Dəniz divi və Dəli Domrul

(nağıl)

   Bir Dəli Domrul vardı. O nənəsi ilə yaşayırdı. Yeniyetmə oğlan idi, amma həmişə, hər şeydən qorxardı. İşə-gücə getməz, iş-güc bilməzdi. Səs gələr, diksinər, gecə yatanda cırcırama səsindən vahimələnər, qaçıb nənəsinin yorğanının altına girərdi. Uşaq yaşından elə adətkarda idı ki, nənəsinin tummanından yapışar, hara getsəydi eləcə gedərdi. Bütün günü nənəsini hirsləndirər, deyindirər, çərrədərdi. Elə ona görə də hamı ona Domrul yox, Dəli Domrul deyirdi.

   Amma nənəsi hər yanda “Mənim nəvəmdən bir dənədi!”, deyib onu tərifləyərdi. Domrulun əlindən dalaşmaqdan başqa heç nə gəlməzdi. Dalaşan kimi də döyülər, bir yana çəkilib deyinərdi.  

   Onların koması düz dənizin sahilində olsa da, nənə o qədər Domrulu qorxutmuşdu ki, Domrul üzə də bilmirdi:

   Suya girmə, soyuq olar. Uzağa getmə, ya batarsan, ya da yekə balıq səni udar.

Buna görə Domrul çox vaxt suya yaxın düşmürdü.

  Bir gün xəbər yayıldı ki, xan qızı qırx incəbel qızla dəniz kənarına dincəlməyə, çimməyə gəlir. Onun yaxınlığında heç kəs olmasın.

  Elə ki qızlar sahilə gəldilər, dənizə girdilər, Dəli  Domrul eləmədi tənbəllik, çıxdı ağaca, gizlincə onlara baxmağa başladı. Nənə bunu görüb hirsləndi:

   A gədə, başın sənə ağırlıq edir? Xan bilsə, qızı dənizə gələndə ona baxmısan, səni gün işığına həsrət qoyar!

    Ay nənə, nə olasıdı, donnan çimirlər, qoy baxım!

  Nənə xanın qorxusundan Dəli Domrulu nar çubuğu ilə kötəkləyib komaya saldı. Başına da bir küp keçirtdi ki, qızlar gedənə qədər heç nə görməsin. Özü isə taxtın üstündə uzandı.

    Dəli Domrul bir az sakit otursa da, birdən başına bir fikir gəldi. Qızlara baxmaq üçün başındakı küpü iki yerdən deşdi. Nənəsi görməsin deyə, taxtın yanından sürünə-sürünə həyətə çıxdı. Qumun üstü ilə sürünüb uzaqdan dənizə girdi. Sonra gizlincə qızlara baxmağa başladı.

    Elə təzəcə baxırdı, gördü dəniz silkələndi, göyün üzü tutuldu. Xan qızı Domrula baxıb elə qışqırdı, elə qışqırdı, elə bil onu ildırım vurdu. Domrul elə bildi ki, xan qızı onu görüb qorxdu. Amma daha bilmədi ki, arxasında qorxulu, vahiməli, tüklü, buynuzlu, nəhəng bir div var. Div adi div deyildi. O, Dəniz divi idi deyə, lap qorxulu idi. O, dənizin dibindəki Tilsimli qayada yaşayırdı. Qorxusundan heç bir canlı bu qayaya yaxın düşməzdi.

    Dəniz divi qızların səsinə gəlmişdi. Gəlmişdi qızlardan ən gözəlini oğurlayıb özünə qaravaş aparsın. O, əvvəl gizlincə göz qoydu gördü qızların içərisində ən gözəli elə xan qızıdı. Elə istəyirdi onu cumub onu tutsun, bu vaxt Dəli Domrul suyun altından çıxdı. Xan qızı da başında dolça olan oğlanı görüb qışqırdı. Qızlar qışqırışıb qaçışdılar. Div hirslə nərə çəkib Domrulun başından elə bir toppuz vurdu ki, oğlanın ağrıdan ağlı başından çıxdı. Özü də yumbalandı, getdi suyun dibinə.

  Div ağır-addımlarla irəlilədi ki, oğlanı öldürsün. Domrul elə bildi, onu vuran kimdisə, xan adamlarındandı. Özünü toparlayıb qalxdı ki, boğulmasın.

   Domrul divdən xəbərsiz, başını suda çıxardanda başı dəydi qarşısındakı yekəpər divin qarnına. Oğlanın başındakı küp qırılsa da, küpün ağzı hələ də boynunda qalmışdı. Üstündəki küp qırığı divin qarnını elə deşdi ki, Div yaralandığını görüb qorxdu, bir anda suya girib yoxa çıxdı.

    Dəli Domrul suda dəhşət içərisində qalmaqda olsun görək xan qızı neylədi...

Xan qızı olanları başa düşdüyü kimi xana danışdı:

Ata, çimdiyim yerdə bir div sudan çıxıb üstümə gəldi. Qorxdum, qışqırdım. Bu vaxt bir cavan pəhləvan peyda oldu, məni divin əlindən xilas elədi.  

Xan əmr etdi:

Hardadısa, axtarıb-tapın, o cavanı yanıma gətirin, gözümün ağı-qarası yeganə qızımı xilas elədiyinə görə ona malikanə bəxşiş edəcəyəm!

Xanın sözü ilə Domrulu axtarmaqda olsunlar, Dəli Domrul da suda qalmaqda olsun, görək Div neylədi?

Div dənizin dibindəki malikanəsinə qayıdan kimi qulluqçusunu yanına çağırıb yarasına məlhəm qoydurdu. Qulluqçu çox gözəl bir su pərisi idi. O, Dəniz sultanının qızı idi. Neçə illər idi ki, Dəniz divi onu əsir tutmuş, yanında saxlayıb qul kimi işlədirdi. Pəri nə qədər yalvarırdı, ağlayırdı, divin ona yazığı gəlmirdi. Pəri divin yaralandığını görüb soruşdu:

Div, səni bu hala kim salıb?

Bəni adəm! Yarama məlhəm qoy sağalım, gedib ondan mütləq intiqam alacağam!

Pəri divin yarasına məlhəm qoyan kimi div bərk yuxuya getdi. İndi gəlin divi yuxuda qoyaq, qayıdaq suyun üzünə görək, Domrul necə oldu?

Dəli Domrul elə istəyirdi sudan çıxsın, bu vaxt suyun içərisindən yarıbalıq, yarıinsan, qəribə məxluqlar çıxdı. Onların başlarında qızılı pulcuqlardan qəribə dəbilqələr vardı. Qəribə məxluqlar Domrulun başına tor atıb onu tutdular. Bir anda gözlərini bağladılar. Sonra suyun dibi ilə sürətlə üzüb onu uzaq bir yerə apardılar. Domrul gözlərini açanda özünü böyük bir sualtı sarayda gördü. Taxtda su sultanı əyləşmişdi. Lap nağıllarda olduğu kimi. Ona dedilər:

Sən Dəniz sarayında, Dəniz sultanının hüzurundasan! Baş əy sultana!

Domrul tez sultana baş əydi. Amma Sultan yerindən qalxıb özü Domrulun qarşısında diz çoküb dedi:

Yox oğlan, diz çökmə qarşımda! Sən illərlə Dəniz səltənətinə zülm edən, qan udduran, qızımı əsir götürmüş Dəniz divini yaralamısan. Bu vaxta qədər heç kəsin ona gücü çatmamışdı. Mənim səndən bir xahişim var ki, nə olur-olsun, yeganə qızımı onun əlindən xilas edəsən. 

Belə deyib Dəniz sultanı hönkür çəkib ağladı. Domrul divdən elə qorxurdu, elə qorxurdu... Amma sultanın balasına görə ağlamağı ürəyini yumşaltdı. Sultanın ümidini qırmaq istəmədi:

Bacardığımı etməyə hazıram. Təki qızını divin əlindən xilas edim. Amma möhtərəm Sultan! Mən dediyiniz qədər güclü deyiləm! Bilmirəm bu işin öhdəsindən gələ bilərəm, yoxsa yox!

Gələrsən, - deyib Sultan tez bayaqkı qaravaşlara əmr elədi. Onlar bu dəfə Domrulu lap uzağa - Divin mağarasına apardılar. Onu yerə qoyub geri döndülər. Domrulun başqa yolu qalmadı. Qorxsa da, neyləyə bilərdi?

Mağaraya girib gördü bura elə bir yerdir ki, divarlar qiymətli, par-par alışıb yanan mərmərdəndir. Mağaranın yuxarısı dəniz çiçəkləri ilə bəzədilib.

Divin başı üstündə bir gözəl pəri dayanıb ki, gözəlliyi göz qamaşdırır. Saçları boyundan uzun, gözləri göyün-göyündən göy. Dili baldan şirin:

Ey cavan! Nə hədd ilə Dəniz divinin malikanəsinə qədəm qoymusan? Oyansa, səni burda görsə, cavan canına qıymayacaq, səni öldürəcək. Səni gələn görüb onu oyatmasam, məni öldürəcək.

Divi öldürüb səni xilas eləməliyəm, başqa yolum yoxdu. – Belə deyib Domrul başına gələnləri qıza danışdı. Amma qızın gözəlliyindən utandı desin ki, “Qorxudan dizlərim tir-tir titrəyir!”. Pəri gördü ki, oğlan çox cürətlidir, xoşu gəldi, dedi:

Eşit oğlan. Görürəm çox güclü pəhləvansan. Amma nə qədər güclü olsan da divi öldürə bilməyəcəksən. O sehrlidir. Bu yerdə o baş- bu baş gəzən dəniz tısbağasını ki görürsən, div onun bel qapağının altında iki yumurta gizlədib. Nə qədər ki o yumurtalar sınmasa, div ölməyəcək! Divin canı o yumurtalardadır.

Dəli Domrul qızın yanında öyündü:

Mən belə şeyə inanmaram! Oyat divi, mən onunla vuruşacağam! – Dedi Dəli Domrul və vuruşmaq üçün boynundakı saxsı qabı çıxarıb əlinə aldı.

Amma nə qədər elədilər, div üç gün, üç gecə yatandan sonra oyandı. Oyanıb nə görsə yaxşıdı? Başı üstündə onu yaralayan düşməni!

Hirsindən-hikkəsindən bir nərə çəkdi, bir nərə çəkdi, bütün mağara silkələndi. Su pərisi qorxudan qaçıb divin yorğanının altında gizləndi. Dayanmadan ortada gəzən tısbağa vahimə içərisində arxasıüstə çevrildi.

Div Domrula möhkəm bir kəllə ilişdirdi. Domrul bu zərbədən uzağa yumbalandı. Amma əlindəki saxsı qab parçası necə divin başına dəydisə, divin başından qan açıldı. Domrul bildi ki, ömrünün axırıdı, daha dayanmayıb düz tullandı tısbağanın üstünə, onun belindəki yumurtaları götürüb bir-birinə çırpdını çıxardıb sındırdı. Bir anda Div öldü. Dəniz səltənəti tilsimdən qurtuldu, Su pərisi əsirlikdən azad oldu.

Su sultanı Domrula bir sandıq qaş-daş, qızıl verib quruya yola saldı. Elə ki Domrul evinə qayıtdı, nənə elə sevindi, elə sevindi, çalğısız filansız başladı oynamağa. Bir də gördülər o yandan da xan adamları gəlir. Xan qızını xilas elədiyinə görə ona o qədər qızıl gətirmişdilər, var dövlətin sayı hesabı yox idi. Xan qızını Domrula nişanladı. Onların dəniz qədər sevincləri, günəş boyda səadətləri oldu. Sevinclərindən, səadətlərindən hamının başına çilədilər. Bir damlası sənin başına düşdü, xoşbəxt oldun, bir damlası mənim başıma düşdü xoşbəxt oldum. Qoy bütün bu nağılı oxuyan balaların hamısı xoş bəxtli olsunlar.   

Nağılçı: Gülzar İbrahimova