxtda onlar artıq Sirusun otağındaydılar.
Sirusla Kosmik Sirus mehriban-mehriban görüşdülər. Şən-şən oynadılar. Virusun yaman paxıllığı tutdu. Onları tez ayırmaq üçün yollar axtarmağa başladı.
Kosmik Sirusun da vaxtının bitməsinə az qalırdı. O, kosmosa qayıtmalı idi. Amma həqiqi Sirus onun ağlına, zəkasına o qədər heyran olmuşdu ki, bacardıqca vaxtı uzadır, kopyasının kosmosa qayıtmasını istəmirdi. 
Kosmik Sirusu elə proqramlaşdırmışdılar, o, əslində Sirus kimi olmalı idi. Amma nə qədər olmasa da, Sirusdan qat-qat ağıllı idi. Niyə? Bu sualın cavabını Sirus özü axtarıb tapdı. Çünki ya şahmat yarışında, ya riyazi hesablamalar aparanda Sirus saatlarla fikirləşir, uzun hesablamalardan sonra, nəhayət ki, cavabı tapa bilirdi. Nəticədə beyni yorulur, digər hesablama aparmaq üçün dincəlirdi. Amma Kosmik Sirusda bütün bunlar daha asan idi. Kosmik Sirusa fikirləşmək lazım deyildi. Bir anda ən çətin misalı belə həll edir, məsələnin ən asan həlli yolunu tapırdı. Şahmat yarışında isə hər bir gedişi çox düşünmədən, ardıcıl edirdi.
Sirus Kosmik Sirusdan çox şey öyrənirdi. Buna görə də hər bəhanəyə əl atırdı ki, “doğmaca” kopyası getməsin. 
Kosmik Sirusla həqiqi Sirus artıq yaxın dost olmuşdular.    
Virus bundan bərk narahat idi. Ağlına cürbəcür dolaşıq fikirlər gəlirdi: “Sirus Kosmik kopyasını həmişəlik yanında saxlasa mən neyləyərəm? Dostum olmaz! Məni antiviruslar məhv eləsə, kim məni xilas edəcək? 
Kompyuterdə elə ölkələr var ki, məni ora Sirussuz buraxmırlar. Yenə hara getsəm, məni ordan qovacaqlar. Bunun qarşısını almalıyam. Onlar gün-gündən dostlaşır, mən isə hərəkətsiz dayanmışam. Mütləq nəsə eləməliyəm ki, Kosmik Sirus çıxıb getsin!”. 
Belə fikirlərlə Virus planlar qurmağa başladı. 
Hər dəfə Kosmosdan Kosmik Sirusa mesajlar gəlirdi: “Kopya Sirus, kosmosa 
qayıt!”. Kosmik Sirus getmək istəyəndə − uçuş “start” düyməsini basanda Sirus qaşqabağını tökür, ona mane olurdu.
- Getmə, – deyirdi, - nə olar bir gün də qal!
- Mən proqramla işləyirəm. Proqram köhnələr, daha kosmosa qayıda bilmərəm.
- Mesaj yaz, proqramı təzələsinlər.
- İnanmıram ki, səbəb olmaya-olmaya buna icazə verələr.
- De ki, Sirus xahiş elədi, bir gün də qalım.
- Çalışaram!    
Artıq üç gün idi ki, Kosmik Sirus getmək istəyir, həqiqi Sirus ona mane olurdu. Virus isə susur, işin axırını gözləyirdi. 
Sirus bunu başa düşüb Virusdan soruşdu:
- Niyə dinmirsən? İstəmirsən Kosmik Sirus bir gün də qalsın?
Virusun rəngi qaçdı, özünü itirdi. Həyəcanla cavab verdi:
- Niyə istəmirəm, istəyirəm qalsın. Sadəcə olaraq başa düşürəm ki, kosmosdan gələn qayıtmalıdır yerinə. O, insanların arasında qala bilməz. 
- İstəyirəm bizimlə qalsın. Onu elə proqramlaşdırıblar ki, insandan heç seçilmir, yolda gedəndə elə bilirlər əkiz qardaşıq.
- Göndər getsin, məgər, mənimlə sənə maraqsızdır?
Sirus başa düşdü ki, Virusun yenə paxıllıq mikrobları oyanıb.
- Sənə mane olur?
- Yox eee, deyirəm bəlkə ona icazə vermirlər?
- İcazə alar, sonra qalar, sən buna görə narahat olma! 
Sirusun, sözlərindən xoşu gəlmədiyini hiss edən Virus daha bu barədə bir söz demədi. Əslində, demək istəyirdi: “Nəyə qalır burda? Qoy çıxsın getsin. Rədd elə onu burdan. Görən gözüm yoxdur onu. Bütün günü danışır. Bir dəqiqə də səndən əl çəkmir ki, bəlkə elə bizim sirrimiz-sözümüz var!”. 
Virus elə bu fikirlərlə öz-özlüyündə danışırdı ki, Kosmik Sirus ona yaxınlaşdı:  
- Sənin Sirusla bir sirrin-sözün varsa, mən aralanaram. 
Virus yerindən dik qalxdı. Qorxdu... O, fikirlərini heç kimə bildirməmişdi, Kosmik Sirus hardan bilirdi ki, Virus nə fikirləşir?” O, rəng verib-rəng aldı. Dili topuq çaldı:
- Yooox, yooox... Heç bir 
sirrim-zadım yoxdur.
Söhbətə Sirus qarışdı:
- Hansı sirrdən danışırsınız?
- Virus mənim getməyimi çox arzulayır.
Virus qızarıb səsini qaldırdı:
- Ona de, mənim fikirlərimi oxuyur!
Sirus təəccüblə soruşdu:
- Nə bildin? 
Virus hirsindən əsirdi:
- Onun özündən soruş!
- Kosmik, bu düzdür ki, sən Virusun fikirlərini oxuya bilirsən?
- Təəssüf ki, mən belə bir şeyi bacarıram.
Virus elə bildi Sirus hirslənəcək, Kosmik Sirusu məzəmmətləyəcək, amma əksinə, Sirus sevindi:
- Aman! Nə yaxşı oldu...
Virus bir az da qaşqabağını tökdü:
- Nəyə sevinirsən? Kopyan da sənə oxşayıb ona görə istəmirsən burdan getsin?!
Sirus və Kosmik Sirus ikisi də birdən Virusun sözlərinə qəhqəhə çəkdilər. Virus hirslənib kompyuterə girdi. Girən kimi də gözəgörünməz oldu. Heç Siruslara “Gecəniz xeyrə qalsın!” da demədi. Amma bir azdan yenə qayıtdı. Bu dəfə təzə təkliflə gəldi.
- Sirus, gəl mənimlə səyahətə çıxaq.
- Yox, qonağımı qoyub gedə bilmərəm.
- Qonağın getmək vaxtı çoxdan çatıb, özün saxlayırsan. İstəməsəydin çoxdan getmişdi.
- Düzdür, özüm istəyirəm bir az da qalsın.
- Özün bil, istəyirdim səni elə yerə səyahətə aparım ki, ağzın təəccübdən açılı qalsın.
Sirus başa düşürdü ki, Virus belə bir təklifi yalnız paxıllıqdan edir. Ona görə də təklif onu çox da maraqlandırmadı.
- Yox, hələ lazım deyil, deyirlər qar yağacaq, yağsın, uşaqlarla qartopu oynayaq.
- Axı bilmirsən, səni hara səyahətə aparmaq istəyirəm. Bura sənin üçün adi kosmos, zəhlətökən Ağıllılar Ölkəsi, səfehlər yaşayan Səfehlər Ölkəsi deyil. Ora Sehrbazlar ölkəsidir. Bir dəfə ora düşsən, dünyada baş verənlərdən xəbərin olar. 
- Gedəcəyimiz ölkədə yalnız sehrbazlar yaşayır? Bildim, məni Sirklər Ölkəsinə aparmaq istəyirsən.
- Dedim axı, Sehrbazlar Ölkəsidir.
- Deyirsən, getdiyimiz yerlərin hamısından maraqlıdır?
- Çox-çox.
- Onda gərək yenə Kosmik Sirusdan xahiş edim yerimdə qalsın.
- Neyləyirsən elə, amma “Sehrbazlar ölkəsi”nə mütləq getmək lazımdır.
- Orda olmusan?
- Yox, eşitmişəm.
- Niyə? Ora səni tək buraxmırlar?
- Düz tapmısan! Bəlkə sənin hesabına məni ora buraxalar. Qərara gəl, gedək!
- Tələsmə, qoy Kosmik Sirusla məsləhətləşim!
- Onunla məsləhətləşməsən də olar! İncimə, səni nə qədər çox istəsəm də, kopyandan bir o qədər zəhləm gedir. 
- Bilirəm. İstəyirsən yalnız səninlə dost olum, səninlə vaxt 
keçirim. Axı bu mümkün deyil, mənim də çoxlu, maraqlı 
dostlarım olmalıdır.
O, Kosmik Sirusa yaxınlaşıb fikirlərini ona da bildirdi:
- Virus maraqlı təklif edir. Sehrbazlar Ölkəsinə getməyi məsləhət görür. Deyir maraqlıdır. 
- Mən belə bir ölkə haqqında eşitməmişəm. Məsləhət görmürəm. Mənim proqramımda bu ölkə haqqında heç 
bir məlumat yoxdur. 
Virus yaxınlaşıb söhbətə qarışdı: 
- Mənim təkliflərimə həmişə şübhə ilə yanaşırsan. Heç vaxt mənə inanmırsan.
- İnanmıram! Çünki sənin düşündüyün yalnız pislikdir. İndi də görürsən Sirus məndən ayrılmaq istəmir, bir bəhanə axtarırsan bizi ayırasan!
- Çox məni pisləyirsən, bil ki, mən olmasaydım, bu gün sən burda olmazdın, – deyə Virus hirsləndi.  
- Siz yenə başladınız? – Virus onlara irad tutdu. - Mən hər dəfə sizi sakitləşdirirəm. Yorulmuşam. Birdəfəlik başa düşün ki, ikiniz də mənə əzizsiniz.
- Mənə “sağ ol” deməkdənsə, həmişə pisləyir, – Virus deyinməyə davam elədi. 
- Belə bir ölkə yoxdur. Bu səyahəti uydurmusan ki, biz ayrılaq, – Kosmik Sirus ona cavab verməyə davam elədi. 
- Onsuz da ayrılmalısınız, məgər başqa yol var? Sən kopyasan, başa düş, “kopya!”.
- Sən isə mikrobsan, başa düş: “mikrob!”. Heyf ki, Sirus imkan vermir, bir antivirus sənin kimilərin dərmanıdır.
Virus elə hiddətlənmişdi ki, kvadrat başı yerində fırlanırdı.
- Eşitdin mənə nə deyir? 
Sirus daha dözmədi:
- Sizin mübahisələriniz məni yorub. 
Sirus hirslənib yatmağa getdi. Yorğanı başına çəkib gözlərini yumdu. Bəlkə də yuxuya getdi. Nə qədər yatdığını bilmədi. Bircə onda ayıldı ki, anası onu oyadır:
- Oyan, hər yan qardır!
Sirus sevincək qalxdı. Düz pəncərəyə qaçdı. Hər tərəfi ağappaq görüb sevincindən qışqırdı:
- Uraaa, qar yağıb! Qar, mən sənin üçün darıxmışam!
Ana otaqdan çıxan kimi Sirus axşam olanları unudub dostlarını çağırdı:
- Dostlar, hardasınız?
- Mən burdayam! – Virus kompyuterdən çıxdı.
- Kosmik, sən hardasan?  
O, həmişə Kosmik Sirusu belə çağırırdı. 
- Mən də burdayam, − deyə stolun altından balaca bir Sirus çıxdı və o, yavaş-yavaş böyüyüb Sirus boyda oldu. 
- Qar yağıb, gedək qartopu oynayaq! Axşam isə karnavalımız var, qayıdaq karnavala hazırlaşaq! Virus paxıllığından bilmirdi neyləsin. O, hiss edirdi ki, Sirus günü-gündən Kosmik Sirusla mehribanlaşır. Olanlardan nəticə çıxarıb özlüyündə götür-qoy edirdi:
- Mütləq bunun qarşısını almalıyam! Sirus daha mənimlə dostluq eləmir. Hansısa bir cansız robot ona daha əziz olub. Kimdir Kosmik Sirus? Adi, yumşaq rezindən hazırlanıb, proqramlaşdırılıb. Özünün ağlı yox, başı yox. Nə pislik eləyə bilir, nə yaxşılıq. Elə belələri barədə deyiblər, nə ətdir, nə balıq. Görsün, onu necə gözdən salıram! Sirus mənim dostumdur, mənimlə də dostluq eləməlidir. Girib aramıza. Deyən lazımdır, iş tapşırmışdılar sənə, işini gördün, uçub get də, nə var qalırsan... Heç təzə ildən sonra da çıxıb getməyəcək. Deyəcək, Sirus deyir "qal". Ağlıma bir fikir gəlib. Sirusların karnaval kostyumlarını oğurlayıb cırıq-cırıq eləmək. Bir də mahnı disklərini dəyişdirmək. Gərək şənliyi elə qarışdırım ki, hamının kefi pozulsun.  
Həqiqi Sirusla Kosmik Sirusun mehribanlığı Virusun halını pisləşdirmişdi. Bütün günü beynində dostunu qınayır, nə cür olursa-olsun, onların arasını vurmağa yollar axtarırdı. Bu isə çətin idi. Kosmik Sirusu yadplanetlilər elə proqramlaşdırmışdılar ki, ağlı iti işləyir, Virusun hiylələri boşa çıxırdı. Bu variant boşa çıxmayacaqdı. Virus ona xüsusi hazırlaşmışdı.
Yeni ilə az qalır, hamı bayrama hazırlaşırdı. Məktəbdə karnaval olacaqdı. 
Karnavala hamı nağıl qəhrəmanlarının paltarlarını geyinib gələcəkdi. Sirus həm özünə, həm də Kosmik Sirusa karnaval kostyumu hazırlatmışdı. Virus isə kostyum istəmədiyindən "robot" olacaqdı.   
Yeni il günü gəlib çatdı. Özü də necə gəldi. Uşaqlar nə vaxtdandı, gözləyirdilər qar qağsın. Qar isə yağmırdı ki, yağmırdı. Bu gün isə ilk dəfəydi qar yağırdı. Uşaqdan-böyüyə hamı küçəyə yığışmışdı. Sürüşən kim, qartopu oynayan kim, qaradamı düzəldən kim, hərə vacib bir işlə məşğul idi. Elə tələsirdilər, elə sevinirdilər, sanki qar bu saat əriyəcəkdi. 
İki Sirus təzəcə tikdirdikləri karnaval paltarını əyinlərinə geyinib yoxladılar. O qədər xoşlarına gəldi ki, bir xeyli güzgünün qarşısında dayanıb özlərinə güldülər. Bu vaxt Virus onlara baxıb qaşqabağını tökmüşdü. Bu, Sirusun gözündən yayınmadı:
- Nə olub sənə, dostum? 
- Karnaval üçün ikinizin də kostyumu var, geyinəcəksiniz, mənim isə kostyumum yoxdur. Nə olar Virus olanda, mən də canlıyam. Gərək dost arasına fərq qoymazdın!
Sirus məəttəl qaldı:
- Nə danışırsan, birinci səndən soruşdum nə kostyumu istəyirsən, tikdirək! Yadındadır, dedin heç nə lazım deyil?!
- Düzdür! 
- Bəs indi niyə belə danışırsan? 
- Mən onda hirsimdən dedim!
- Nəyə hirslənmişdin?
- Sən bütün günü Kosmik Sirusla oynayırdın, mən yadına düşmürdüm. 
- Demişəm sənə, paxıl olma! Onunla söhbətim tutur. Səninlə də dostuq. Çox dostunun olmasının nəyi pisdir? 
- Olsun da, istəyirsən xəbər yolla, yadplanetlilər sənə iyirmi kopya Sirus göndərsinlər. 
- Sən mənə söz vermişdin axı…
- Nə söz vermişdim?
- Paxıl olmayacaqsan, bu bir, mənə pislik eləməyə çalışmayacaqsan, bu iki...
- Paxıllıq deyil bu, sadəcə istəyirəm bir az mənə qarşı diqqətli olasan. Sənsə cansız robota daha çox üstünlük verirsən.
- Yaxşı, söz verdim ki, bundan sonra sənə qarşı daha diqqətli olacağam. İndi isə haydı, bizimlə gedək qartopu oynamağa. Axşam da şənliyimiz başlayır. Yəqin ki, şənliyə gələcəksən, küsməyəcəksən.
- Gələrəm, − deyib Virus küskün-küskün kompyuterin qarşısına keçdi. Xəbərlər portalına girib, Mərkəzi Mikroblar Ölkəsindəki son xəbərlərlə tanış olmağa başladı. Xəbərlər çox da maraqlı deyildi: "İstehsala yeni mikrob növü buraxılıb". "Dünyaya nə qədər virus yayılıb". "Nə qədər virus insanlar tərəfindən məhv edilib". "Sağ qalanlar nələri yoluxdurub, nələri məhv ediblər"."Viruslar nə qədər saytı sıradan çıxara bilib, nə qədər informasiyanı siliblər".
Bütün kanallarda eyni xəbərlər verilirdi. Əvvəllər belə xəbərləri diqqətlə izləsə də, Sirusla dostlaşandan sonra belə xəbərlər onun üçün çox darıxdırıcı olmuşdu. Darıxdığından kompyuterdən aralandı. Pən-
cərəyə yaxınlaşıb həvəssiz-həvəssiz qar-
topu oynayanlara baxdı. Uşaqların üzün-
də o qədər xoşbəxtlik, sevinc, qayğısızlıq var idi ki, o da həyətə düşdü. İstər-istə-məz onlara qoşulub sevinməyə, gülməyə və qartopu oynamağa başladı. Amma bir ara Sirusla Kosmik Sirusun qarda şən-şən oynaması Virusu hiddətləndirdi. 
Bilmədi neyləsin, evə qayıdıb karnaval paltarlarını götürdü, hirsindən dartışdırıb elə hala saldı ki, yaraşıqlı paltarlar bir anda cırıq əsgi parçasına çevrildilər. Bununla da sakitləşmədi. Həyətə çıxdı ki, guya qartopu oynayır, bir daş parçası tapıb qartopunun içinə qoydu, gedib dayandı Kosmik Sirus tərəfdə. Sirusun başı oynamağa qarışanda içərisində daş olan qartopunu elə tulladı ki, düz Sirusun çiynindən dəydi. Sirus qartopuya baxan kimi onun içərisində daş olduğunu görüb qışqırdı: 
- Uşaqlar, dayanın, kimsə qartopunu daşla düzəldir!
- Səni daşla vurdular? − Sirusun sinif yoldaşı Ramil yaxınlaşıb soruşdu. 
- Bilmədin kim idi? − Elşən təəccüblə sual verdi. 
- Göstər, onun dərsini verim! − Elxan hirsləndi. - Ağlı başında olan qartopunun içərisinə daş qoyub atar? 
- Məni arxadan vurdular! Arxada da bir sən var idin. 
Bir də Virus! O da məni heç vaxt arxadan vurmaz!
- Əminsən?
- Əlbəttə! Onlar mənə daş atmaz! 
- Bəs kim ata bilər?
- Gəlin, bu bayram günündə yaxşı şeylərdən danışaq. Karna-valın da başlanmasına az qalır. Gedək hazırlaşaq! 
- Getdik, − deyib uşaqlar evlərinə qaçdılar. Sirus inanmırdı ki, Kosmik Sirus və ya Virus ona daş ata bilərlər. Ona görə də buna çox əhəmiyyət verməyib, təsadüfi hadisə kimi baxdı. Kosmik Sirus isə Virusa yaxınlaşıb yavaşca dedi: "Ayıb olsun sənə!"
Yeni il şənliyinə hamı maraqlı karnaval kostyumları hazırlamışdı. Amma paltarları geyinmə otağında qoymuşdular. Çünki karnaval paltarında şənliyə gəlmək mümkün deyildi. Hamı əvvəlcədən bilirdi ki, münsiflər heyəti kimin kostyumuna çox xal versə, qalib olub, hədiyyə alacaq. 
Hamı kostyumunu geyinib nümayiş etdirdi. Sirusla Kosmik Sirus da öz geyimlərini geyindilər. Onların kostyumlarının ayaqları cırılmışdı. Kostyumların cırılmış hissələrindən saplar sallanırdı. Bütün kostyumlar acınacaqlı halda idi. Kosmik Sirus bilmirdi kostyumlar necə olmalıdır. Ona görə də geyinib sakitcə səhnəyə çıxdı. Sirus da elə həyəcanlı idi ki, geyinən kimi səhnəyə qaçdı. Paltarlar elə cırıq idi ki, hamı klouna oxşayırdı. 
Bir az təəccüblə baxandan sonra isə gülüşmə başladı. 
Mahnı oxumağa başlayanda isə ara əməlli-başlı qarışdı. Səslər elə qarışmışdı ki, elə bil, qurd ulayırdı. Uşaqlar o qədər güldülər ki, gülməkdən sancılandılar. 
Gülməyən təkcə Virus idi. O, heç başa da düşmürdü ki, uşaqlar nəyə gülür. Axır dözə bilmədi. Sirusu bir tərəfə çəkib soruşdu:
- Nəyə gülürsünüz, mən heç nə başa düşmürəm?
- Burda başa düşməməli nə var ki? Yeni il gəlir, hamı şənlənir, deyir, gülür, mahnı oxuyur... 
- Bu necə mahnıdır, elə bil, qurd ulayır...
- Gülməlidir də, elə hamı da ona gülür. 
- Sənin də, dostunun da kostyumu cırılıb, bəlkə gedib çıxarasınız?
- Niyə ki? Belə daha maraqlı, daha gülməlidir. 
- Bəs cırıq paltarda necə şənlənmək olar?
- Niyə də olmasın? Dostların əhatəsində, Yeni il şənliyində heç nə kefimizi poza bilməz! Əsas odur ki, sevinməyi bacarasan! Sən də gəl qoşul bizə, ürəyində nə pis fikirlərin var tulla bir yana. Onda görəcəksən bütün insanlar gözəldir, dünya gözündə daha da gözəlləşəcək!
Virus bir xeyli fikirləşəndən sonra durdu ayağa ki, getsin Mikroblar Ölkəsinə, Yeni ili mikroblarla qarşılasın. Gedə-gedə Sirusun dediklərini təkrarladı. "Dünya gözündə daha da gözəlləşəcək!". Qapıya çatanda qəfildən qayıtdı, uşaqlara qarışıb rəqs eləməyə, onlarla birgə oxumağa başladı. Bir anda Virusa elə gəldi ki dünya doğrudan da gözəlləşdi... 
Bu vaxt Kosmik Sirus ona yaxınlaşıb gülümsədi. 
- Nəyə gülürsən? − Virus onunla kobud danışdı. 
Küsülü idi. Üzünü çevirib getmək istəyəndə Kosmik Sirus ona dedi: 
- Deyəsən, sən unutmusan ki, mən fikirləri oxuya bilirəm!
Bu vaxt Virusu da gülmək tutdu:
- Düz deyirsən, unutmuşdum! Mən bayaqdan səninlə barışmaq istəyirəm!
- Mən də sənin fikrini oxuyan kimi sənə yaxınlaşdım! 
- Düz elədin! Doğrudan da səninlə barışmaq istəyirdim, bilmirdim bunu necə edim. Deyirlər kiminlə küsülüsənsə, gərək onunla təzə ildə barışasan. Gəl barışaq! Məni bağışla, sənə qarşı kobud oldum! 
- Bağışladım! Amma sən bütövlükdə dəyişməlisən! Daxilində o qədər paxıllıqla, kin-küdurətlə rahat yaşamaq olmaz. Biri səndən üstün olar, o biri səndən savadlı olar, digəri səndən yaraşıqlı olar, başqa birisi səndən dövlətli olar. Onların hamısına paxıllıq eləsən, onların hamısını keçmək, hər yerdə birinci olmaq istəsən, yaşamaq əzaba çevrilər. O qədər paxılsan ki, səni dəfələrlə ölümdən qurtaran adama - Sirusa da paxıllıq edirsən! O, birinci olan kimi, məqam axtarırsan ki, onu yıxasan, vurasan, pərt eləyəsən...
Səndə eqoistlik, paxıllıq o dərəcədə çoxdur ki, düşünmək belə istəmirsən ki, bir gün yenə çətinə düşsən, arxanda dayanan ən sadiq dostun Sirus ola bilər. Eşit, məni, sən mütləq özünü dəyişməlisən.
- Sənə söz verirəm, mən mütləq dəyişəcəyəm! 
- Ümidvaram ki, bu, bir gün baş verəcək! 
Uzaqdan Sirus gördü ki, Virus kədərli-kədərli Kosmik Sirusa nəsə deyir. Yaxınlaşıb hər ikisini qucaqladı. Onların belə uzun-uzadı söhbətləşmələrindən Sirus bildi ki, Virus səhvini başa düşüb, boynuna alıb, üzr istəyib. 
Hər dəfə Virus səhvini başa düşəndə Sirus o qədər sevinirdi ki... Bunu özünün qələbəsi sayırdı. "Yaxşının pis üzərində qələbəsi!". 
Şənlikdən sonra Kosmik Sirus öz planetinə qayıtdı. Dostlar qəmgin-qəmgin bir-birlərindən ayrıldılar. 
Yeni il tətilindən sonra dərslər başlasa da, Aysel dərsə gəlmirdi. Aysel Sirusun sinif yoldaşı, qız dostu idi. Onlar artıq bir il olardı, dostluq edirdilər. Bir-birlərini çox istəyir, hətta kinolara da bir baxır, parka, gəzməyə də çox vaxt bir çıxırdılar. Ən çox xoşladıqları yer isə zoopark idi.
Son vaxtlar Sirusda olan dəyişikliklər Ayselə qəribə gəlir, onu narahat edirdi. Ona görə də Sirusa tez-tez suallar verirdi:
- Nə olub sənə, qəribəsən?
- Mən həmişəki Sirusam!
- Dəyişilmisən, bir başqa cür olmusan!
- Sənə elə gəlir! 
- Mən hiss eləyirəm ki, sən hərdən nəyi isə məndən gizlədirsən! 
- Mən dostumdan heç nəyi gizlətmərəm! 
Bir gün Aysel Sirusa şokolad verəndə Sirus onu götürmədi, Aysel məəttəl qaldı. 
- Al, şokolad ye!
- İstəmirəm!
Aysel nə biləydi ki, Sirus təzəcə Azad uşaqlar şəhərciyindən qayıdıb. Orda o qədər şokolad yeyib ki, şokolada baxa bilmir.  
Bir gün Aysel Sirusa sual verdi:
- Nə əcəb dərsi öyrənməmisən?
Belə suala Sirus necə cavab verəydi ki, təzəcə Mikroblar ölkəsindən qayıtmışdı? Və əlindən gələni orda eləmişdi ki, Virus mikrobları gətirib internet vasitəsilə uşaqlara yaymasın. 
- Yanındakı kimdir? 
- Virusdur!
- Necə yəni Virusdur?
- Həqiqi Virusdur, kompyuterdən gəlib. Dost olmuşuq!
Onda Aysel elə bilmişdi Sirus onu ələ salır, ona görə əsəbiləşmiş, hətta dostuna acıqlanmışdı da... Həqiqətdə isə Sirus istəyirdi hər şeyi açıb Ayselə desin. Dostundan heç bir şeyi gizlətməsin. Bilmirdi Aysel ona inanacaq, yoxsa yox! Nəticədə isə heç vaxt bir-birindən inciməyən mehriban dostlar küsüşdülər.  
Əlbəttə, bu inciklikdə Virusun da əməyi az deyildi. Sirus həmişə Ayseldən danışan-da, və yaxud onu tərifləyəndə Virus özündən asılı olmayaraq paxıllanır, hirslənirdi:
- Sizin dostluğunuz heç vaxt tutan deyil! 
- Niyə ki?
- Sən qız, o oğlan, qızla oğlan dost ola bilməz!
- Bu, Virusun qərarıdır?
- Niyə ki, mən də başqalarından eşitmişəm! 
- Sən başqalarına yox, mənə qulaq as! Mən Ayseli çox istəyirəm! 
- Ona görə demirəm eee.., o pis oxuyur, sən yaxşı!
- Oxumağımızın dostluğumuzla heç bir əlaqəsi yoxdur. Onun zehninin qavraması o qədərdir. Biz mehriban dostlarıq, o məni başa düşür, mən də onu. Əsas olan da odur. Bir də Aysel zəif oxusa da çalışır. Çalışırsa, demək bir gün o da yaxşı oxuyan ola bilər. Əsas odur, o mənə sədaqətli dostdur. 
- Hardan yoxlamısan sədaqətini? Bilmək olmaz hələ onun etibarını. Özün deyirsən dost dara düşəndə tanınar. Siz ki hələ dara düşməmisiniz. 
- Sən elə hər şeydə pis axtarma, o məni, mən də onu çox istəyirəm!
- Hər kəsə inanırsan. Aysel ikiüzlüdür, kimi görür, deyir, səni çox istəyirəm! Qız 
demir, oğlan demir, kiminlə görüşür, onu öpür. 
- Mehribandır, ona görə!
- Mənim fikrimcə isə yaltaqdır!
- Amma Aysel heç vaxt sənin haqqında belə düşünmür və demir. Həmişə biz səninlə nəyin üstündə mübahisə edirik, çalışır səni müdafiə eləsin!
- Çünki mən həmişə düz danışıram, düz hərəkət edirəm! 
- Kim, sən? 
- Mən sənin dostunam, deyirlər, get-gedə sənə oxşayıram!
- Lap yaxşı, deməli düzəlirsən, mən buna şadam. Amma səndən xahiş edirəm,
bir daha Ayselin qarasınca ona layiq olmayan sözləri deməyəsən. 
- Demərəm! 
Sonuncu dəfə Sirus Aysellə kobud danışdığını hiss eləyəndə artıq gec idi. Aysel ondan küsdü. Sirus neçə dəfə istəmişdi Aysellə barışsın, alınmamışdı. İndi isə Aysel dərsə gəlməyəndə Sirusun əlinə fürsət düşdü. Bəhanə ilə onlara gedəcək, nəhayət ki, Aysellə barışacaqdı. Sirus elə darıxmışdı ki, Aysel üçün ... 
Ona görə əməlli-başlı hazırlaşmağa başladı. Hətta Virusu da köməyə çağırdı. Hər şeyi ona danışdı. Sonra isə Virusa pul verib dedi:
- Dostum, köməyinə ehtiyacım var! Götür pulu, marketdən bir qəşəng tort alarsan, dərsdən sonra gedək Ayselə baş çəkək, xəstələnib. Bəlkə mənimlə barışdı.
- Nə deyirəm, gedərik!
Xəbər Virus üçün o qədər də xoş deyildi. Sirus yenə Aysellə barışacaq, Virus qalacaqdı tək. Amma neyləsin, dostudur... 
Sonuncu dərsin zəngi vurulan kimi Sirus həyətə qaçdı. Virusu görən kimi kefi açıldı. Virusun əlində böyük bir tort qutusu var idi. 
- Yaşa səni, Virus!
- Sən məni nə bilmişdin? − Virus lovğalığından qalmadı.   
 Sirus və Virus gələndə Aysel yataqda idi. Evdə heç kəs olmadığından qapının zəngi çalınan kimi özü ayağa qalxdı. Sirusla Virusu görüb sevindi:
- Nə yaxşı gəldiniz, dərsə də getməmişdim, lap darıxırdım!
- Niyə xəstələnmisən?
- Xəstələndim mənə tort gətirəsiniz! − Aysel onların əlindəki tortu göstərib zarafat elədi.
- Biz də gətirdik! 
Bir az söhbət eləyəndən sonra Aysel tortu uşaqlara göstərib dedi: 
- Dərsdən çıxmısınız, ac olarsınız, gəlin çay qoyum, bir yerdə çay içək! Aysel tortu qaldırıb təzədən stolun üstünə qoyub dedi:
- Ay uşaqlar, neyləyirdiniz bu boyda tort alırdınız?
- Virusun işidir, demişəm ona balaca tort alsın, gedib ən böyüyünü alıb! 
- Hardansa çoxlu pul tapmısan? − Aysel zarafatla üzünü Virusa tutdu. 
Virus özünü mədəni göstərməyə çalışdı:
- Sən daha böyük hədiyyəyə layiqsən! 
Aysel ürəkdən güldü. O özünü elə yaxşı hiss edirdi ki, sanki az vaxtda sağaldı:
- Uşaqlar, gedim çay hazırlayım, siz də tortu kəsin!
- Kəsək, − deyə Virus sevinc içərisində dilləndi.
- Əla olar! − Sirus Aysellə birlikdə mətbəxə keçdi ki, bıçaq gətirsin. 
- Bircə bilmədim Virus hansı məktəbdə oxuyur? − Aysel yenə suallara başlayanda Sirus dedi:
- Aysel, sağal, məktəbə gəl, bir gün oturaq, mən hər şeyi sənə başa salım!
- İndi niyə demək istəmirsən?
- İndi desəm tələsik birini deyəcəyəm, birini deməyəcəyəm. Ananın da işdən gələn vaxtıdır. Biz bu haqda məktəbdə danışarıq, olar?
- Əlbəttə olar! Amma mənə söz ver ki, həqiqəti deyəcəksən. Heç nəyi gizlətməyəcəksən!
- Sən də unutma ki, həqiqət bir az acı olur, gərək acısına dözəsən!
- Təki sən mənə düzünü de. Söz verirəm ki, inanacağam! 
- Tort yeməyə qab da gətirin! − Otaqdan Virusun səsi gəldi. Özü isə tez tortun ipini açdı. Açıb nə görsə yaxşıdır? Tort qutusunun içərisində böyük bir ölü pişik. 
Virus ikiəlli başına vurub yavaşca dedi:
- Aman, nənə məni aldadıb!
Sirus əlində boşqab mətbəxdən gələndə gördü ki, Virus tortu qoltuğuna vurub sürətlə evdən çıxdı. Sirus da bir şey başa düşməyib atıldı onun arxasınca. Əvvəl elə bildi Virus zarafatla tortu aparır ki, özü yesin. Sonra qayıdacaq. Amma onun qayıtmasını gözləmək olmazdı. Aysel inciyə bilərdi. Virus heç imkan vermədi ki, Sirus tort qabının içərisində nə olduğunu görsün. O bilirdi ki, Sirus tortqabının içindəki pişiyi görsə, onların dostluğu pozulacaqdı. 
Ona görə tez "tort"un qapağını örtdü, qucaqlayıb həyətə götürüldü. Binanın axırında Virus dayandı. Tortun ağzını açıb Sirusa göstərəndə Sirus dəhşətə gəldi:
- Sən dəlisən? Neyləmisən? Ölü pişiyi 
hardan tapıb soxmusan tortqabına? 
- Mənim bundan xəbərim yoxdur!
- Tortu məgər marketdən almamısan?
- Almışam! 
- Bəs necə olub onun içərisindən ölü pişik 
çıxır? − Sirus elə hirslənmişdi, az qalırdı ağlasın. 
Virus dostunu bir az sakitləşdirməkdən ötrü yenə yalana əl atdı:
- Oturmuşdum skamyada, səni gözləyirdim dərsdən çıxasan, bir nənə gəlib yanımda oturdu. Onda da eyni tort vardı. Qutular dəyişik düşüb! Burda hirslənməli nə var?
- Axı qutu necə qarışıq düşə bilər? Qutunun təkəri var, yoxsa ayağı? Bunları sonra danışarıq, əvvəl qadını tapıb pişiyi ona qaytarmalıyıq!
- Hardan tapacağıq qadını, indi çıxıb gedib! Sən də pişiyi at zibilliyə!
- Onun sahibini axtaraq tapaq, desə zibilliyə at, sonra atarıq!
- İşimiz-gücümüz yoxdu, ölü pişik daşıyacağıq?!
- Sənin hələ dilin də var danışmağa, aləmi bir-birinə qatmısan, indi də mənə ağıl öyrədirsən! Qadının yerini de!
- Mən qorxuram, apara bilmərəm!
- Mən apararam!
Virus nənə oturduğu yeri Sirusa göstərdi. Sirus vaxt itirmədən nənənin yanına qaçdı. Çatanda gördü hamı yığılıb nənənin başına, nənə də ağlaya-ağlaya danışır:
- Sevimli pişiyim ölmüşdü, onu qoydum tortqabına ki, aparım basdırım, kimsə onu tort bilib, oğurlayıb. Yerinə isə tort qoyub. 
Qarı çox ürəkdən ağlayırdı deyə, ətrafdakılar gülməklərini güclə saxladılar. 
Bir qoca kişi nənəni sakitləşdirmək istədi:
- Ağlama, əvəzində sənə tort qoyublar, yeyib pişiyini xatırlayarsan!
- Sakit ol, kim aparıbsa gətirəcək, ölü pişik kimin nəyinə gərəkdir?
- Yəqin qutuları dəyişik salıb. 
- Yox, o bunu bilə-bilə edib, − nənə ağlamağını saxlayıb dedi, - mən bilirəm onu kim edib, balaca oğlan idi. Əlində də mənim pişiyim olan tort qutusundan var idi. İki tort qutusu eyni idi. Biri balaca, o biri böyük. Uşağın gözlərindən oğurluq yağırdı. O mənim tort qutuma elə baxırdı ki... Heç düz adama oxşamırdı. Üzümü o yana çevirən kimi qutuları dəyişdirib. Görəndə onun dərsini vermək lazımdır ki, bir də oğurluq eləməsin.  
- Düzdür, onu görən kimi bizə deyərsən!  
Hamı sakitləşmişdi ki, birdən gördülər bir oğlan gəlir, əlində də həmin qutu. Qoca nənə yavaşcadan dedi:
- Odur, pişiyimi qaytarırlar. Qutu mənim qutuma oxşayır, oğlan isə o deyil!
Sirus nənəyə yaxınlaşdı. Ədəb-ərkanla salamlaşandan sonra dedi:
- Bağışlayın, dostum tort qutusunu dəyişik salıb. Onun əvəzinə mən sizdən 
çox-çox üzr istəyirəm.
Qarı sevincək qalxıb qutunu aldı. Sirusa isə belə dedi:
- Yaxşı oğlana oxşayırsan, amma incimə, dostun yox. İnanmıram o, qutuları səhv salıb. Onun hərəkətlərinə göz qoy, bir gün səni də pis vəziyyətə salar. 
Sirus vəziyyətdən birtəhər çıxıb Virusun yanına qayıtdı. Amma onu heç yerdə tapa bilmədi. 
Sirus başa düşdü ki, Virus həmişəki kimi aranı qarışdırıb, sonra da qaçıb girib kompyuterə. İndi onu axtarmaq mənasızdı. Sirus bilmirdi Virusu necə cəzalan-dırsın ki, ona yaxşıca dərs olsun. 
Neçə vaxt idi, Aysel ondan küs-müşdü, yenicə barışacaqdılar, Virus bu hoqqanı çıxartdı. Aysel indi Sirus haqda nə düşünəcəkdi? İki dost tortu götürüb hara qaçdı? Özü də xəstəyə baş çəkdikləri yerdə. 
Onda Aysel heç nə başa düşə bilməyib pəncərədən çağıra-çağıra qalmışdı:
- Uşaqlar, nə oldu sizə, niyə getdiniz, xətrinizə dəydim? Bəlkə incidiniz? Axı bir qayıdın görüm nə olub?
Sirus yalnız bunu deyə bildi:
- Sonra, sonra deyərəm!
Ayselin ağlına da gəlməzdi ki, ona baş çəkməyə oğurluq "tortla" gələrlər. Əlbəttə, Ayselin yerinə kim olsaydı elə başa düşərdi, onu ələ salıblar. 
Sirus fikirləşdi: "Buna başqa heç bir ad vermək olmaz! Yox, qurtardı, Aysel daha mənə inanmayacaq, başqaları ilə dost olacaq. Sən neylədin, ziyankar Virus?".
Belə deyib Sirus dizi üstə çöküb əlləri ilə başını sıxdı. Bir neçə dəqiqə belə qalandan sonra hirslə ayağa qalxıb yenə Virusun qarasınca deyinməyə başladı: "Kimin ağlına gələrdi başqasının tortunu götürüb qonaq gələsən. Sən bir gözüaclığa bax, oğurluğa bax! Mikrobun biri, mikrob! Sən düzələn deyilsən! Elə bilirsən başa düşmədim ki Yeni il gecəsində karnaval paltarlarını sən cırmışdın? Pislik üçün yaranmısan, ona görə də həmişə pislik eləməyə can atırsan! Kiminsə kefini pozanda sevinirsən, kimi isə ağladanda özün gülürsən! Başa düşmürsən ki, özün-özünü məhvə aparırsan. Düzəl-məyəcəksən, nə qədər çalışsam da, səni düzgün yola qaytarmaq mümkün deyil! Çıx mənim həyatımdan, özünün əyri yollarınla hara istəyirsən get! Məni daha axtarma! Sənin Sirus adlı dostun yoxdur!".
Sonra Sirus yazdıqlarının hamısını mesajla Virusun poçtuna yolladı. 
Axşama yaxın Virusla Aysel əl-ələ tutub onlara gəldilər. Sirus gördü ki, onların kefi lap yaxşıdır. Aysel də tamam sağalmışdı. Sirus məəttəl qaldı:
- Sən xəstə-xəstə ayağa qalxmısan? Torta görə səndən üzr istəməyə gələcəkdim, amma inan, utandığımdan gözünə görünmədim!
- Artıq yaxşıyam, səhər dərsə də gedəcəyəm, narahat olma! Tort məsələsini unut getsin! Yanlışlıq olub. 
Virus hər şeyi mənə danışdı. Onun bu işdə səhlənkarlığı olsa da, böyük günahı olmayıb. Olubsa da, səhvini başa düşürsə, deməli bir də belə iş görməz! Yox, Virus?
- Əlbəttə eləmərəm! 
- Yaxşı, səni Ayselin xətrinə bağışlayıram. Amma bir də buna oxşar səhv eləsən, səni bağışlayan deyiləm! 
- Danışdıq! − Virusun gözlərindən sevinc yağdı. 
Aysel dostların barışmasına çox sevinib dedi:
- Sirus, əvvəllər mən sənə inanmırdım. İndi isə inanıram! Artıq mən hər şeyi bilirəm. Necə olub ki, Virusla dost olmusan, onunla haralara səyahət eləmisən, 
başınıza nələr gəlib... 
- Niyə inanmırdın, axı mən sənə heç vaxt yalan deməmişəm!
- Onlar qaldı keçmişdə. İndi biz üçümüz dostuq. Kompyuter səyahətinə də bir gedəcəyik! 
- Nə danışırsan, Aysel, bu sənin fikirləşdiyin kimi deyil, qorxuludur, − deyə Sirus həyəcanla dedi.
Virus isə Ayselin təklifi ilə razılaşdı:
- O cəsarətlidir, heç bir şeydən qorxan deyil! Həm də bizim davamız düşəndə bizi ayırar. Axı biz tez-tez dalaşırıq...
- Nə deyirəm, Aysel, qorxmursansa, gedərik!
Beləliklə, üç dost − Sirus, Virus və Aysel Kompyuter Dünyasına səyahətə hazırlaşdılar. Əsl sərgüzəştlər də bundan sonra başladı. 
Uşaqların Kompyuter Dünyasına səyahətləri bundan sonra daha maraqlı oldu. Yaxşılıqla pisliyin gizli savaşı yenidən başlandı. 
Virus indi Ayseli də çox istəyirdi. Virusun pisliyi bir az azalmışdı. Aysel hər şeyi ona başa salır, nəyin pis, nəyin yaxşı olduğunu öyrədirdi. Bunlar, həqiqətən, Virusa vacib idi. O, mikrobdan yaranmışdı deyə, hər an pisliyə can atırdı. 
Ayselin “dərs”ləri Virusa daha çox xoş gəlirdi. Sirus hövsələsiz idi. Bir dəfə deyirdi, “olmaz”, daha nəyə görə olmaz, onu Virusa başa sala bilmirdi. Buna görə də onların arasında tez-tez mübahisələr yaranırdı. Ayselin xasiyyəti isə daha yumşaq idi. Səbrlə hər şeyi incəliyinə qədər öyrədə bilirdi. Dostlar, göz dəyməsin, yaman mehribanlaşmışdılar. 
Hər il Novruz Bayramı çox maraqlı keçirdi. Bayram ilin Axır çərşənbəsindən başlayır, neçə gün davam edirdi. Sonuncu çərşənbədə Sirus, Aysel, Virus bayramı birlikdə qarşıladılar. Şəkərbura, qoğal, paxlava yedilər. Ürəklərində niyyət tutdular ki, hər bayramı birlikdə keçirsinlər. Bayram günü isə Sirus şəhərdə olmasa da, bayramın axşamına qayıdacağına söz vermişdi. Virus da, Aysel də onun yolunu səbirsizliklə gözləyirdilər. 
Hər il Novruz Bayramı ərəfəsində Respublika Şahmat Məktəbi üzvlərini başına toplayır, onlarla həm dostluq görüşləri, həm də bayram keçirirdi. 
Bu dəfə onlar Qusara – Olimpiya Komitəsinə getdilər. İki gün orda qalıb şahmat üzrə dostluq görüşləri keçirəndən sonra evlərinə qayıtdılar. 
Qayıdanda avtobus hər kəsi həyətində düşürürdü. Sirus lap darıxırdı, nə olur-olsun tez həyətə çatmaq istəyirdi. Çünki Novruz Bayramı onun ən çox sevdiyi bayram idi. 
Məhəllə uşaqları hər il bayrama xüsusi hazırlaşırdılar. Odun toplayır, yer düzəl-dirdilər ki, tonqalı daha gur yandıra bilsinlər.
Sirus əvvəlcədən bilirdi ki, iki gün burda olmayacaq, xeyli odun toplayıb hazır qoymuşdu. 
İndi də Qusardan qayıdanda hava qaralınca Sirus daha da darıxır, darıxdığından başına cürbəcür fikirlər gəlirdi: “Yəqin, indi uşaqlar tonqal qalayıblar, üstündən də tullanırlar. Yox, üstündən tullana bilməzlər. Çünki təzə yananda alov hündürə qalxır. Ondan heç böyüklər tullana bilməz. Keçən il hələ alov azalmışdı, Fərhad üstündən tullandı, az qaldı, düşsün ocağa. Hələ Fərhad onda 9-da oxuyurdu. Bizdən nə qədər böyükdür. Görəsən, Aysel neyləyir? Yəqin, indi o da ocağın yanındadır. Bircə tez çatsaydım, uşaqları görərdim. Bu avtobusun sürücüsü də elə ləng sürür ki, bütün maşınlar onu keçir”. 
Belə fikirlərlə, nəhayət ki, Sirus həyətə çatdı. Amma nədənsə həyətdə heç Novruz Bayramından əsər-əlamət yox idi. Elə bil, həmişəki həyət deyildi. Təkcə balaca uşaqlar var idi ki, onlar da ya uşaq arabasında olanlar, ya da anaları əllərindən tutub gəzdirənlər idi. Heç kəsin üzündə bayram təbəssümü yox idi. Sirus lap məəttəl qalmışdı: "Görəsən, nə baş verib?" - deyə fikirləşdi. Tez evə gedib ata-anası ilə görüşdü. 
Sonra isə Ayselə zəng elədi:
- Salam, Zümrüd xala, bayramınız mübarək!
- Sirus, sənin də bayramın mübarək, xoş gəlmisən! Necə qayıtdın? Yəqin ki, qalib oldun.
- Hə, uddum!
- Təbrik edirəm! 
- Sağ olun. Aysellə danışmaq olar, Zümrüd xala?
- O yatıb!
- Bu bayram axşamı? Nə əcəb Ayseldən? Xəstələnməyib ki? 
- Yox, həyətə düşmüşdü, sonra yaman bikef 
qayıtdı. Səbəbini demədi.
Sirusun səsi bir qədər sakitləşdi:
- Görəsən, nə olub? Yaxşı, Zümrüd xala, dursa, deyərsiniz həyətə düşsün, biz tonqalın ətrafında olacağıq. 
- Axı dedilər tonqal qalamaq olmaz!
- Kim dedi?
- Mənzil Birliyinin sədri!
- Mən dəqiqləşdirib sizə zəng vuraram!
- Yaxşı, salamat qal!
Həyətdə nəsə baş vermişdi. Amma bundan Sirusun valideynlərinin xəbəri yox idi. Adətən, həyətdə bir şey olanda xəbəri evdəkilərə Sirus çatdırırdı. Bu gün isə Sirus evdə olmadığından ata-ana həyətdə baş verənlərdən xəbərsiz idilər.
Sirus əvvəl kompyuteri açdı. İstədi nə baş verdiyini Virusdan ətraflı öyrənsin. Virusu tapmayanda şübhələndi. Bildi baş verənlərdə mütləq Virusun əli var. Adətən, Virus hər hansı bir "hoqqa" çıxarandan sonra, iki-üç gün yox olurdu.
Sirus Mənzil Birliyinin sədrini axtarıb-tapdı. 
Sədr hələ də hirsliydi: 
- Necə? Tonqal qalamaq istəyirsən? İstəmə, bayaq uşaqlardan biri bayram tonqalına partlayıcını necə qoymuşdusa, aləmi az qala alov bürüyəcəkdi. 
Sirus nigaranlıqla soruşdu:
- Heç kəsə ziyan dəymədi ki? 
- Yaxşı ki, yaralanan olmadı. Amma hər şey ola bilərdi. Hamı dilxor evlərinə getdi.   
- Kim idi onu eləyən?
- Bir oğlan idi, dedi, zarafat elədim! Valideynlərinin yerini soruşdum, əlimdən çıxıb qaçdı.
Bunu eşidəndə Sirus qızardı. “Virus, görəsən, hoqqalarına nə vaxt son qoyacaq?” – deyə ürəyində onun qarasına deyindi.
- Narahat olmayın, özümüz onu cəzalandırarıq! Amma sizdən bir xahişim var: icazə verin, uşaqlarla həyətdə tonqal qalayaq!
- Sirus, oğlum, bilirsən ki, xətrini nə qədər istəyirəm. Sənə “yox” deyə bilmərəm. Gedin yandırın, amma ehtiyatlı olun. Həmin oğlanı da ocağa yaxın qoymayın, yoxsa yenə hoqqa çıxarar!
- Yaxşı, Həsən əmi, siz narahat olmayın! 
Ürəyində isə qəti qərarını verdi: “Yox, Virusdan ayrılmalıyam! Özüm Virusun dərsini verməliyəm! Amma indi yeri deyil. Rədd olsun, mikrobun biri, mikrob! Bu bayram günündə onun haqda düşünməyə dəyməz!”. 
Vaxtı itirməyib Ayselgilə yollandı. Aysel həmişə onu görəndə sevinirdi. İndi isə sanki qəmli idi. 
Sirus: 
- Nə olub, niyə qaşqabaqlısan?
- Virus məni qorxudub!
- Aman, hər yerdə Virusun söhbəti gedir. Yenə Virus?
- Mən daha onunla danışmayacağam!
- Elə mən də! Daha bezmişəm, hamı ondan gileylənir! Ocağa oyuncaq partlayıcı qoyub, onu bilirəm, sonra neyləyib?
- Qapıpusduya getmişdim, birdən qapının dalından kobud bir səs dedi: “Bu il sinifdə qalacaqsan, dostların səndən üz döndərəcək. Tamam tək gəzəcəksən. O qədər eybəcərləşəcəksən ki, səninlə heç kəs bir parta arxasında oturmaq istəməyəcək”.
- Kim idi sənin falına baxan? –  Sirus istehza ilə dedi. 
- Sən lağ edirsən, amma mənə çox pis təsir elədi. 
- Uşaqsan? Xoşuna gəlməyən səs eşitdin, qapıdan uzaqlaşardın. 
- Elə də elədim.
- Sonra nə oldu?
- Gördüm, qapı açıldı, skelet maskalı, əynində də ruh paltarlı bir nəfər üstümə cumdu.
- Neylədi sənə skelet maskalı?
- Məni qorxutdu!
- Sən də qorxub qaçdın?
- Kim olsaydı mənim yerimə qaçardı.
- Hardan bildin səni qorxudan 
Virus idi?
- Maskasını çıxarıb şit-şit güləndə bildim.
- Darıxma, özüm Virusun dərsini verəcəyəm! İndi isə uşaqları da yığaq, gedək tonqal qalayaq! 
- Gedək, deyirlər, bir bayram bikef olsan, yeddi bayram kefsiz olarsan. Axı tonqal qalamağa icazə vermirlər!
- İcazəni almışam!
Bir anda Ayselin əhvalı düzəldi. Onlar əl-ələ tutub həyətə – tonqal yandırmağa qaçdılar. Yolüstü – pillələri düşə-düşə hələ torba da atdılar. 
Qonşuluqdakı uşaqları tonqalın ətrafına çağırmaq üçün qapılarını döyəndə “qulaqfalı”na da çıxdılar. Bir qapıdan gələn səs ürəklərindən xəbər verdi:
“Dost-dosta tən gərək, tən olmasa gen gərək!”.  
Novruz Bayramı çox şən keçdi. Yaxşı ki, Sirus vaxtında yetişdi, yoxsa Virus bayramda hamının kefini pozacaqdı. 
Virus ocağa partlayıcı qoyandan sonra hamı qorxmuş, kefləri pozulmuş, hərə öz evinə qayıtmışdı. Sirus isə rayondan qayıdan kimi, hər şey dəyişdi. 
Sirus və Ayseli narahat edən bir səbəb var idi. Bayram günü onlar Virusdan küsdülər, o, tək qaldı. 
Bayramın səhəri Aysel Sirusgilə gəlib dedi: 
- Bəlkə Virusla barışaq? 
- Mən onunla küsməmişəm, sadəcə, görmək istəmirəm onu. Mənə elə dost lazım deyil. Hər dəfə ona görə kiminsə yanında xəcalət çəkirəm!
- Yazıq Virus, neyləyib ki?
- Daha neyləyəcək? Ocağa partlayıcı qoyub hamını qorxudub. Qapıpusduya getmisən, ruh paltarında üstünə cumub!
- Şənlik olsun deyə belə eləyib! 
- Şənliyi başqa cür eləmək lazımdır ki, hamıya xoş gəlsin. Ha partlat, nə olsun ki? Kiminsə qorxudan, az qala, ürəyi uçunursa, məgər bu, şənlik gətirir? 
- Bunu sən, mən və başqaları belə düşünürük. O isə Virusdur. Onun şənlik anlayışı tamam başqa cürdür. Sən də, mən də bunu yaxşı bilirik. Özün deyirdin, o, mikroblardan yaranıb. Özün deyirdin, həmişə nəzarətdə olmalıdır ki, pislik eləməsin. 
- Qoy özünə tay olanla dostluq eləsin. 
Aysel çox təkid edəndən sonra Sirus kompyuteri açdı ki, Virusu tapsın. 
Sən demə, Virus elə bunu gözləyirmiş. Tez tullanıb otağa girdi. Dostlar sevincək barışıb qucaqlaşdılar. 
Bayramı birlikdə qeyd elədilər. Yumurta döyüşdürüb, qapı falına çıxdılar. Bu dəfə başqa bir müdrik deyim eşitdilər: "O kəs xoşbəxtdir ki, mehriban dostları var!". 
Bir gün Virus xəbər gətirdi ki, televizorda yaxşı kino olacaq. Ekran başına yığışıb, maraqla filmə baxmağa başladılar.
Filmin yarısından sonra dəhşətlər başladı. Düzdür, maraqlı idi, ancaq o qədər dəhşətli yerləri var idi ki, uşaqlar filmə həyəcansız baxa bilmirdilər. Virus tez-tez deyirdi: 
- Görün, sizə necə kino gətirmişəm! Heç belə qorxulu kino görmüşdünüz? 
- Mane olma görək, bu dəhşət nə ilə qurtaracaq? –  Aysel həyəcanla dilləndi.
- Qurtaracaq, yoxsa heç qurtarmayacaq? – Sirus həyəcanlı olsa da, zarafatından qalmırdı. 
Filmin maraqlı və qorxulu yerində Ayselin nənəsi otağa girdi və ekrandakı mənzərəni görəndə hirsləndi:
- Bu nə kinodur baxırsınız? Dəli olmusunuz? Belə qorxulu kinoya da uşaq baxar?
Aysel pərt oldu:
- Kinodur da nənə, nə olsun, bilirik kinodur, qorxmuruq...
- Ay başına dönüm, belə kino böyüklərin əsəbini yerindən oynadar, o ki ola uşaq! Səndən heç gözləməzdim, Sirus!
- Narahat olma, nənə, bayaqdan belə deyildi, dəhşət yerləri indicə başlayıb. 
- Axırıncı dəfə olsun belə kinoya baxmağınız!
Nənə hirslə televizoru söndürdü. Ayselin gözləri elə dolmuşdu, elə bil, bu dəqiqə ağlayacaqdı. O, heç vaxt nənəsini belə əsəbi, kobud danışan görməmişdi. 
“Nə olub ona? Dostlarımın yanında vacib idi məni pərt eləsin?” –  deyə Aysel düşündü. 
Uşaqlar yaman bikef oldular. Bir az pərt oturandan sonra Sirus evlərinə getdi. Virus da kompyuterə girmək istəyəndə Ayselin səsini eşitdi:
- Aaaa, Sirus telefonunu yaddan çıxarıb, divanda qoyub. 
Virus getməyib dayandı:
- Telefon ona vacib lazımdır, tezdən Moskvaya yarışa yola düşür!
- Bilmirdim, mənə bu haqda heç nə deməyib!
- Deyəcəkdi, nənə hay-küy saldı, ara qarışdı.
- Telefonu mütləq ona çatdırmaq lazımdır. Apara bilərsən?
- Əlbəttə!
- Mən də istərdim onunla görüşəm!
- Gedək!
- Bu, elə də asan deyil!
- Niyə?
- Nənəni hirsləndirmişəm, çətin mənə icazə verə! Anamgil də evdə deyil. 
- Onda bayıra çıxma!
- Neyləyim?
- Kompyuterlə gedək, səni aparım, telefonu qaytaraq, həm də Sirusla görüş! 
- Qorxuram!
- Niyə ki, bu çox maraqlıdır, məgər Sirus sənə deməyib?
- Adi həyatda uzaq bir məsafəyə bir neçə saata gedirsənsə, kompyuterlə isə bir dəqiqəyə gedirsən. Burda qorxulu nə var ki? 
- Mən Kompyuter Dünyasına ilk dəfə Sirusla çıxacağıma söz vermişəm!
- Gedək onu da götürək, bir yerdə səyahətə çıxaq!
- Hansı səyahətdən danışırsan, nənəm məni axtarar, dərslərimi də eləməmişəm. 
- Səyahətdən tez qayıdarıq. 
- Necə? 
- Məsələn, sən beş dəqiqəyə kompyuterlə kosmosa gedə bilərsən, qayıda bilərsən, hələ bir orda istədiyin qədər gəzə də bilərsən. Kompyuterdə vaxt tez keçir. O, adi dünyadadır, bir kinoya baxırsan, iki saatın keçir. Orda isə iki saata iyirmi kinoya baxmaq olar. 
- Mən dərsdən gəlirəm, bir az yuyunub yemək yeyirəm, dərsimi oxuyuram, televizora baxmaq istəyəndə xoşlamadığım sözləri eşidirəm: “Yatmaq  vaxtıdır!”.  
- Elə isə, gedək Sirusgilə?
- Gedək!
- Əlini ver!
Aysel əlini həyəcanla Virusa uzatdı.
- Getdik! – Virus onun əlindən tutub kompyuter tərəfə uçdu. Ayselə bir anlıq elə gəldi ki, kompyuterin ekranı yumşaq parçadandır.
- Gözlərini bərk yum! – Virusun səsi gəldi. Səs təzə kəsilmişdi ki, başqa səs 
eşitdi: "İndi aç!".
Aysel gözlərini açanda onlar Sirusgildə idilər. Amma Sirus evdə yox idi. O, Ayselgildən telefonunu götürməyə qayıtmışdı. 
Qapını nənə açdı. Sirus narahatlığa görə nənədən üzr istəyib, Ayselin otağına keçdi. Nənənin işi çox olduğundan mətbəxə geri qayıtdı. Sirus Ayselin otağının qapısını döydü, səs gəlmədiyini görüb içəri girdi. Kompyuterin yanılı olmasından başa düşdü ki, Virus və Aysel kompyuterlə harasa gediblər. Evə geri qayıdandan sonra gördü telefonu stolunun üstündədir. Dərhal başa düşdü ki, Aysel və Virus onlarda olublar. Amma daha dostları ilə əlaqə saxlamağa vaxt yox idi. Sirus tezdən yola çıxacaqdı deyə, hazırlaşmağa başladı. Ayselə belə bir mesaj yolladı: “Telefonu gətirdiyinə görə çox sağ ol. Mən olmayanda Virusla Kompyuter Dünyasına getmə, Virus yenə hoqqa çıxarar. Yarışdan qayıdaram, birlikdə gedərik!". 
Cavab gəlməyəndə isə Sirus başa düşdü ki, onlar artıq Kompyuter Dünyasına  səyahətdədirlər. 
Kompyuter açıq idi. Aysel mesajı görən kimi cavab verərdi.  
Kompyuter səyahəti Ayselin elə xoşuna gəlmişdi, yenə gəzmək istəyirdi:
- Çox maraqlıdır, Sirus qayıdanda birlikdə gedərik səyahətə!
- Gedərik! İndi istəyirsən girək kompyuterə, bayaq yarımçıq baxdığımız filmin ardına baxaq. 
- Necə? Kino indiyə qurtarar axı. 
- Sən deyən adi uşaqlar üçündür. Sənin isə Virus kimi sehrli dostun var. Nə vaxt istəsən, hansı filmi istəsən, sənə göstərə bilərəm! – Virus lovğalandı.  
- Həmin kinoya harda baxmaq olar? 
- Qorxulu filmlər çəkilib montaj olunan studiyada. O, kompyuterin yaddaşında var. Necə çəkiblər, onu necə montaj ediblər. Hələ istəsək, filmin ardına da baxa bilərik. Nənə söndürən yerdən!
- Gedək baxaq, istəyirəm! 
- Əlini ver, gözlərini yum! 
Aysel gözünü açanda özünü böyük, qaranlıq zalda gördü. İçərini kameraların işığı azca işıqlandırırdı. Onlar istədikləri yerdə oturub, maraqla filmə baxmağa başladılar. Sən demə, filmin axırı lap qorxulu imiş. Amma çox maraqlıydı deyə, Aysel qorxsa da, səsini çıxarmırdı.Kino qurtaran kimi dedi:
- Heyf, Sirus filmin axırını görmədi. Gərək görəydi ki, uşaqları qorxudan manyakın axırda başına nələr gəlir!
- İnternetlə göndərərəm, baxar! 
- Göndər baxsın, maraqlıdır! 
- Bu zal qorxulu və dəhşətli filmlər çəkmək üçün şəhərciyə aiddir. İstəsən səni çəkiliş meydançasına da apararam!
- Yox, istəmirəm, getməyək! 
Virus başa düşdü ki, Aysel qorxur, ona güldü:
- Niyə qorxursan, kinodan da qorxarlar? 
- Yaxşı, gedək!
Zaldan çəkiliş meydançasına girmək üçün xüsusi qapı var idi. Qapı kodlaşdırılmış açar sistemi ilə açılırdı. Virus yaxınlaşıb adını və parolunu yazan kimi qapı açıldı. Şəhərcik çox maraqlı olsa da, hər yanda qorxulu, ürəksıxan bir vahimə var idi. Qəribə idi, yolun bir tərəfi təmiz olduğu halda, digər tərəfi sökük, palçıqlı idi.  Uzaqdan çətinliklə eşidilən qorxulu bir musiqi səslənirdi. 
Virus qarşısına çıxan belibükük, saqqallı, eynəkli adamdan soruşdu:
- Bu gün çəkiliş var?
Elə bil eynəkli adam bu sualdan hirsləndi:
- Burda hər gün film çəkilir, əlbəttə var! Nə cür film istəyirsən ki?
- Qorxulu və maraqlı!
- Qorxulu filmlərin hamısı maraqlı olur, – eynəkli adam eybəcər bir gülüşlə qəhqəhə çəkəndə onun qara dişləri göründü. 
Sonra o, uşaqları yaxınlıqda gedən çəkiliş meydançasına göndərdi. 
Bura çəkiliş meydançası olsa da, sıx və qalın meşəyə oxşayırdı. 
Birdən hər yana qaranlıq çökdü. Bərkdən səs gəldi:
- Motooor! Dubl yüz iyirmi, kadr altı!
Musiqi səsi kəsildi. 
Sonra bayquş, daha sonra da canavar ulaşması səsi gəldi. Bu səslərin arasında ağlayan uşaq səsləri eşidildi. Bir azdan qışqırıb-ağlayan uşaqlar göründü. Onlar meşə ilə qaçır, köməyə çağırırdılar. 
Birdən Aysel baxdı ki, uşaqları qovan qara geyimli, eybəcər, uzun bir bədheybətdir. Hələ bu az-
mış kimi, ətrafda qorxulu maskalarda adamlar da uşaqların üstünə gəlməyə başladılar. Onlardan biri uçan yarasanı bir əli ilə tutub diri-diri yedi. 
Aysel üz-gözünü turşutdu:
- Bu, yəqin, oyuncaq yarasa idi?
- Niyə ki? Dəhşətli filmlərdə oynayan aktyorlar hər şeyi bacarır!
- Necə yəni hər şeyi? Məgər tüklü-tüklü yarasanı yeyərlər?
- Hə dəəəə, o bacarır, sən, ya mən bunu bacarmarıq axı!
- Məgər yarasanı yemək bacarıqlı olmaqdır?
- Bəs nə deməkdir?
- Bu, vəhşilikdir!
- Hə dəəəə, vəhşiliyi bacarmasalar, belə filmdə oynaya bilməzlər!
- Onda yarasanı doğrudan yedi?
- Əlbəttə! Görmürsən, qəfəsdə nə qədər yarasa var? Filmin çəkilişi müddətində o qurtaracaq. 
Ayselin ürəyi bulandı, bilmədi neyləsin. O, vahimə içərisində bunlara baxdığı yerdə, birdən hər yan qaranlıq oldu. İstədi qışqırsın, işıq yandı. Yanmasaydı, ondan yaxşı olardı. Onun üstünə qorxulu bir pələng gəlirdi. Aysel qışqırıb qaçanda pələng onun ardınca götürüldü. Bayaqdan uşaqların üstünə gedən qorxulu bədheybət qaçıb Ayselin köməyinə çatdı. Pələnglər bir qədər ətrafda gəzişib gözdən itdilər. Aysel qışqırıb ağladı. Kameralar da onu çəkirdi. Bayaqdan görünməyən Virus o tərəfdən gülə-gülə gəldi: 
- Niyə ağlayırsan? Onlar oyuncaq pələnglərdir. 
- Nə bilim oyuncaqdırlar? Axı sən mənə bunu deməmişdin! Hardasan bayaqdan? 
- Burdaydım, çəkilişə baxıram! Sən də kinoya çəkildin! 
- Lazım deyil mənə kino-zad, qayıtmaq istəyirəm! 
- Nə deyirəm, qayıdaq! 
Bu dəhşətli anlar çox az sürdü. Amma Ayselin yaxşıca qorxması üçün kifayət elədi.
Aktyorlar da maskalarını çıxardılar. Aysel yaman qorxmuşdu deyə, heç buna fikir vermədi. Onlar Ayselin könlünü almaq üçün ondan cizgi filmi çəkdilər. 
Kompyuter Dünyasından qayıdandan sonra, Aysel üzüstə yatağa düşüb doyunca ağladı. Düzdür, Virus ondan üzr istədi, amma Ayselin halı bununla yaxşılaşmadı. O, bir neçə gün xəstə oldu. Gecələr yata bilmir, qorxulu yuxular görürdü. Hətta ata-anası onu həkimə aparmağa hazırlaşırdı. Nəhayət, xəstəliyinin üçüncü günü başının ağrısı azaldı, ürəkbulanması dayandı. Qorxusundan başına gələnləri heç kəsə danışmadı. 
Dəhşətli filmin pis nəticəsi Moskvaya da gedib çıxdı. Bir neçə gündən sonra Sirus Moskvaya yarışa getmişdi. Yarışdan bir gün əvvəl, hamı yatandan sonra noutbukunu (daşınan kompyuter) yandırıb, Virus göndərən qorxulu filmə baxdı. Əvvəl istəmədi tam baxsın, bir az tamaşa edəndən sonra, onda filmə elə maraq yarandı ki, gecə saat ikiyə qədər qorxu, dəhşət içərisində kinonu izlədi. Kinodan sonra bir neçə saat Sirusun yuxusu qaçdı. Səhərə yaxın təzəcə yuxuya getmişdi ki, məşqçinin səsi onu şirin yuxudan oyatdı. 
Yarış zamanı məşqçi dəfələrlə ona irad tutdu:
- Bu gün sən həmişəki Sirus deyilsən, hey əsnəyirsən. Gecə yatmamısan?
- Yatmışam! 
Uşaqlardan biri məşqçiyə xəbər verdi ki, Sirus gecə qorxulu filmə baxırmış. 
Məşqçi bunu eşidəndə çox dilxor oldu:
- Yatıb dincəlmək əvəzinə, kinoya baxmısan? 
- Narahat olmayın, Eldar müəllim, mən qalib gələcəyəm! 
- Olsun, sənə inanıram! 
Bəlkə də elə buna görə idi ki, Sirus ilk dəfə özündən qat-qat zəif olan bir şahmat-çıya uduzdu. Hamı dilxor olmuşdu. Sirus Moskvadan qayıdanda Ayselin başına gələnləri eşidib məyus oldu. Virusa belə bir mesaj yolladı: "Daha mən səninlə dostluq eləmək istəmirəm! Səninlə bizim dostluğumuz tutmaz. Gözümüzə görünmə!".
Virus yenə bir müddət yoxa çıxdı. O da çox bikef olmuşdu. Novruz Bayramında elə-dikləri, bir də ardınca qorxulu filmlər... Sirus, Aysel, yəqin ki, onu bağışlamayacaqlar.
- Qurtardıq, mənimlə Virusunku tutmur! O, bu gündən mən adda adam 
tanımasın, - deyə, Sirus hirslə Ayselə dedi.
- Mənə niyə hirslənirsən? Get onu Virusun özünə de!
- Deyərəm, elə bilirsən deməyəcəyəm? Deyəcəyəm bir də mənim poçtuma girməsin, gözümə görünməsin!
- Neyləyib ki, yazıq Virus?
- Yenə onu müdafiə edirsən, elədiklərini unudursan! Nənən deyir ki, gecə səhərə qədər qorxudan sayaqlamısan. Hələ bayram günü tonqala partlayıcı qoyub uşaqları qorxutmağını demirəm! Bundan artıq neyləməlidir?   
- Bayram günü hərə bir cür əylənir, o da belə əylənib. İstəyib şənlik maraqlı olsun. 
- Qapının dalından çıxıb adamı qorxutmaqla şənlik olur?
- Sirus, bunu sən belə düşünürsən, Virus isə daha fərqli düşünür. O, bizi çox istəyir, həmişə çalışır ki yanımızda olsun. Özü demişkən, “bizsiz qala bilmir”. 
- İndi qalar, başa düşər. 
- Belə kinli olduğunu bilməzdim!
Sirus Virusla əlaqələrini kəsmişdi. Neçə dəfə Virus ona mesaj göndərsə də, Sirus  cavabsız qoymuşdu. Bu dəfəki dalaşma, küsüşmə Ayselin üstündə olmuşdu. Bunu Aysel yaxşı başa düşür, ona görə də səsini çıxarmırdı. 
Bir gün Sirus səhər tezdən Ayselgilə gəldi. 
- Nə əcəb belə səhər tezdən gəlmisən? – Aysel təəccüblə soruşdu. 
Sirus əlini dostuna uzatdı:
- Qubaya gedirəm, dedim səninlə də görüşüm! 
Aysel də əlini Sirusa uzadıb soruşdu: 
- Yenə yarışa gedirsən?
- Yox, ailəlikcə dincəlməyə gedirik!
- Yaxşı yol, tez gələrsən, darıxacağam. 
- Mən də darıxacağam.
- Üstündən neçə ay keçib, hələ də Virusla barışmırsan. Bəlkə getməmişdən Virusla barışasan?
- Yox, barışa bilmərəm!
- Axı mənim üstümdə onunla küsülü qalırsan, ona görə mənə xoş gəlmir. Xahiş edirəm, mənim xətrimə Virusla barış! 
- Yox, yenə başıma bəla aça bilmərəm! Sənin xətrinə çalışaram ki, onun məktublarına cavab verəm.
- Afərin! Sənə yaxşı yol. Orda internet olsa, tez-tez mənə yaz.
- Yaxşı, salamat qal!
Qubanın Amsar kəndi çox gözəl, səfalı olsa da, Sirus təzə-təzə darıxırdı. Belə günlərin birində Virus ona mesaj yazdı: “Necəsən?”. “Sağ ol, yaxşıyam!”. Virus elə bil cavabı almağa bənd imiş. Tez tullanıb kompyuterdən çıxdı:
- Mən də yaxşıyam, özü də çox yaxşıyam! 
Sirus Virusun bu hərəkətindən yerində donub qalmışdı, bilmirdi nə desin, neyləsin.
Virus isə ara vermədən danışırdı:
- Neçə vaxt idi ki, dostumdan ayrılmışdım, nəhayət, barışdım, urrrrraaa! 
Sirus Novruz Bayramından sonra Virusla danışmaq istəmirdi. Baxmayaraq ki, Ayselin təkidi ilə barışmışdı. Ona görə də könülsüz-könülsüz dedi:
- Barışmaq istəmirdim, Ayselin xahişini yerinə yetirdim. Aysel çox yaxşı qızdır, xətrinə dəyməsin, səndən də yaxşı dostdur. Baxmayaraq ona pişikli tort aparmısan, sonra Novruz Bayramında skelet paltarı geyinib qorxutmusan, ondan sonra qorxulu filmlər çəkilən yerə aparmısan, orda qorxub. O isə bir dəfə də olsun sənin xətrinə dəyməyib. Həmişə səni müdafiə edib.
- Çünki Aysel bilir ki, bütün bunları mən bilərəkdən eləməmişəm, belə alınıb. 
- Niyə belə mənfi işlər həmişə səndə alınır?
Virus qəmgin-qəmgin başını aşağı saldı:
- Alınır da, yəqin bəxtimdəndir!
- Mən səni tanıyandan görməmişəm ki, bir yaxşı iş görəsən. Əlindən yalnız pislik gəlir. Sənin təşəbbüslərindən sonra adam mütləq hirslənir.
Virus daha danışmadı. Yavaşca pərt halda Kompyuter Dünyasında itmək üçün kompyuterə yaxınlaşdı. Daha bir addım atsaydı, Sirus bir daha onu görməyəcəkdi. Bu vaxt Virus Sirusun əlini çiynində hiss elədi. Sanki dünyanı Virusa verdilər. Çevrilib dostunu elə qucaqladı ki... 
O doğrudan da Sirusu çox istəyirdi.
Qubada Sirus darıxır, tez-tez kompyuteri açıb internetlə şahmat oynayırdı.
Oyunçular isə dünyanın hər yerindən olurdu. 
Axırıncı dəfə oynamağa başlayanda Sirus rəqibi ilə tanış oldu:
- Virus, ‒ deyə özünü təqdim elədi.
- Virus? ‒ Sirus bu adı eşidəndə özünü gülməkdən saxlaya bilmədi:
- Sən nə vaxtdan şahmat oynayan çıxmısan?
- Sən məndən küsəndən!
Beləliklə, dostlar əməlli-başlı barışdılar. 
Burdan da onların yay macərası başlandı. 
Elə ki Sirus Virusu gördü, şahmat yarışlarını “büküb” bir tərəfə qoydu. Çünki Virus hər dəfə ona maraqlı bir oyun gətirir, Sirus oyundan əl çəkə bilmirdi. 
Yaxşı ki, məhəllə uşaqları var idi. Onlar güclə Sirusu oyunlar-dan ayırır, oğlanlar dəstəyə bölünüb futbol oynayırdılar. Virus futbol oynamağı xoşlamırdı. Oynayanda uduzur, uduzanda isə hirslənirdi. Ona görə də uşaqlar həyəcanla oynayanda paxıllanır, bir yolla onları oyundan uzaqlaşdırmaq istəyirdi. Bunun üçün də tez-tez maraqlı və qorxulu savaş filmlərinin disklərini tapıb gətirir, uşaqlar da həvəslə yığışıb kinoya baxırdılar. 
Kinolar çox vaxt elə olurdu ki, uşaqlar ona baxandan sonra bir-birilərinə qarışıb "dava-dava" oynamağa başladılar. Məhəlləni səs-küy bürüyürdü. Səs-küydən qulaq tutulurdu. Çox vaxt yaxınlıqda yaşayan Xanım nənə uşaqlara qışqırardı ki, səs eləməsinlər. Bu dəfə də Xanım nənə həyətə çıxıb qışqırıq saldı:
- Bala, niyə səsiniz aləmi götürüb? Eviniz-eşiyiniz yoxdur? Nə qədər qışqırışmaq, dalaşmaq olar? Bunların hamısı vəhşi, qəddar filmlərə baxmaqdandır. Baxdığınız filmlərdə, oynadığınız oyunlarda hamı bir-birini öldürür. Belə oyunlar adamı vəhşiləşdirir. Az oynayın bu qəddar oyunları! Uşaqlardan biri ona cavab verdi:
- Xanım nənə, oynayırıq daaaa, niyə hirslənirsən?
- Sizin oyunlarınız qurtarmır, bu, oynamaq deyil, savaşmaqdır! 
Bir gün Virus uşaqlara belə bir təklif elədi:
- Uşaqlar, Xanım nənə bizi lap bezdirib, 
gəlin onun pəncərələrini daşlayaq, sonra 
qaçaq gizlənək! 
Hamı dönüb Virusa baxanda Sirus tez dostunu pis vəziyyətdən çıxartdı:
- Dostum yaman zarafatcıldır. O, əlbəttə, zarafat eləyir!
Virus da vəziyyəti, yəni səhv elədiyini başa düşüb tez sözünü dəyişdi:
- Əlbəttə, zarafat edirəm!
Sirus bilirdi ki, Amsar kəndində qocalara, ağsaqqallara çox hör-mət edirlər. Cavanlar oturubsa, bir qoca gələn kimi hamısı hörmətlə onun ayağına qalxar, ədəb-ərkan-la ona salam verərdilər. Sirus onu da bilirdi ki, bu sözünə görə Virusu amsarlılar yaxşıca “çırpışdıra" bilərdilər. Ona görə tez Virusun sözünə düzəliş elədi: 
- Mən bilirəm sən zarafat eləyirsən. Amma balaca uşaqlardan biri bunu ciddi qəbul eləyər, vurar nənənin şüşələrini sındırar. Yığışdır belə duzsuz zarafatlarını. 
Virus Sirusun nə demək istədiyini başa düşüb özünü yığışdırdı. Yavaşca dedi:
- Yaxşı.
Bayaqdan ona kinlə, nifrətlə baxan uşaqların sanki birdən qaşlarının düyünü açıldı, yumruqları boşaldı. 
"Yaxşı qurtardın!", ‒ deyə Sirus onun qulağına pıçıldadı. 
Xanım nənə uşaqları tez-tez danladığı üçün uşaqların deyingən nənədən heç xoşları gəlməzdi. Qarı nənə özü də bunu yaxşı bilirdi. Amma heç vaxt ona qarşı kobudluq eləməz, hətta onun suyunu gətirər, çörəyini alardılar.   
Bu gün elə bir möhtəşəm hadisə baş verdi ki, bütün qəzetlər, jurnallar Bakıdan qonaq gəlmiş 8 yaşlı Sirusun qəhrəmanlığından yazdı. Televiziya kanalları onun cəsarətini nümayiş elədi. Sirusa «qəhrəman» dedilər. 
- Mən nə qəhrəmanlıq eləmişəm ki? – Deyə Sirus təəccübləndi.
Niyə belə deyirdi Sirus? Neyləmişdi ki, ona «qəhrəman» deyirdilər? 
Niyə o, qəhrəmanlığını boynuna almırdı?
Hadisə belə baş vermişdi: Xanım nənə hirslənib bütün uşaqları məhəllədən qovdu: 
- Yatıram, çıxın gedin, o biri məhəllədə oynayın!
- Xanım nənə, nə olar, qoy bir az da oynayaq daaa, səssizcə oynayacağıq!
- Yox, olmaz, bir də gördün, elə qışqırırsınız ki, yuxudan dik atılıram!
Uşaqlar deyinə-deyinə toplarını götürüb aşağı məhəlləyə getdilər. 
Sirusla Virus qayıdıb yarımçıq saxladıqları kinonun ardına baxdılar. Sonra isə kompyuter oyunu oynamağa başladılar. Oyunun maraqlı yerində Sirus yanıq iyi hiss elədi:
- Nəsə yanır!
- Heç nə yanmır! Oyununu oyna, növbə sənindir. 
- Qazları yoxlayım, gəlirəm, bəlkə nəyisə unudub qazda qoyublar!
Sirus qazı yoxladı, heç nəyin yanmadığına əmin olandan sonra yerinə qayıtdı. Amma oturmaq istəyəndə həyətdən gələn tüstünü görüb dedi:
- Deyəsən, yanan ordadır!
- Xanım nənəgilin həyətində? 
- Hə!
- Xanım nənə çörək bişirir! – Virus yalandan dedi. 
O istəmirdi Sirus oyununu yarımçıq qoysun. 
- Nə bilirsən?
- Özü deyirdi, gedirəm çörək bişirəm!
Sirus Virusun dediklərinə inanıb oyununa davam elədi. Onun heç ağlına da gəlməzdi ki, Xanım nənənin çörək bişirməsini Virus özündən uydurur. 
Sirus oyununa davam elədi. 
Amma birdən Xanım nənənin axırıncı sözləri yadına düşəndə əlindəki kom-pyuter pultunu bir tərəfə atıb dik ayağa qalxdı:
- Xanım nənənin evi yanır! ‒ Özünü həyətə tulladı. 
- Ola bilməz! – Deyən Virusun səsini eşitmədi.
Sirus baxdı ki, tüstü düz, nənənin evindən gəlir. Tüs-tülənən ev qəfildən alovlanıb yanmağa başladı.
Xanım nənənin 73 yaşı vardı. Kimsəsi yox idi. Sirus əvvəl istədi camaatı köməyə çağırsın. "Camaat eşidib gələnə qədər gec olar!” – deyə fikirləşib tez yanğın olan həyətə qaçdı. Qapıda qıfıl yox idi. Deməli, nənə evdəydi:
- Xanım nənə, Xanım nənə! – O, qapını bərkdən döyüb çağırdı. 
 Səs gəlmədiyini görən Sirus vaxt itirməyib pəncərə-dən evə girdi. Qarı yatmışdı. Gözləri pis gördüyündən səsindən Sirusu tanıyıb yuxulu-yuxulu soruşdu: 
- Sənsən, çempion, nə istəyirsən? 
- Xanım nənə, tez qalx, ev yanır!
- Nə? 
- Yanğındır e... yağındır! 
"Yanğın" sözünü eşidən nənə qorxudan elə qışqırdı, 
səsi bütün kəndə yayıldı. Sirus çox çətinliklə nənəni evdən bayıra çıxartdı. 
Camaat dəhşət içərisində çatana kimi taxta evin alovu göyə qalxdı. 
Qışqıran kim, vedrə ilə su daşıyan kim… Hamı elə bilirdi nənə evdə qalıb. Evin alovu göyə qalxmışdı.      
Tüstü azalanda gördülər ki, Xanım nənə bir az aralıda qısılıb oturub, qorxudan da Sirusu bərk-bərk qucaqlayıb. Camaat nənəni salamat görüb sevindi. Qoca nənə ağlaya-ağlaya başına gələni danışdı:
- Dedim samovara od salım, isti qalsın, oyananda bir çay içim! Yuxu məni tutub, daş kimi yatmışam. Samovardan od sıçrayıb palaza, ordan da paltarlara. Yəqin, elə yanğın da ordan başlayıb. Bir də eşitdim, bu Allah köməyi olmuş Sirus məni oyadır. 
Belə deyəndə qarı Sirusun üzündən öpdü. Qarı çox danışdı. Axırda da belə dedi:
- Həmişə elə bilirdim ki, vəhşi, qəddar filmlərə baxa-baxa bu uşaqların ürəkləri daşlaşır. Sən demə, əsl insanı heç nə dəyişdirə bilməz. Mənim bu qəhrəmanım kimi. 
Gecəni nənə Sirusgildə qaldı. Səhər nəinki Qubada, hətta Bakıda da Sirusun qəhrəmanlığından danışırdılar.  
Az bir vaxtda xəbər jurnalistlərə də yayıldı. Jurnalistlərdən biri Sirusa sual verdi:
- Qəhrəmanlıq eləyəndə yanmaqdan qorxmadın?
- Burda elə bir qəhrəmanlıq yoxdur. Məgər mənim yerimə siz olsaydınız belə eləməzdiniz? 
Virus isə fikirləşirdi: "Qəribədir, Xanım nənənin evi kül olub, amma hamı sevinir, görəsən, nəyə sevinirlər?". O, sualını Sirusa da verdi. Sirus onu başdan-ayağa süzüb dedi:
- Səbəbi sənə aydın deyil, nə üçün? Bir insan yana bilərdi, amma yanmayıb, sağ qalıb! Buna necə sevinməmək olar? Məgər sən sevinmirsən? 
- Qoca nənədir də, 80-90 yaşı var. Mən olsaydım sənin yerinə, ona görə heç vaxt özümü oda atmazdım.
- Düzdür sən atmazdın. Çünki doğrudan da Virussan! 
- Nədir, peşmansan, mənim kimi dostun olduğuna? Səksən yaşlı qarıya görə xətrimə dəyirsən?
- Neçə yaşı olsa da o insandır, başa düş, insan! Çox təəssüf ki, başa düşmək istəmirsən! İncimə Virus, mən çox çalışdım sən dəyişəsən, amma deyəsən, nahaq əziyyət çəkirəm, əziyyətim boşa gedir! Elə Virussan ki, virus! Əlvida!  
Ondan sonra daha məhəllə uşaqlarının “vəhşi oyunlar”, futbol oynamağa vaxtları qalmırdı. Çünki onlar Xanım nənə üçün ev tikənlərə kömək eləyirdilər. 
Hətta Virus da onlara qoşulmuşdu. O, Sirusun dediklərini yaxşıca dərk etmişdi. İndi də fürsət axtarırdı Sirusla barışsın. 
Yay həmişəki kimi, uşaqların dili ilə desək, “tez qurtardı”. Dərslərin başlanmasına az qalmış Aysel yenə Sirusla Virusu barışdırdı. 
Virus növbəti dəfə Sirusa və Ayselə söz verdi:
- Söz verirəm, uşaqlar, daha mən heç kimə pislik eləməyəcəyəm!
- İnanaq sənə? ‒ Sirus kinayə ilə ondan soruşdu. Virus ona inamın olmadığını görüb pərt oldu və başını aşağı salıb susdu. 
- İnanaq! ‒ Aysel Virusun əlindən tutaraq onun əvəzinə cavab verdi. Ayselin bu hərəkəti Virusu ürəkləndirdi. O, başını qaldırıb düz Sirusun gözlərinə baxıb, səsi titrəyə-titrəyə dedi:
- İnan mənə, Sirus! Siz mənə bir şans daha verin, görəcəksiniz ki, mən də artıq sizə oxşamağa başlayıram, pislik eləməyi xoşlamıram!
Sirusun üzü güldü. Aysel isə hamının barışmasına sevindi:
- Bax, belə! Bu, başqa məsələ! 

Virus mikroblardan yaransa belə, Sirusu, Ayseli çox sevir, onlarsız həyatının necə olacağını təsəvvür belə eləyə bilmirdi. Dostları ondan küsülü olanda çox darıxırdı. Bəli, Virus gündən-günə dəyişilir, insanlaşır, mənfi xasiyyətləri azalır, müsbət xasiyyətləri çoxalırdı. Bütün bunları Sirus və Aysel də hiss edir, öz aralarında bunu Xeyirin Şər üzərində qələbəsi kimi qiymətləndirirdilər. Onlar söhbətlərində tez-tez Xeyir və Şərin adlarını çəkirdilər. 
Kim idi bu Xeyirlə Şər? Bu sual həmişə Virusu düşündürür, amma həmişə utanırdı soruşsun. Son vaxtlar Aysellə Sirus, Xeyir və Şərdən daha çox danışırdılar. Ona görə də bu dəfə Virus dözməyib soruşanda Aysel belə cavab verdi: 
- Bir nağıl-poema var, elə maraqlıdır, gərək onu tapıb sənə oxuyam.
- Nədəndir dediyin nağıl-pompa? – Virus maraqlandı: 
Sirus güldü:
- Nağıl-pompa yox e, nağıl-poema. Onu mən də oxumuşam, adı 
"Xeyir və Şərdir". Xoşum gəlir o poemadan. Hələ bir az da əzbərləmişəm!
Aysel:
- Nə yaxşı, deyə bilərsən? 
- Yadımda qalıbsa... 
Çin qızı söylədi: İki növcavan,
Başqa bir şəhərə oldular rəvan.
Gəncin biri Xeyir, biri isə Şərdi,
Onlar adları tək işlər görərdi.   
Virus maraqlandı:
- Nə maraqlıdır, gerisini də de, nə olar!..
- Bilmirəm gerisini. Bunu da əmim əzbərləyəndə yadımda qalıb!
 Virus:
- Nə pis oldu... Aysel, sən oxumusansa danış da, sonra nə olur?
- Poemada Xeyir adlı bir gənc yola çıxır. Yolda Şər adlı bir cavanla rastlaşır. 
Onlar yoldaş olurlar. Yolları uzun bir səhradan keçir. Xeyir yola bələd deyil, Şər isə bilir ki, yol quraqlıqdır. Şər hər dəfə Xeyirdən su istəyir, Xeyir də öz suyundan ona verir. Xeyirin suyu qurtardıqdan sonra o, Şərdən su istəyəndə, Şər ona su vermir. Dodaqları susuzluqdan çat-çat olur, susuzdan öləcəyini hiss edən Xeyir "Bir qurtum su ver, imdadıma çat!" deyəndə, Şər ondan bir qurtum suyun əvəzində gözlərini istəyir. Sonda uğur da Xeyirin olur, gözləri də şəfa tapır. Öz pisliyindən Şər özü ziyan çəkir. 
- Çox maraqlıdır, kim yazıbsa deyin, internetdə tapım, oxuyum! 
Aysel və Sirus ikisi də xorla, ucadan "Nizami Gəncəvi" deyəndə, üçünü də gülmək tutdu. Uşaqlar doyunca güləndən sonra Virus dedi:
- Oxuyaram. İndi isə yaman istidir, gəlin birlikdə Kompyuter Dünyasına səyahətə gedək. Yalançılar Dünyasına, Azad Uşaqlar Şəhərciyinə. Hara istəyirsinizsə, sizi aparıb doyunca gəzdirə bilərəm.
Sirus Virusa sataşdı:
- Ağıllılar şəhərinə! 
- Yox, yox, ora gedə bilmərəm. Orda məni xoşlamırlar! 
 Aysel təəccübləndi:
- Niyə ki?
- Virus olduğuna görə! ‒ Sirus dedi. 
- Yaxşı ora getmərik! 
Virus:
- Gəlin əvvəl Yalançılar Ölkəsinə gedək, ordan da Azad Uşaqlar Şəhərciyinə!  
Sirus Ayselə dedi:
- Kompyuter Dünyası çox maraqlıdır. Darıxmışam ora üçün. Gəl gedək sən də gör!
- Gedək! 
Uşaqlar üçü də birdən "Getdik!" deyib, əl-ələ verib kompyuterin qarşısına keçdilər, ordan düz Kompyuter Dünyasına yollandılar. Kompyuter gəzintisi bu dəfə Sirusun lap ürəyincə idi. Çünki Aysel gəzintiyə xüsusi gözəllik və maraq qatırdı. 
Virus dostlarının əhatəsində elə sevinirdi ki, bir an da olsa susmurdu. Elə hey danışırdı. Gah yaxşılıqdan danışırdı, gah pislikdən, gah var-dövlətdən danışırdı, gah kasıblıqdan. Gah Kompyuter Dünyasında xoş qarşılanmağından danışırdı, gah da qovulmasından. Sirus onun goplarına qulaq asmaqdan yorulsa da,  Aysel Virusa diqqətlə qulaq asırdı. 
Yalançılar Ölkəsinə səyahətləri əvvəl çox maraqlı oldu, amma sonra... 
Yalançılar Ölkəsindəki qəribə yalanlardan uşaqlar uğunub gedirdilər. Aysel o qədər gülmüşdü ki, sancılanmışdı. O, böyük adamların necə qızarmadan, utanmadan ağ yalan danışdıqlarının şahidi olur, buna həm hirslənir, həm də çoxlu gülürdü. 
Yalançılar Ölkəsində böyüklər yalan danışanda, onlara kimsə güləndə acıqları gəlirdi. Uşaqların ən çox güldüyü bir hadisə oldu. Bir yaşlı kişi deyəndə saat 52-dir, Sirus, Virus və Aysel ona elə güldülər ki, qoca hirsindən, hətta "polis, polis", deyə bərkdən səsləndi. O, az qalmışdı ki, uşaqları polisə versin. 
Hə, hə, Yalançılar Ölkəsinin öz yazılmamış qanunları var. Orada yalan danışana gülmək, onun səhvini düzətmək qürurlarına toxunmaq kimi bir şeydir. Bu vaxt onlar özlərini təhqir olunmuş sayırlar. 
"Həmişə çox güləndə bir hoqqa çıxar!" ‒ deyərlər. Bu dəfə də belə oldu. Uşaqlar nə qədər gülmüşdülərsə, o qədər də ağladılar. 
Bu belə baş verdi. Yay olduğuna görə Yalançılar Ölkəsinin Yalançı dənizində bütün gəmilər və qayıqlar məşğul idi. Ona görə uşaqlar çətinliklə yelkənli qayıq tapdılar. Uşaqlar dənizi yaxşıca dolaşdılar. Amma qayıtmaq istəyəndə böyük və qorxulu bir balıqla rastlaşdılar. Düzü, əvvəlcə balığa yaxından baxmaq üçün qayığı ona yaxınlaşdırdılar. Elə bil, bu, balığın xoşuna gəlmədi. Balıq düz onlara səmt üzməyə başladı. Gah sağlarına, gah sollarına keçdi. 
Uşaqlar qayığın sürətini artırmaq üçün avarçəkənləri də işə saldılar. Qayığın sürəti çox deyildi. Nəhəng balıq asanlıqla onun ətrafında fırlana bilirdi. Uşaqlar çox qorxdular. Qorxularından qışqırmağa, kömək çağırmağa başladılar. Ən çox qışqıran da Virus idi. O hətta Ayseldən də bərk qışqırırdı. Sirus isə özünü elə göstərirdi ki, guya o qədər də qorxmur:
- Qorxmayın, az qalıb, indicə sahilə çatacağıq! 
Aysel:
- Üstümüzə gəlir, necə qorxmayaq?   
Balıq ağzını geniş açanda isə uşaqlar başa düşdülər ki, bu, adi balıq deyil, balina kimi bir şeydir. İş o yerə çatdı ki, artıq Sirus da qorxmağa və köməyə çağırmağa başladı:
- Kömək ediiiiiinnn!...
Qayıq sahilin yaxınlığında idi. Sahildə də çoxlu adam gəzişirdi. Onlar, elə bil, o boyda nəhəng balığı görmür, uşaqların səsini eşitmirdilər. Uşaqlar lap məəttəl qalmışdılar. Səsləri aləmi götürdüyü halda, elə bil, gəzənlərin qulaqları kar idi. Onlar heç uşaqlar tərəfə baxmırdılar da...
- Ay camaat, sizinləyik, bizə kömək edin! ‒ Aysel hirslə sahildəkilərə qışqırsa da heç kəs onlara reaksiya vermədi. 
- Qəribədir, belə şey olar? Elə bil insan yox, daşdırlar! 
Virus dəhşət içərisində qışqırdı:
- Yazıq canımız, ölürük! Bu adamlar da özlərini karlığa qoyublar. Belə də zülm olar?
Sonuncu dəfə bircə Ayselin səsi gəldi: 
- Mən yaşamaq istəyirəm! 
- Uşaqlar, arxaya baxın, nəhəng balıq üstümüzə gəlir! ‒ Virus dedi.
Belə deyəndə Sirus sanki bir anlığa özünə gəlib Ayselin əlindən tutdu, öz əlini də Virusa uzadıb qışqırdı: 
- Hələ deyirsən balıq üstümüzə gəlir, tez tut əlimizdən qayıdaq evə!
Aysel də əlini Virusa uzadıb dedi: 
- Əlbəttə, qayıdaq, tez elə, o bu saat bizi udacaq!
- Yox, bu mümkün deyil, su elektriki keçirir. Biz sudan kompyuterə girə bilmərik!
Sirusun gözləri daha da bərəldi: 
- Niyə bunu əvvəlcədən deməmişdin?
- Yenə mənəm günahkar? Bilmirsən ki, su elektriki asanlıqla keçirir?
Aysel bir anlığa qışqırmağını dayandırıb oğlanlara irad tutdu:
- Fizika qanunlarının müzakirəsi bura qalıb? 
Sirus sakitləşmədi:
- Mikrobluğun tutmasın, qız kimi qışqırmaqdansa, bir şey elə! Başqa çıxış yolumuz yoxdur! Sən bir çalış gör, burdan bizi necə çıxara bilirsən? Biz cəhənnəm, axı Aysel burdadır!  
- Bağışlayın məni, dostlar! Sirus, mən sizi bura gətirmişəm, amma heç bir kömək edə bilmirəm! Baxmayaraq ki, sən məni dəfələrlə ölümdən qurtarmısan, amma mən səni də, dostunu da  ölümlə üz-üzə qoydum! 
Sirus özündən çıxdı:
- Dəlisən, bilirsən nə danışırsan? Qoca nənələr kimi yas açma, yaxşısı budur, Ayselə kömək elə. 
- Virus, mən ölmək istəmirəm, bizi evimizə qaytar! ‒ Aysel titrəyə-titrəyə yalvardı.  
Uşaqlar belə mübahisədə ikən nəhəng balıq ağzını elə böyük açdı ki, uşaqları da, qayığı da çox asanlıqla uddu. Hə, hə, uddu... 
Uşaqlar bir də ayıldılar ki, sahildədirlər. Başlarının üstünə də onlara gülən çoxlu adam toplaşıb. Yanlarında ağzını geniş açıb dayanmış nəhəng oyuncaq balığı görəndə hər şey Aysellə Sirusa aydın oldu. Sən demə, bu, bir qurğu imiş. 
Yalançılar ölkəsində hər şey yalan olduğu kimi Nəhəng balıq söhbəti də yalanmış. Qorxulu yalan! Virusun gülməyini də görəndə anladılar ki, o, əvvəlcədən hər şeydən xəbərdar imiş. 
Axı Virus məktəbi bu ölkədə bitirmişdi. Elə ona görə də çətin məqamda dostları Virusdan kömək istəyəndə, "Bu mümkün deyil!" ‒ demişdi. 
Zarafat Sirusa çox acıq gəldi:
- Belə də zarafat olar? Adamın ürəyini partladırlar ki, zarafat edirik! 
Sirus qalxıb Virusun üstünə cumdu. Onu tutub yaxşıcana "çırpdı". Virus səhvini başa düşmək istəmədi:
- Zarafat-zad başa düşmürsən! 
Ətrafdakılar isə onları ayırmaq əvəzinə, bir az da qızışdırırdılar:
- Başından vur, özü də bərkdən!
- Adını dost qoyub, amma düşməndir!
- Belə dost olar, səni ələ salıb?!
- Sındır kompyuter maskalı başı! 
- Bu nə təhər dalaşmaqdır, heç birinin burnu da qanamır!
- Uşaqlar dayanın, dalaşmayın! ‒ Bircə Aysel belə deyirdi.  
Virus Sirusdan canını qurtarmaq üçün yalana əl atdı:
- Məni yaralasan, sağalana qədər Kompyuter Dünyasından çıxa bilməyəcəyik. 
Sirus Ayselin xətrinə Virusu buraxdı. Amma onların üçü də kefsiz-kefsiz evə qayıtdılar. 
Sirus sakitləşəndən sonra Virusun dili açıldı:
- Demişəm, səninlə zarafat eləməyim, yenə alınmır! 
Aysel bu dəfə də Virusun tərəfini saxladı:
- Görürsən, zarafat eləyib. Niyə onunla elə kobud danışırsan? 
- Mənimlə zarafat eləsəydi, bağışlayardım. Gör, səni necə qorxudub? 
Ayselin əvəzinə Virus cavab verdi: 
- Sən Ayselin adından danışma, onun xətrinə dəysəm, məni bağışlamaz! Mən vəziyyətin bu qədər ciddi şəkil alacağını bilsəydim, heç "Balıq oyunu" əyləncəsinə qoşulmazdım. Bu, bir əyləncəli oyundur. Burda hamı məni tanıyır. Həmişə məktəbdən qaçıb "Balıq oyunu"na gedərdik. 
Aysel Virusun səhvini anlasa da, hara getdiklərini yaxşı başa düşürdü:
- Sirus, mənə görə kefini pozma! Başa düşürəm ki, ora Yalançılar Ölkəsidir. Ona görə yalanla bağlı olan hər şey baş verə bilər. Bununla sən də barışmalısan. Nənəmin bir gülməli sözü var. Deyir: "Bataqlığa girirsən, sonra deyirsən ayağım bulaşdı". 
Virusla Aysel, nəhayət ki, Sirusa təsir elədilər. Sirusun kefi yerinə gəldi. Dostlar keflərini pozmayıb səyahətlərinə davam elədilər. 
Sirus, Virus, Aysel Azad Uşaqlar Şəhərciyinə gəldilər. 
Baxdılar ki, həmişə uşaqla dolu olan şəhərcikdə bu dəfə nədənsə uşaq çox azdır. Öyrəndilər ki, hamı dənizə ‒ sulaşma yarışına gedib. Onlar da katerə minib uşaqların yanına getdilər. Yenicə çatmışdılar ki, eşitdilər:
- Kim sulaşma yarışmasında iştirak etmək istəyir, iki-iki kameralara otursun! Qaliblərə mükafat və hədiyyələr veriləcək!
- Gəlin özümüzü sınayaq! - Aysel dedi.
- Əlbəttə, ‒ Sirus, Virus birdən dilləndi. Hərə qaçıb bir kameraya oturdu. Bir azdan yarış başlandı. Uşaqlar hər kamerada iki-iki oturmuşdular. Yarışın şərtinə görə, hərə öz kamerasından o birilərini sulamalıydı. Ən tez və ən çox islanan uduzur, oyunun sonuna quru qalan qalib çıxırdı.  
Sirus yenə də öz cəldliyi və fərasəti ilə hamıdan fərqləndi. Demək olar ki, su kamerasındakı uşaqlardan yalnız Sirus və yanındakı uşaq bir az quru qalmışdı. Qalanları tamam islanmışdı. 
Bu vaxt hamı gülüb şənlənsə də, Virus qaş-qabağını tökmüşdü. Ağlında yalnız bir şey fırlanırdı. Sahilə qayıdan kimi hamı Sirusu alqışlayacaq, Virusa səmt heç baxan da olmayacaqdı. Sirusa hədiyyələr verəcək, tərifləyəcəkdilər, Virus isə lazımsız birisi 
kimi heç yada da düşməyəcəkdi. "Buna dözmək olmaz!" ‒ deyə düşünüb, yavaşca cibindən balaca bir vintaçan çıxardı. Kamerasını düz Sirusun kamerasına yaxınlaşdırıb vintaçanla onu bir neçə yerdən deşdi. Kamera yerində yavaş-yavaş fırlanmağa başladı. Sulaşanlardan heç kəs başa düşmədi ki, kamera yerində niyə fırlanır. 
Sahilə çatmağa bir az qalmış kamera boşaldı və Sirus da, onunla bir kamerada olan oğlan da suya düşdülər. Hamı təşvişlə qışqırdı. Sən demə, nə Sirus üzə bilirdi, nə də yanındakı oğlan. Onların hər ikisi suya düşən kimi qışqırışdılar: 
- Mən üzə bilmirəm, kömək eləyin, boğuluram!
Aysel qorxub qışqırdı:
- Boğulurlar, onlara kömək elə, Virus! 
- Mən özüm də yaxşı üzə bilmirəm! 
- Neyləyək, indicə boğulacaqlar! 
Doğrudan da uşaqlar artıq suda görünməz olurdular ki, birdən sahildən xilasedi-
cilər özlərini çatdırdı. Yaşca bir az böyük oğlanlar tez suya tullandılar. Bir azdan o biri uşaqlar da köməyə gəldilər. Bədbəxt hadisə sovuşdu.
Heç vaxt heç nədən qorxmayan Sirus bu dəfə əməlli-başlı qorxmuşdu. Özünə gələnə qədər bir xeyli uzanılı qaldı. Bütün bədəni titrəyirdi. Bir əlindən Aysel, o biri əlindən Virus tutmuşdu. Ayselin gözlərindən yaş tökülürdü.  
Ekspertlər təyin elədi: "Kamera qəsdən deşilib!". Nə Sirus, nə də Aysel buna inanmadılar:
- Ola bilməz! Bunu heç kəs eləməz!
Virus danışmaq istəyir, həyəcandan kompyuter başı titrəyir, dili söz tutmurdu. 
Sirus qalxıb dostlarını qucaqladı: 
- Sağ olun, dostlarım! İnanmazdım məni bu qədər çox istəyirsiniz! Sakit ol, Virus, hər şey ötüb-keçdi. Biz yenə bir yerdəyik! 
Sirus bilmirdi bu vaxt Virusun ürəyindən nələr keçir. O bilmirdi ki, bütün bu xoşagəlməz hadisələri törədən Virusdur. Virus çox peşman olsa da, qorxusundan səsini çıxarmır, bir söz deyə bilmirdi. Virus qorxurdu ki, dostları bilsə ki, kameranı o deşib, ondan birdəfəlik üz döndərərlər. Bəlkə də bir daha onunla barışmazlar. 
Virus həmişəlik dostsuz qala bilərdi.  
Bir tərəfdən də Sirusun və Ayselin inamsızlığı onu lap hiddətləndirirdi:
- Qəribədir, siz heç nəyə inanmırsınız! Bəlkə elə kimsə kameranı paxıllıqdan deşib?!
Aysel dedi:
- Qəsdən onu heç kim deşməz! 
Virus:
- Niyə deşmir, o qədər paxıllar var ki, qalib olub, hədiyyəni özü almaq istəyib, deşib. Sizi başa düşə bilmirəm. O qədər avam və sadəlövhsünüz ki, heç kəsdən şübhələnmirsiniz. 
Sirus da Aysel deyənlə razılaşdı:
- Burda paxıllanmalı nə var ki, oyundur da, sulaşma oyunu. İslansaq da bir azdan quruyacağıq!
- Qalib olmaq, hədiyyə almaq, məgər bütün bunlar azdır? ‒ Virus onları başa düşmürdü. 
Aysel:
- Əlbəttə, mən qalib olsaydım sevinərdim.Amma qalib olmaq üçün zəhmət çəkmək kifayətdir. Əziyyət çəkmək vacib deyil. Uşaqlar arasında təşkil olunan oyunların çoxu əyləndirir və öyrədir. Oyunlarda iştirak eləyirsən ki, nəsə öyrənəsən, cəld olasan. Oynamırsan ki, paxıllıq çəkib hirslənəsən! 
- Əlbəttə! ‒ Virus pərt halda cavab verdi. 
Deyəsən, dostlarının oyun haqqında fikirləri Virusun paxıllıq, kin, hirs, lovğalıq kimi hisslərinə qalib gəlmişdi. 
Sirusla Ayselin heç ağıllarına belə gəlməzdi ki, kameranı Virus deşə bilər. 
Virus ağlaya-ağlaya bunu boynuna alanda Sirus dəhşətə gəldi. Ayselin əli ağzında qaldı. İstədi nəsə desin, dili söz tutmadı. 
Birdən Virusun rəngi elə ağardı, elə ağardı, oldu kağız kimi ağappaq. O, elədiyi pisliklərdən o qədər xəcalət çəkdi, elə peşman oldu ki, büzüşüb elə yazıq görkəm aldı ki, dostlarının ona lap yazığı gəldi. 
Bir az keçəndən sonra Sirus özünə gəlib əlini Virusun çiyninə qoyub onu sakit-ləşdirməyə çalışdı:
- Əsas odur ki, səhvini dərk edirsən. Mən səni bağışladım, narahat olma! Amma söz ver, bir də bundan sonra...
Virus bağışlandığını görəndə xəcalətindən daha bərkdən ağladı. Nə deyirdilər, neyləyirdilər, onu sakitləşdirə bilmirdilər. 
Birdən Virusda dəyişiklik baş verməyə başladı. Göz yaşları ilə birgə Virusun alnından çirkli tər damcıları axıb töküldü. Bütün bunlarla birgə onun canından bütün pislikləri, paxıllıqları çıxdı. 
Onda vicdan oyandı. Bundan sonra Virusun kompyuter başı dönüb yaraşıqlı bir oğlan başına çevrildi. 
Bütün bunlar Aysellə Sirusun gözü qarşısında oldu. Aysel dəhşət içərisində soruşdu:
- Sənə nə oldu, Virus?
- Nə oldu? ‒ Virus Ayselin və Sirusun bərəlmiş gözlərini görəndə qorxudan ağlamağını dayandırdı.
Sirus qışqırdı:
- Viiiruuss, xəbərin vaaar, insana çevrildin?!
- Necə?
Aysel əlini onun başına sürtüb dedi:
- Sən əsl, yaraşıqlı bir oğlan oldun!
- Ola bilməz! ‒ Virus da əlini başına sürtəndə tez qaçıb həyəcanla güzgüyə baxdı.
Özünü görəndə əvvəl duruxdu, inanmağı gəlmədi. Elə bildi baş verənlər həqiqi həyatda yox, ya yuxuda, ya da Kompyuter Dünyasında baş verir. Gördüklərinin həqiqət olub-olmadığını yoxlamaq üçün saçını dartdı:
- Yuxu deyil! Yuxu deyil! Yuxu deyil! Bu, həqiqətdir, mən insana çevrildim. 
Yadına ilk dəfə Yalançılar məktəbinə gedəndə Mikrobları Müdafiə Mərkəzi sədrinin dedikləri düşdü: "Oğlum, Virus! Nəsihətlərimə qulaq as! Nə qədər dara düşsən də, heç vaxt ağlama! Ağlasan, göz yaşınla birlikdə bütün hissiyyatların ‒ acgözlüyün, paxıllığın, yalançılığın, daşürəkliliyin məhv olacaq, onun yerinə səndə "vicdan" adlı bir hiss yaranacaq. Bu hiss hər dəfə pislik edəndə sənə əzab verəcək! Eşit sözlərimi! Vicdanla yaşamaq çox çətindir! Ona görə özünü daim vicdandan qorumalı, uzaqlaşdırmalısan! Yoxsa insana çevriləcəksən, yəni, bizim düşmənlərimizə oxşayacaqsan!". 
Bu sözləri yadına salıb, Virus sevincindən dodaqlarını güzgüyə yaxınlaşdırıb özünün güzgüdə əksini marçıltı ilə öpdü. Sonra isə səsi gəldikcə qışqırdı:
- Mən insana döndüm, dostlar, insana! 
Əvvəlcə uşaqlar uzun müddət yerlərində quruyub qaldılar. Özlərinə gələndə Virus müəlliminin dediklərini dostlarına da danışdı.   
- Nə yaxşı, ‒ deyib uşaqlar sevincək Virusu qucaqlayıb təbrik elədilər. 
Sirus, Virus və Aysel bundan sonra daha da mehriban oldular. 
Onlar daha heç vaxt, heç vaxt bir-birlərindən küsmədilər. 
Virus daha aldatmadı, paxıllıq eləmədi, acgöz olmadı, kinli qalmadı, yalan danışmadı. Ayseli qorxutmadı. Sevindiyindən dostlarını Kompyuter Dünyasında bütün maraqlı yerlərə apardı. Bundan sonra dostların başına bir də pis hadisə gəlmədi. 
Sirus həm dərslərində, həm də şahmat yarışlarında daha fəal oldu. Bildiklərini Virusa da öyrətməyə başladı.  
Bundan xəbər tutan "Mikrobları Müdafiə Mərkəzi"nin əməkdaşları Sirusun adını "Fəxri qonaqlar" siyahısından sildilər. 
Virusu "xalq düşməni" elan eləyib onun üçün ölüm hökmü çıxardılar. Virus bütün bu xəbərləri eşidib kədərlənmək əvəzinə çox sevindi. İndi o, asanlıqla yaxşını pisdən, yalanı doğrudan ayıra bilirdi. 
Virusun adını dəyişib Varis qoydular. Adını çox xoşladı. 
Dostlar dedilər:
- Dotluğumuz əbədidir! Daha bundan sonra bizi heç nə ayırmaz!     
Gülzar nənənin "Sirus və Virusun macəraları" adlı fantastik 
romanı bitsə də, Sirus, Varis və Ayselin dostluğu əbədi oldu...

 

    Nağılçı: Gülzar İbrahimova