(şeir - nağıl)
Meşədə qədim vaxtlar,
Yatmazdılar heyvanlar.
Hamı gecə gəzərdi,
Günlər belə keçərdi.
Ayı da heç yatmazdı,
Qış yuxusu almazdı.
Mağarada gəzərdi,
Hərdən nərə çəkərdi.
Canavarlar, tülkülər,
Şirlər, vəhşi pişiklər,
Pələnglər, kəpənəklər,
Yatmazdılar gecələr!
Quruldardı qurbağa,
Atılardı kolluğa.
Ördək bərk qışqıraraq,
Deyərdi “Vağ-vağ, vağ-vağ”.
Heç bilirsən ki necə,
Dava düşərdi gecə?
Titrəyərdi qorxudan,
Yuvada bala dovşan!
Hay-küy qopardı gecə,
İstəyərdilər bircə,
Gecəni hamı yatsın,
Bir az səs-küy azalsın.
Bir gün circıramanın,
Gözəl bir qızı oldu!
Ad qoydu ona Ayla,
Qoşdu qızına layla.
Cırcırama hər gecə,
Axşamdan səhərəcən,
Layla dedi qızına,
Körpəcə balasına.
Bir gün yenə meşədə
Heyvanlar səs edəndə
Bülbül yaman hirsləndi,
Yuvadan çıxıb dedi:
Baş qulağımız getdi,
Bircə sussanız, dedi.
Cırcıramaya baxın,
Bir ona qulaq asın.
Görün necə oxuyur,
O sanki cəh-cəh vurur.
Laylaya qulaq asın,
Siz də azcana yatın!
Elə bil deyil böcək,
Oxuyur müğənni tək.
Səsində məlahət var,
Bir dinləyin, nə olar!?
Görün nə deyir ana,
Öz körpə balasına:
Gözünü yum, gəl yataq,
Sübh Günəşlə oyanaq!
Bir bax, yatır Günəş, Ay
Sən də yat, bala, laylay.
Yat, gecən xeyrə qalsın,
Yat, yuxun şirin olsun!
O gündən hər bir heyvan
Bu səsə oldu heyran
Qulaq asan laylaya,
Getdi şirin yuxuya!
Müəllif: Gülzar İbrahimova