(nağıl)
Biri vardı, biri yoxdu, Elxan adlı balaca bir oğlan vardı. O, qarpızı çox xoşlardı. Qarpızı elə yeyərdi, hər dəfə qarnına çəyirdək gedərdi. Bir gün baba dedi:
- Qarpızın çəyirdəyini yemə, qarnında qarpız bitər.
O gündən Elxan qorxdu ki, qarnında qarpız bitər, qarpızı yavaş yedi.
Bir gün oğlan qarpızın tumunu götürdü, onu bağda əkdi, hər gün su verdi.
Günlər keçdi, qarpızın tağı cücərdi, yarpaq açdı. Bir neçə gündən sonra da üstündə balaca qarpız göründü.
Bu balaca qarpız böyüdü, böyüdü, oldu böyük qarpız. Elə böyüdü ki, balaca oğlandan da böyük oldu. Elxan istədi onu dərsin, gücü çatmadı.
Köməyə dostu Sərxanı çağırdı. Sərxan gülüb dedi:
- Bir qarpıza gücün çatmır? Bu saat gəlib onu dərərəm!
- Qarpız çox böyükdür, gücün çatmaz.
- Yumbalada-yumbalada gətirərəm!
Elxan, Sərxan qarpızı nə qədər dartdılar, neylədilər, qarpız yerindən tərpənmədi.
Qonşuda Gülcan adlı balaca qız yaşayırdı. Gördü Elxanla Sərxan qarpız dərir, köməyə gəldi. Elxan, Sərxan, Gülcan, dartdılar, dartdılar, qarpızı yerindən qopara bilmədilər. Elxan köməyə öz iti Toplanı çağırdı:
- Toplan, Toplan, hardasan? Tez bura gəl!
Toplan çatıb hürdü, qarpızı dərməyə kömək elədi. Elxan qarpızı qucaqlayıb dartdı. Sərxan Elxandan, Gülcan Sərxandan,Toplan Gülcandan, tutub dartdılar, dartdılar...
Nə qədər dartdılar, qarpız yerindən tərpənmədi. Gülcan köməyə pişiyi Məstanı çağırdı. Məstan gələn kimi təzədən qarpızı dartmağa başladılar. Elxan, Sərxan, Gülcan, Toplan, Məstan qarpızı tutub dartdılar, dartdılar... Nə qədər dartsalar da, yekə qarpızı yerindən tərpədə bilmədilər ki, bilmədilər. Bu vaxt bir kəpənək uçub gəldi, dedi:
- İstəyirsiz, mən də sizə kömək edim?
Hamı güldü. Kəpənək qarpızın üstünə qonub dedi:
- Haydı, başladıq dartmağa!
Təzəcə dartmağa başladılar, qarpız yerindən qopdu, diyirləndi evə tərəf. Bərkdən divara dəyib, neçə yerə bölündü.
Hamı qarpızdan yedi, “nə şirindir”, dedi. Mən də şirin qarpız yedim, hamıya şirin nağıl dedim.
Nağılçı: Gülzar İbrahimova