Sehrli Nurgünün nağılı

                                                                         

 (nağıl)

   Biri vardı, biri yoxdu, bir gözəl ana, bir qüvvətli ata, bir də Nurgün adlı qəşəng qız vardı. Nurgün elə işgüzar idi, bütün günü iş axtarardı işləsin. İşi də tez görüb qurtarar:

- Ana, mənə yenə iş ver! – Deyərdi.

- A bala, sənə nə iş verim, bapbalaca qızsan. Get eləcə uşaqlara qoşul, oyna!

- Oynamaq maraqlı deyil. Mənə iş ver, iş görmək istəyirəm!

Bir gün ata meşəyə odun yığmağa gedəndə ana deyir:

- Mən də gedim, göbələk yığım!

Nurgün:

- Mən də gedim, moruq yığım!

Meşə yolu çay üstündən keçirdi. Çayın adı “Dəli çay” idi. Sakit axdığı yerdə bir də görürdün sel gəldi, adam gözünü açıb-qaçmağa macal tapmadı. Onda gərək körpünün kəndirindən tutaydın, səni selinə-suyuna qatmasın. Ata qorxusundan arvadına da, qızına da üzmək öyrətmişdi.

            Təzəcə körpünün üstünə çatmışdılar, Dəli çay coşub-daşdı, köpükləndi, körpünü ağzına aldı. Nurgün hamıdan qabaqda gedirdi. Ata-ana qışqırdı:

- Nurgün, kəndirdən yapış!

Özləri də qaçdılar Nurgünü tutalar. Nurgün kəndirdən elə bərk tutdu ki, sel nə qədər vurdu, qız suya düşmədi. O, bərkdən ağlayıb köməyə çağırırdı:

- Kömək edin, mənə kömək edin!..

Qızın köməyinə çatan olmadı. Dəli çay atanı da, ananı da, selinə-suyuna qatıb dənizə səmt apardı. Bir azdan sel sakitləşdi, Dəli çay sakit-sakit axmağa başladı. Nurgün ağlaya-ağlaya evə qayıtdı. Bir neçə gün evdə olanlardan yedi, bir neçə gün də qonşu bişirəndən, bunlar bitəndən sonra ac qaldı. Heç kim yetim uşağa sahib çıxıb ona həyan olmadı.

            Kənddə kasıb, qoca qarı yaşayırdı. Qarının bir toyuğu, bir də uçuq daxmasından savayı heç bir şeyi yox idi. Toyuq hər gün yumurtlayar, qarını ac qoymazdı, koma da hər gün damar, qarının evini quru qoymazdı. Bununla belə, qarı Nurgünə həyan oldu:

- Evdə tək qalma, dur gedək mənim komama!

Gəldilər qarının komasına. Nurgün komanı görüb dedi:

- Qarı nənə, bu koma uçulur, gedək bizdə yaşayaq!

- Yox, öyrəşmişəm, sağ ola-ola baba ocağımı söndürmərəm!

 Qız yalvar-yaxarla qarını razı saldı. Qarı boxçasını qoltuğuna vurub getdi Nurgüngilə.

Qarı ilə Nurgün yol getməkdə olsunlar, sizə kimdən deyim, kimdən danışım, danışmaq istəmədiyim kəndin mollasından.

            Bu kəndin acgöz, tamahkar, fırıldaqçı, yalançı bir mollası vardı. Kənd camaatından nə qədər pul, mal toplasa da, gözü doymazdı... İndi qayıdaq yola baxaq, görək, qarı ilə Nurgün harda qaldılar?.. Qarı gəlib Nurgüngilə çatana qədər təngənəfəs oldu. Nurgün dedi:

- Nənə, sən dincəl, mən qapını açım!

Nurgün əl atdı kətilin altından açar götürüb qapını açsın, gördü açar yoxdur:

- Mən açarı bura qoymuşdum!

- İçəridə çıraq yanır, deyəsən evdə adam var!

- Kim olar görəsən?

Qarı başa düşdü ki qız qorxur, durub içəri girdi. Evdən mollanın qışqırığı eşidildi:

- Qarı, çıx bayıra, dilənçiyə verəcək sədəqəm yoxdur!

Sədəqə almağa gəlməmişəm! Uşaq tək olmasın deyə, gəlmişəm onunla qalım!

- Bura mənim evimdir, burda qala bilmərsən!

Nurgün özünü içəri atdı:

- Bura atamın, anamın evidir!

- Sus, əxlaq, tərbiyə görməmiş uşaq! Sən balaca bir uşağın mahalın mollasına cavab qaytarmağına bax!  

- Molla, o boyda ev-eşiyin, var-dövlətin ola-ola, yetimin evinə niyə girirsən?

- Onun atası mənə min dirhəm borclu idi. Borcu qaytarmamış öldü, neyləməliyəm?

- İnsafın olsun, yetim mülkünə göz dikmə! – Qarı hirslə dedi.

Molla ayağa qalxdı, qarını elə itələdi, qarı bayıra yıxıldı:

- Çıx bayıra, nə vaxt min dirhəmimi gətirsən, onda evdən çıxaram!

Nurgün ağladı. Onlar kor-peşman komaya qayıtdılar.

            Səhər Nurgün samovar yandırdı, süfrə saldı, yumurta bişirib, qarını yuxudan oyatdı. Qarı durub gözlərinə inanmadı. Həyət-baca, bağ-bağça tər-təmiz yığışdırılıb, süpürülmüşdü. Süfrədə də iki yumurta vardı. Təəccüblə soruşdu:

- Toyuğum gündə bir yumurta yumurtlayar, ikinci yumurta hardaydı?

- Hində iki yumurta vardı.

Qarı bu işə məəttəl qaldı. Səhər hində üç yumurta görəndə qarı lap heyrətləndi.

   Bir gün səhər qarı ilə Nurgün yuxudan qalxıb gördülər ki, həyətdə hardansa bir ağ at peyda olub. Nə illah elədilər çıxıb getmədi. Axırda qız onun üzəngisindən tutub qapı-qapı gəzdirib sahibini axtardı. Ata sahib çıxan olmadı. At elə gözəl idi, hamı onun tamaşasına yığışdı. Kəndin mollası bundan xəbər tutan kimi qarının həyətinə gəlib dedi:

- Onu ver mənə!

- Verə bilmərəm!

- Onda sat mənə! 

Qarı molladan elə yanıqlı idi, ağzına gələn qiyməti dedi:

- Min dirhəmə satıram!

Molla nə illah elədi, qarını yola gətirə bilmədi ki, qiyməti bir az düşürsün. Axırda min dirhəm verib atı aldı. Qarı camaat içində mollaya dedi:

- Deyirdin qızın atası sənə min dirhəm borcludu, bu, sənin min dirhəmin, qaytar evi!

Molla gördü “yox” desə, camaatın yanında yalanı çıxacaq, əlacı kəsildi, evi Nurgünə qaytardı. Qarı ilə Nurgün evə qayıtdılar.

  Qarının toyuğu hər gün qızıl qabıqlı yumurta yumurtlamağa başladı. Toyuğun adını qoydular “Qızıl toyuq”. Onlar bir-iki ilə elə varlandılar, pullarını, qızıllarını, yığıb-yığışdıra bilmədilər. Özlərinə imarət tikdirdilər. Bundan sonra yetim qızın sehrli olduğunu hamı başa düşdü.

     Bir gün Nurgün gecə yatanda ata-anası üçün ağladı, sonra yuxuya getdi. Yuxuda nə gördüsə, yerindən dik qalxıb, qarını oyatdı:

- Nənə, bir yuxu görmüşəm, gərək onu yozasan!

- Nə görmüsən?

- Yuxuda görmüşəm Qızıl toyuq mənə deyir, dənizin içərisində ağappaq qumu olan bir ada var, mütləq ora getməlisən!

- Qızıl toyuq sehrlidir, yuxuda sənə deyibsə “get”, getməlisən!

    Səhər Nurgün vaxt itirmədən yola düşdü. Ağ qumlu adanı axtarmaq üçün gəmi kirayələdi. Dənizə çıxıb adanı axtarmağa başladı. Çox dolaşandan sonra nəhayət axtardığını tapdı. Gəmidəki xidmətçilərdən bir neçəsini də götürüb adanı dolaşdı. Onlar gəzəndə iki qara adam gördülər. Elə bildilər ölüblər, yaxınlaşıb gördülər ki, sağdırlar.

    Onlardan biri arvad, o biri kişi idi. Huşsuz vəziyyətdə üzüqoylu qumun üstünə uzanmışdılar. Nurgün xidmətçilərə tapşırdı ki, onları da gəmiyə mindirsinlər, ayıltsınlar, naxoşdularsa, sağaltsınlar. Xidmətçilər elə də elədilər. Üzlərinə su çiləyən kimi ayıldılar. Sən demə acından bihuş olubmuşlar. Xidmətçilər onları yedirtdilər, içirtdilər, yuyundur- dular. Təmiz paltar geyindirdilər. Sonra kişi ilə arvad dedi:  

- Bizi böyüyünüzün yanına aparın, ona “sağ ol!” deyək!

Onları Nurgünün yanına apardılar. Qız onları görən kimi qışqırdı:

- Ata, ana!

- Bu ki bizim balamızdır, Nurgündür! ‒ Deyib ata-ana Nurgünü qucaqlayıb bağırlarına basdılar. Ata-ana adada qalıb qaralmış, tanınmaz olmuşdular. Üzləri də quma batdığından doğma balaları onları görəndə tanımamışdı.

Onlar qucaqlaşıb-görüşəndən sonra yenə dedilər:  

- Bizi böyüyünüzün yanına aparın!

- Böyük elə mənəm! – Deyib Nurgün başına gələnləri ata-anasına danışdı. Ata-ana çox sevindi. Nurgün onlardan da çox sevindi. Gəl, onları sevinə-sevinə qoyaq, qayıdaq geri, görək molla neylədi...

  Molla bu var-dövlətə sakit baxa bilmir, yol axtarırdı ki, var-dövləti ələ keçirsin.  Axırda qərara gəldi ki, Nurgünü səfeh, işbilməz, tənbəl oğluna alsın ki, lap çox varlansın. Elçi gəlib fikrini qarıya bildirəndə qarı acıqlandı:

- On iki yaşlı uşağı ərə verə bilmərəm, oğluna başqasını al!

Qarı mollanı qovdu.

- Məni qovursan? Səni zirzəmiyə atdıraram, görərsən!

Bir azdan mollanın adamları gəldilər, mollanın üzüyünü döşəkçənin altından tapdılar.. Qarını “oğru” kimi şərləyib, dustaqxanaya apardılar. Üzüyü molla qəsdən döşəkçənin altında qoyub getmişdi ki, qarını şərləsin.

Sonra molla gözlədi Nurgün səfərdən qayıtsın. Məqsədi də o idi ki, zorla Nurgünü oğluna alsın. Elə ki hamı sevincək imarətə qayıtdı, molla qorxudan əsməyə başladı.

O, qarını dustaqxanaya saldırandan sonra imarətə yiyələnmişdi.

 Nurgünün ata-anasını görən kimi dili topuq vurdu. Ata onun istəklərindən xəbər tutan kimi apardı körpüyə, arxasına da bir təpik vurub çaya atdı. Molla qışqırıb yalvarmağa başladı. Nurgünün ona yazığı gəldi. Onu bağışladı və şərtlə xilas elədi ki, buralardan uzaqlaşsın.

  Beləliklə, kənd camaatının canı pis molladan qurtardı. Kəndə böyüklüyü isə verdilər qarıya. Qızıl toyuq sevindiyindən rəngli, bəzəkli bir yumurta yumurtladı. Bəzəkli yumurta çatladı, partladı, içərisindən rəngarəng, xoşbəxtlik noğulları çıxdı, ətrafa yayıldı, hamıya çatdı. Biz də öz payımızı yedik, nağılçıya dua edib, “sağ ol, Gülzar nənə!”, dedik!

Nağılçı: Gülzar İbrahimova