Günəşlə göy qurşağı qardaşlarının söhbəti

Günəşlə göy qurşağı qardaşlarının söhbəti

(Nağıl)

Göy qurşağı qardaşlarının yeddi nağılı

Biri var idi, biri yox idi, bir yer var idi, bir də göy. Yerdə olanlardan sizə çox danışmışam, gəlin indi görək göylərdə nələr baş verir.

Bir gün göylər şahı olan Günəş, ulduzları, yeddi doğma qardaş olan göy qurşağını bir yerə yığıb onlara deyir:

-Müqəddəs Tanrımızın hökmünə görə bütün yeri, göyü Günəş işıqlandırmalı və qızdırmalıdır. Amma dünya get-gedə dəyişir. Yer od tutub yanır. İndi yerdən qalxan alovun istisi, Günəşin istisindən çoxdur. Yanğınların istisi göyə ucalır, tüstüsü göz çıxarır. Qırmızı, sarı rəngli alovlardan başqa yerdən yaşıl rəngli alov da qalxır. Bu onu göstərir ki, bəzi məmləkətlərdə adam da yandırırlar.

Hökmdarlar bir-birləri arasında müharibələr aparır, obalara od vurub yandırırlar. Bütün dünyaya heyvani bir hökmranlıq yayılıb. Güclülər gücsüzləri məhv edirlər. Gözlərini qan tutmuş bəzi hökmdarlar insan qırğınlarından yorulmurlar. Canlı adamlar tonqallarda diri-diri yandırılır. Min bir əziyyətlə əkib-becərilən taxıl zəmilərinə od vurulur, təbiətin illər boyu əkib-becərdiyi meşələr rəhmsizcəsinə yandırılır. Yerdən püskürən alov az qalır Günəşə çatsın. Yerdə olan haqsızlıqlar, qanlı müharibələr aman vermir ki, biz burda rahat qalaq. Mən bütün bunlara çarə etmək, qan-qadanı azaltmaq üçün yeddi göy qurşağı qardaşlarını yerə göndərmək istəyirəm.

Mənim rəngli oğullarım! Siz Yer səltənətinə gedib orada əmin-amanlıq yaratmalısınız. Öz mehribanlığınızdan yerdəkilərə də verməlisiniz ki, onlar bir-birləri ilə mehriban davransınlar. Hər yana ədalət toxumu səpməlisiniz.

Hərəniz bir ölkəyə gedin, orada qan tökülürsə, qarşısını alın. İnsanlar bir-birlərini qırırlarsa, qoymayın.

Xain, acgöz, tamahkar, riyakar, dünyaya ağalıq iddiasında olan adamların ürəkləri yuyulmalı, onlar bu pis naxoşluqdan sağalmalıdırlar. Həmin adamları bu çirkin əməllərdən çəkindirmək, azğınlaşmışları yoluna qoymaq üçün siz, əlinizdən gələni etməlisiniz.

Qardaşlar arasında ən böyük qardaş sayılan Göy rəng Günəşin qarşısında baş əyib dedi:

-Ey aləmi işıqlandıran, və isidən Günəş ana! Biz heç vaxt sənin sözündən çıxmamışıq. Bu gün də sənin dəyərli fikirlərinlə biz hamımız razıyıq. Yerdən qalxan müharibələrin, amansızlıqların qara tüstüləri göydə bizim də rəngimizi dəyişib. Mənim göy rəngim az qalır ki, boz rəngə çevrilsin. Mən və mənim qardaşlarım sənin bütün əmrlərini yerinə yetirməyə hazırıq, təki dünyamız öz rəngində qalsın.

Günəş razılıqla başını tərpətdi. Sonra üzünü Sehr ulduzuna tutub dedi:

-Sehr ulduzu! Bu gündən göy qurşağı qardaşlarının qiyafəsini dəyişib, insan qiyafəsinə çevirərsən. Onlara insan düşüncəsi, insan kamilliyi bəxş edib, yerə göndərərsən. Qardaşların hərəsini üstünü qara duman almış, qarmaqarışıqlıq olan bir məmləkətə göndər ki, orada nizam yaradıb, qan-qadanın qarşısını alsınlar.

Sehr ulduzu Günəşə «bəçeşm» deyərək, onun tapşırıqlarını yerinə yetirməyə başladı. Əvvəlcə qardaşları bir-birindən ayırıb, onları insan simasına saldı. Onlara insan dili, insan kamilliyi bəxş etdi.

Bundan sonra Sehr ulduzu göyün rəngində olan göy qurşağına Göyoğlan, sonrakı qardaşa Ağoğlan, qara rəngli göy qurşağına Qaraoğlan, qırmızı rəngli göy qurşağına Qırmız, yaşıl rəngli göy qurşağına Yaşılbaş, çəhrayı rəngli göy qurşağına Çəhray, axırıncı sarı rəngə isə Sarıoğlan adları qoydu. Sonra isə qardaşların hərəsini üstündə daha çox qara duman olan bir məmləkətə yolladı.

Gün keçdi, vədə tamam oldu, göy qurşağı qardaşları qayıdıb gəldilər. Onların görkəmi çox pis vəziyyətdə idi. Qardaşların rəngi solmuş, onlar əvvəlki kimi şölə saçmırdılar.

Günəş qardaşların başına gələnləri öyrənmək üçün birinci üzünü göylər oğlu Göyoğlana tutdu:

-Göyümüzün göy rəngi, ən gözəl göy qurşağı ! De görüm getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin belə bozardı? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?

Ardı var ...