(nağıl)
Biri vardı, biri yoxdu, həm gözəl, həm də camaatı çox şən bir kənd vardı. Kəndin adı Şənkənd idi. Şənkənd camaatı bütün günü işləyər, şənlənər, mahnı oxuyar, deyib-gülərdi.
Bir gün kəndə yekəpər, eybəcər, bir kişi gəldi. O, yazıq-yazıq kəndin ağsaqqalına dedi:
- Möhtərəm ağsaqqal, başıma fəlakət gəlib. Zəlzələ olub, evim-eşiyim, torpaq altda qalıb. İcazə ver, bu kənddə özümə yurd salım!
- Hansı diyardan gəlmisən, kimlərdənsən? – Ağsaqqal soruşdu.
- Adım “Dağağa”dı. Qısaca mənə “Dağa” deyirlər. Amma məmləkətin adını deyə bilmirəm, dilim gəlmir! – Deyib o boyda kişi elə ağladı, elə ağladı...
Onu birtəhər sakitləşdirdilər. Ağsaqqal dedi:
- Yaşa bizimlə, sənin dərdin bizim dərdimizdir.
Həmin gündən Şənkənddən gülüş səsi kəsildi. Əvvəl-əvvəl camaat gülmürdü ki, gülsələr qərib adamın xətrinə dəyər. Onun ev-eşiyi dağılıb, bunlar isə sevinib-gülür. Get-gedə camaatın gülüş səsi az eşidildi.
Dağa meşəyə yaxın, dağın aşağısında, çaya yaxın yer seçib özünə ev tikməyə başladı. Dedilər:
- Düz yeri qoyub, dağda niyə ev tikirsən...
- Mən uzun illər mağarada yaşamışam, mağaraya öyrəşmişəm. Mağaraya dəmir darvaza qoyacağam, özümə ev edəcəyəm.
Bir başqası dedi:
- Çaya tez-tez sel gəlir, mağaranı su basar! Adını nahaq yerə Dəliçay qoymayıblar.
- Mən belə dəli çayları çox görmüşəm.
- Evinə Günəş düşməyəcək! – dedilər.
- Günəşi sevmirəm. Əsas odur ki, zəlzələ olsa ev salamat qalacaq!
Dağa heç kəsə qulaq asmayıb mağaranı düzəltdi, orda yaşamağa başladı.
Bəziləri danışırdı ki, Dağa tilsimlidi, kəndin gülüşünü aparıb. Bəziləri deyirdi Dağa divdi, gecələr ay işığında onun buynuzlarının kölgəsi görünür. Biri deyirdi, onu bir qoyunu birdəfəyə yeyəndə görüb. Hərə bir söz deyirdi. Kəndin böyüyü nədənsə, deyilənlərə inanmırdı.
Bir gün Dağa kəndin ağsaqqalının yanına gedib dedi:
- Gəlmişəm sizinlə halallaşıb çıxım-gedim başqa diyara.
- Nə baş verib ki?
- Bu gecə canavar on baş qoyunumu parçalayıb, məni müflis edib. Onları əziyyətlə topladığım pula almışdım. Mənim burda da bəxtim gətirmədi, çıxıb gedirəm!
Ağsaqqalın ona yazığı gəldi:
- Getmə, camaatı başa salaram, hərəmiz kömək edərik, sənə qoyun verərik.
Dağa minnətdarlıq edib qayıtdı. Əslində bu onun uydurduğu yalan idi. O, mağaranın gizli yerində tövlə düzəltmişdi, qoyunları orda gizlətmişdi.
Kənd camaatı onu hələ yaxşı tanımırdı. Ona görə də qoyunlarını Dağaya verdilər.
Bir bayram günü Şankəndin qızları meşəyə - şənlənməyə, çalıb-oynamağa gedirdi. Onlar şaydan keçəndə Dağanı gördülər. O, qoyunları otlağa buraxıb, özü isə kölgədə uzanıb yatmışdı.
Qızlar meşəyə çatan kimi əyləndilər, çalıb-oynadılar, gülüş səsləri aləmi bürüdü. Qızların arasında ən gözəli Ayçiçək idi. O, yeniyetmə yaşda idi. Qızılı saçları dizinə qədər idi. Ala gözləri işıq saçırdı. Al yanaqları qıpqırmızı idi. Özü də elə rəqs edirdi, baxan heyran olurdu. Toyda oynayanda el tamaşaya gələrdi. Meşədə də ən qəşəng rəqs edən Ayçiçək oldu.
Qızlar Günəş batana qədər çalıb-oynadılar. Sonra gizlənpaç oynadılar. Elə birinci oyundan peşman oldular. Bütün gizlənənlər tapıldı, Ayçiçəkdən başqa.
- Ayçiçək, hardasan, Ayçiçək, - nə qədər haylasalar da, axtarsalar da, ağlasalar da, qızdan xəbər çıxmadı. Kor-peşman kəndə qayıdanda gördülər Dağa yenə yatıb. Oyadıb sorudular:
- Dağa, Ayçiçəyi görməmisən? O, körpüdən keçməyib?
- Yox, məni niyə ona görə yuxudan oyadırsız?
- İtirmişik onu, nigaranıq, ona görə soruşuruq.
- Uşaq-zaddı itsin. Yekə qızdır, harda olsa gələcək!
- Təki elə olsun!
- Qızlar gedəndə Dağa onları arxadan səslədi:
- Kiminsə yalığı düşdü çaya!
Qızlar dönüb çaya baxanda orda Ayçiçəyin oynayanda belinə bağladığı sarı yaylığı görüb qışqırdılar:
- Yaylıq Ayçiçəyindir! - deyib yaylığın ardınca qaçdılar. Amma Dəliçay bir anda yaylığı onlardan uzaqlaşdırdı. Qızlar:
- Aman, Ayçiçək çaya düşüb, - deyib daha da bərkdən ağladılar. Kəndə qayıdıb əhvalatı camaata danışdılar. Hamı elə bildi ki, Ayçiçəyi çay aparıb. Onun öldüyünü zənn edib, yas saxladılar.
Hamı Ayçiçəyin ölümünə inandı, qızın dostu Daşdəmirdən başqa. Daşdəmir Dağanın yanına gəlib ondan soruşdu:
- Bir sualım var sənə, Dağa.
- Nə sualın?
- Necə olur ki, qızlar körpüdən keçəndə sarı yaylığı görmədi, sən yuxulu-yuxulu sarı yaylığı gördün?
- Nə demək istəyirsən? Deyəsən başın bədəninə ağırlıq edir? Sən mənə şübhəli sual verirsən. Məni təqsirkar sayırsan? – Deyib Dağa hirslə Daşdəmirin boğazından tutub başını çaya salladı. Dağada div gücü vardı. O elə güclü idi ki, arıq, yeniyetmə oğlanın yekəpərə gücü çatmadı. Dağa onun başını o vaxta qədər suda saxladı, oğlan az qaldı boğulsun.
Yaxşı ki, bu vaxt Qaraca çoban gəlib çıxdı. Yoxsa Dağa oğlanı bəlkə də boğub öldürəcəkdi. Dağa çobanları görən kimi oğlanı buraxıb güldü:
- Ha, ha, ha! Biz zarafat edirdik! – dedi.
Daşdəmir özünə gələn kimi arxadan var-gücü ilə Dağanı çaya itələyib dedi:
- Mən də zarafat edirəm, get sərinlə bir az, yaman istidir!
Çobanlardan biri dedi:
- Heç birinizin zarafatı xoşagələn deyil. Bundan sonra zarafat edəndə gülməli bir şey fikirləşin.
Daşdəmir indi başa düşdü ki, Dağa sirr açılmasın deyə, onu çayda boğmaq istəyirdi. Ayçiçəyin yoxa çıxmasından Dağanın mütləq xəbəri var idi.
- Mən bu sirri açmalıyam! – Daşdəmir ürəyində belə deyib, qaçıb getdi.
Axşamçağı bir qoyun dərisi tapıb gəldi Dağanin evinin yanında gizləndi. Dağa heyvanları otlaqdan gətirirdi. O, dəmir darvazanı açdı, heyvanları içəri qatanda, qoyun dərisinə bürünmüş Daşdəmir fürsət düşən kimi qaçıb qoyunlara qarışdı. Daga qoyunları yerbəyer eləyəndən sonra darvazanı kilidlədi.
Daşdəmir qoyunların arasında, birdən tövlənin qapısı açıldı, Ayçiçək heyvanların qabına su tökdü. Daşdəmir istədi qızı çağırsın, bu vaxt Dağa gəlib qıza dedi:
- Bu gün heyvanlardan birini kəsəcəyəm, amma onu diri bişir! Dünənki kimi doğrama, yoxsa hamısını özünə yedirdəcəyəm, partlayıb öləcəksən.
Ayçiçək qorxa-qorxa dedi:
- Qoyun ağır olur, onu qaldırıb təndirə qoya bilmirəm, ona görə doğramışdım!
- Kəsəndən sonra soyub ipə bağlaram, təndir alışan kimi ipin ucunu açıb yavaşca qoyunu təndirə sallayarsan.
- Yaxşı...
- Bir də axşam yeməyindən sonra mənim üçün rəqs eləməyi də unutma. Yoxsa Şənkəndinin camaatını elə günə qoyaram ağlamaqdan gözlərinin yaşı qalmaz. Şənkəndin adı dəyişər, Qəmkənd olar. Ha, ha, haaa...
Belə deyib güləndə Ayçiçəyi ağlamaq tutdu:
- Kəndimizin camaatına dəymə, nə iş desən görərəm.
- İndi məni yavaş-yavaş başa düşürsən, tanıyırsan. Yoxsa neçə gün əvvəl deyirdin çıxıb qaçacaqsan. Kənd camaatına xəbər verəcəksən, mən qorxulu divəm... İndi ağıllanmısan, olmusan ağıllı qız. Bilirsən ki mənə heç kimin gücü çatmaz. Mənim məmləkətimdə mənə “Div Dağa”, deyərdilər. Ha, ha, ha... Bu vaxta qədər “Div Dağa”nın bir sözünü iki eləyən olmayıb. Nə istəsəm onu da edərəm. İstəsəm bir günün içərisində kəndi yandııraram. Amma ikimiz sağ qalarıq. Çünki evimiz mağaradır, heç vaxt yanmaz. Ha, ha, ha... Şənkənddə yaşayandan mən də yaman şən olmuşam.
Ayçiçəyin ürəyi çiçək qədər kövrək idi. Amma Div Dağa onun kəndi haqda, kəndliləri haqda pis danışanda qız istəyirdi əlində qılınc olsun, Div Dağanı öldürüb, kənd camaatını iyrənc divdən xilas eləsin.
Ayçiçəyin rəqs eləməyini Div Dağa toyda görmüşdü. O, gözəl rəqs bacardığına görə onu çoxdan oğurlamaq istəyirdi. Amma əlinə fürsət düşmürdü.
Qızlar meşəyə gedəndə Dağa özünü yatmışlığa qoydu. Sonra kəsə yolla gedib qızlardan qabaq meşədə gizləndi. Gizlənpaç oynayanda Ayçiçək qaçıb bir ağacın oyuğunda gizləndi. Div Dağa da ona bihuşdarı verib qızı yatırtdı. Ağacın oyuğunun ağzını çörçöplərlə örtdü ki, görməsinlər.
Sonra gəldiyi yolla qayıdıb körpünün yanında “güya” yatdı. Qızlar Ayçiçəyin çayda boğulduğuna inansın deyə, sarı yaylığı çaya atıb, onu qızlara göstərdi. Sonra gecə ilə gedib Ayçiçəyi mağaraya gətirdi.
Ağçiçək ayılandan sonra nə qədər ağlasa da, Div Dağa rəhmə gəlmədi. Div bilirdi ki, Ayçiçək kəndinin camaatını çox sevir, qızı belə hədələyirdi:
- Sözümə qulas asıb, işlərimi görməsən, mağaradan çıxanda görəcəksən kənd yanıb, külü göyə sovrulub.
Qız qorxusundan divin tapşırdıqlarını yerinə yetirib, iş görməyə, yemək bişirməyə başladi.
İndi də Daşdəmir səssiz durub qoyunların içərisindən Divə baxırdı. Div Dağa qoyun kəsmək üçün bıçaq gətirməyə gedəndə Ayçiçək səs eşitdi:
- Ayçiçək, Ayçiçək!
Qız diqqətlə baxanda ağ dəriyə bürünmüş Daşdəmiri tanıdı. Sevindiyindən qışqırmaq istədi. Dostu onu xilas eləməyə gəmişdi.
Div Dağanın addım səsi gələn kimi, Daşdəmir yenə gizləndi. Ayçiçək qorxudan dedi:
- Qara qoyunun əti dadlı olur, qara qoyun kəsək!
- Sənin üçün fərqi nədi, onsuz da yemirsən!
- Yox, bu dəfə mən də yeyəcəyəm!
Div Dağa qara qoyunu kəsdi, soydu, qoydu təndirin üstünə. Div Daga qoyunu bağladı ipə, təndirin üstündən asdı ki, Ayçiçək onu təndirə sallayıb diri bişirsin. Sonra dedi:
- Yatıram. Div yuxusu möhkəm olur, amma acam, ac olanda çox yata bilmirəm. Yemək hazır olanda de!
- Baş üstə! – deyib, Ayçiçək o gedən kimi başına gələnləri Daşdəmirə danışdı. Oğlan ona ürək-dirək verdi:
- Darıxma, səni xilas eləyəcəyəm!
- Nahaq yerə mənə görə özünü bəlaya salmısan, Daşdəmir! Bu elə qorxulu, bədheybət divdir ki, səni məhv edəcək, heç kəs pisliyindən xəbər tutmayacaq.
- Divə hiylə quraq!
- Sən fikirləş, mən təndiri qalayım. Bir azdan divin yemək vaxtıdır, gələcək qızarmış qoyun yesin. Yemək hazır olmasa, hirslənəcək. Mən isə hələ qoyunu bişməyə qoymamışam. O çox hiyləgərdir, yaxşısı budur, qoyunların yanından aralanma, səni görər. Səhər yenə qoyunlarla birgə çıxarsan bayıra.
- Mən fikirləşim-görüm neyləmək olar...
Ayçiçək təndirə çoxlu odun qoydu ki, ocaq tez alışsın, qoyun tez bişsin.
Daşdəmir qızı xilas etmək üçün yol axtaranda yerdə böyük daş gördü. Onu yumbalada-yumbalada təndirin yanına gətirdi.
Ayçiçək Daşdəmirin nə etmək istədiyini başa düşdü. Köməkləşib daşı kəndirlə möhkəm sarıdılar. Sonra da iplə çəkib təndirin üstündən asdılar. Daşdəmir gizləndi. Ayçiçək divardakı məşəli söndürdü ki, Div Dağa yuxarıda asılan daşı görməsin. Ətraf təndirin alovundan qıpqırmızı olmuşdu. Qız ətdən bir parça odun üstünə atdı. Sonra da var gücü ilə qapını döyüb dedi:
- Yemək hazırdır, gələ bilərsən!
Azca keçmişdi, Div Dağa gələndə qızarmış ət iyi mağaraya yayılmışdı. Div Dağanın ağzı sulandı:
- Nə dadlı qoxu gəlir, - deyib əyildi qoyuna baxsın. Bu vaxt Daşdəmir gizləndiyi yerdən çıxdı, baltanı vurub ipi kəsdi. İpə bağlanmış daş Div Dağanın başına düşdü.
- Vay başım! – deyib Div Dağa nərə çəkib təndirə yıxıldı. Bu vaxt Divin üz-gözü yandı, buynuzları da göründü, əsl div olduğu aşkara çıxdı.
Ayçiçək açarı tez götürdü, qıfılı açdılar, bayıra qaçdılar.
Gecə ilə kənd camaatı ayağa qalxdı. Məşəllər yandırıldı. Div Dağanın mağarasını yerlə-yeksan elədilər. Onun buynuzları təndirdə yananda, tilsimi sındı, balacalaşdı oldu adi adam. Camaatın qorxusundsn kənddən çıxıb elə qaçdı ki, daha onu görən olmadı.
Mağaradan o qədər var-dövlət çıxdı, Şənkənd camaatının hamısına çatdı. Bizə də Şənkənddən nağıl payı düşdü. Nağılımız döndü oldu noğul, balalar yedi, ağızları şirin oldu.
Nağılçı: Gülzar İbrahimova